Azərbaycanlı rəssamın əsərləri İzmirdə nümayiş etdirilir

 

İzmirdəki rəsm və heykəl muzeyində Şərəf Akdik adına salonda azərbaycanlı rəssam Vahid Novruzovun "İnsan və yaşam" mövzusunda sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə Vahid Novruzovun 47 ədəd yağlı boya tablosu nümayiş etdirilir. Türkiyənin sənət dairələri tərəfindən maraqla qarşılanan sərginin açılışında İzmir bələdiyyəsi qubernatorluğunun yüksək vəzifəli məmurları da iştirak edib. Açılış mərasimində APA-ya açıqlama verən V. Novruzov Türkiyədə üçüncü fərdi sərgisini açdığını deyib. V. Novruzov 20-dən artıq qrup sərgisində əsərlərinin nümayiş etdirildiyini, bir çox müsabiqədə iştirak edərək mükafatlar aldığını söyləyib.

Qeyd edib ki, 1964-cü ildə Tovuzda anadan olan V.Novruzov əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra isə Mədəniyyət İncəsənət Universitetini bitirib. 2000-ci ildə Türkiyə dövlətinin dəvəti ilə bu ölkəyə işləməyə gələn V.Novruzov 2000-ci ildən Çanaqqaladakı 18 Mart Universiteti incəsənət fakültəsinin müəllimidir. Əsərləri tez-tez auksionlarda satışa çıxarılan V.Novruzov işlədiyi şəhərdə özünün tədris atelyesini de yaradıb.

 

Xalq qəzeti.-2007.-19 aprel.-S.15.