Turanə
Azərbaycanda
Moskva Mədəniyyət Günləri keçiriləcək
Əbülfəs Qarayev: İşğal olunmuş ərazilərinə
YUNESKO missiyasının gəlməsi
ləngiyir
Dünən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Rusiya arasında mədəni əlaqələrinə həsr
olunmuş mətbuat konfransı keçirib. Nazir Moskvada Azərbaycan Mədəniyyət
Günlərinin uğurla
keçirildiyini deyib.
O, bu il oktyabrın ilk həftəsində isə
Azərbaycanda Moskva Mədəniyyət Günlərinin
keçiriləcəyini, hazırda
Moskvada tədbirlər
proqramının hazırlandığını
bildirib. Nazir Norvec səfərinin də müvəffəqiyyətlə
gerçəkləşdiyini, iki ölkə arasında muzey işi sahəsində bir sıra əməkdaşlıqların
həyata keçiriləcəyini
qeyd edib: “Norveclə muzey işi sahəsində əlaqələrin genişlənməsinin
tərəfdarıyıq. Artıq
ilkin danışıqlar
baş tutub və yaxın vaxtlarda qarşılıqlı
protokollar imzalanacaq. Bundan sonra muzey
işçilərimiz Norvecin
praktikasından istifadə
edə biləcək”.
Nazirin sözlərinə
görə, Azərbaycan
ilk dəfə olaraq Venesiyada keçiriləcək rəssamların
beynəlxalq festivalında
təmsil olunacaq. Festivalın iyulun 6-da keçiriləcəyini deyən
Ə.Qarayev burada müasir rəssamların avanqard əsərlərinin nümayiş
etdiriləcəyini vurğulayıb.
Mətbuat konfransında
nazir mədəniyyət
ocaqlarında aparılan
təmir işlərindən
də danışıb:
“Hazırda Heydər Əliyev adına Saray, Rus Dram
Teatrı, Gənc Tamaşaçılar Teatrı,
Kukla Teatrı, İncəsənət Muzeyində
əsaslı təmir
işləri aparılır.
Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı da təmir olunacaq”. Ə.
Qarayev Azərbaycan turizminin inkişafı üçün bir sıra layihələrin həyata keçirləcəyini
də qeyd edib. Nazirin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın turizm mütəxəssiləri
Çin, Dubay və Pakistana səfər edəcək.
Ə. Qarayev Azərbaycanın işğal
olunmuş ərazilərində
tarixi-mədəni abidələrin
məhv edilməsi ilə bağlı YUNESKO missiyasının aprelin sonu-mayın əvvəlində
gözlənilən səfəri
ilə bağlı da sualı cavablandırıb. Nazirin sözlərinə
görə, bununla bağlı YUNESKO-dan indiyə qədər heç bir rəsmi cavab gəlməyib.
Ə.Qarayev, həmçinin, bildirib ki, Azərbaycanda “İstiqlaliyyət” abidəsinin
hazırlanmasına və
muzeyin yaradılmasına
100 min dollar vəsait xərclənəcək. Nazir
layihənin həyata keçirilməsi üçün
elan olunan tenderin uğurla davam etdirildiyini və tanınmış mütəxəssislərin bu
layihədə iştirak
etmək istədiyini vurğulayıb: “İlk dəfədir ki, bir tender üçün
100 min dollar vəsait ayrılıb.
Tenderin nəticələri oktyabrda
məlum olacaq, qalib bu vəsaitlə
layihəni gerçəkləşdirəcək”.