Əliyev T.
Xalq
rəssamının yaradıcılığına layiqli
töhfə
Dəyərli
insanlar özlərindən sonra daha çox
xatırlanırlar. Yaxşı əməlləri yada
düşür, ağıllı
məsləhətlərinə ehtiyac duyulur. Əgər
beləsi yaradıcı adamdırsa, ona maraq daha çox olur,
cəmiyyətin aparıcı qüvvəsinə
çevrilir. İstər-istəməz
düşünürsən: o sənətkarlar
xoşbəxtdir ki, dünyalarını
dəyişəndən sonra da yaddan çıxmır, daim
xoş hisslərlə xatırlanır,
yaradıcılıqları neçə-neçə
tədqiqat əsərinin, sərgilərin mövzusuna
çevrilir.
Azərbaycanın xalq rəssamı Hüseyn Əliyev belə
sənətkarlardandır. O, artıq 17 ildir ki, aramızda
yoxdur. Cismani ayrılıq onun övladlarını,
qohum-əqrəbasını nə qədər
ağrıdırsa, xalqın Hüseyn Əliyev
yaradıcılığına olan marağının
ildən-ilə artması onlara böyük təsəlli
verir, iftixar, qürur hissi gətirir. Hüseyn Əliyev əsl
vətəndaş ömrü yaşayıb. Əmək
fəaliyyəti yalnız bir ünvanda keçib. Düz 52 il
“Kommunist” qəzetində (“Xalq qəzeti”) rəssam
işləyib, tərtibat şöbəsinə
rəhbərlik edib. Ailə səadətini də redaksiyada
tapıb. Qəzetin əməkdaşı Ruqiyyə xanımla
ailə quraraq, iki oğul və iki qız atası olub.
Övladlarını Vətənə, cəmiyyətə
layiqli vətəndaş kimi tərbiyə edib. Ali təhsilli
həmin övladlar indi xalqa layiqincə xidmət edir,
valideynlərinin adına şərəf gətirən
işlər görürlər.
Sağlığında özünü reklam etdirməyi
xoşlamayan Hüseyn Əliyevin əsərləri respublika,
İttifaq və beynəlxalq sərgilərdə az-az
görünərdi. Onun tabloları sənətkar
ömrünün mənasına çevrilsə də,
yaratdığı plakat, portret və təbiət
təsvirlərini geniş tamaşaçı auditoriyası
az hallarda görürdü. Bu isə yalnız və yalnız
onun təvazökarlığının
təcəssümü idi.
Yaradıcılığının ilk illərində, daha
dəqiq desək, 1938-ci ildə çəkdiyi Mirzə
Fətəli Axundovun portretinə görə Hüseyn
Əliyev İncəsənət Komitəsinin keçirdiyi
müsabiqədə birinci yeri tutmuş və 3000 manat pul
mükafatı almışdı. 1944-cü ildə isə Göyçay
çayının üzərindən salınan
körpünün inşaatçılarına həsr etdiyi
silsilə rəsm əsərləri
sənətsevərlərin böyük marağına səbəb
olmuşdu. O, bu uğurları ilə öyünməmiş,
əksinə, öz bacarıq və qabiliyyətini artırmaq
üçün daha səylə çalışmışdır.
Yeni dünya quran insanların yaratmaq əzmi, gənclərin
sadə və təmiz duyğuları, vətənin
təkrarsız mənzərələri rəssamı daim
düşündürən və ona ilham verən mövzular
olub. Onun rəngli boya ilə yaratdığı təbiət
təsvirləri, portretlər və natürmortlar sənət
çiçəklərindən hörülmüş
çələngi xatırladır. Rəssamın
əsərlərində Azərbaycan təbiətinin
gözəlliyi ilə insanın vüqarı,
mənəviyyatı, ən müqəddəs hissləri
bir-biri ilə vəhdət təşkil edir, rəssamın
poetik duyğularının tərənnümünə
çevrilir. Fırça ustalarına məlumdur ki, sulu boya
ilə işləmək nə qədər çətindir.
Hüseyn Əliyev bu sahədə də xüsusi uğurlar
qazanıb.
İstedadlı rəssam 1973-cü ildə Göy göldə
olarkən çəkdiyi lövhələrdə
təbiətin gözəlliyini rənglərin dilinə
çox ustalıqla çevirmişdir. Həmin
mənzərələr rəssamın tablolarında
təbiətin donmuş bir parçası kimi qalmır,
onlarda insan görünməsə də, onun əməyi,
sevinci bərəkətli torpağa, enişli-yoxuşlu
dağ yollarına, yaşıl meşələrə həkk
olunmuşdur. Rəssamın lirik mənzərə
əsərlərində kompozisiya bütövlüyü,
kolorit və rənglərin vəhdəti
tamaşaçının diqqətini ilk baxışdan
cəlb edir.
Hüseyn Əliyev Azərbaycanı, onun dilbər
guşələrini çox sevirdi və istəyirdi ki, bu
gözəllikləri hamı görsün. Onun “Göy
göl” mənzərələri silsiləsindən
fotoaçıqca dəstinə daxil edilmiş
əsərləri tamaşaçını təbiətin bu
əsrarəngiz gözəli ilə bir daha
görüşdürür. Həmin fotoaçıqca
dəstindən birini fotomüxbir Cahangir İbadova
bağışlayan rəssam titul vərəqində bu
sözləri yazmışdı: “Çox sağ ol ki,
qəzetimizdə Azərbaycanın zəngin təbiətini
əks etdirən şəkillər verirsən. Sənin
”Göy göl”dən çəkdiyin şəkil bu
fotoaçıqcanın yaranmasında əsas rol
oynamışdır”.
İllər bir-birini əvəzlədikcə, Hüseyn
Əliyevin yaradıcılığını xalqımız
daha yaxından izləmək imkanı əldə edir. Bu
işdə rəssamın nəvəsi, “Lider Media-Holdinq”
şirkətinin prezidenti Ədalət Əliyev xüsusi
fəallıq göstərir. O, babasının arxiv
sənədlərini, uzun illər boyu çəkdiyi tabloları
toplayaraq sistemləşdirmiş, sahmana salmışdır.
Ədalət müəllimin təşəbbüsü
ilə Mədəniyyət və Turizm Nazirliyi Hüseyn
Əliyevin Birləşmiş Ərəb Əmirliyində
sərgisini təşkil etmişdir. Sonradan həmin sərgi
Rəssamlar İttifaqının “Qız qalası”
qalereyasında nümayiş olunmuşdur.Bu günlərdə
isə yenə də həmin qalereyada Azərbaycanın xalq
rəssamı Hüseyn Əliyevin
yaradıcılığından bəhs edən yeni kitabın
təqdimatı və fırça ustasının
əsərlərindən ibarət sərginin
açılışı olmuşdur.
Ədalət Əliyevin yüksək zövqlə tərtib etdirdiyi
kitabda xalq rəssamının əsərlərinin
reproduksiyaları, habelə həyat və
yaradıcılığı ilə bağlı
fotoşəkillər toplanmışdır. Bu kitab xalq
rəssamının yaradıcılıq yolunu
izləməyə, əsərləri barədə dolğun
təsəvvür almağa imkan verir.
Təqdimat mərasimində çıxış edən
Rəssamlar İttifaqının sədri, xalq rəssamı
Fərhad Xəlilov, AMEA-nın Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin
deputatı, professor Rafael Hüseynov, Rəssamlıq
Akademiyasının rektoru, xalq rəssamı, akademik
Ömər Eldarov tanınmış fırça ustası
Hüseyn Əliyevin yaradıcılığından
danışmış, onunla bağlı xatirələrini
söyləmişlər. Bildirilmişdir ki, Hüseyn
Əliyev doğma təbiətin vurğunu idi və onun
Azərbaycanın, demək olar ki, bütün
bölgələrinə səyahətləri zamanı
yaratdığı hər bir peyzaj bitkin kompozisiya olmaqla
bərabər respublikamızın füsunkar
gözəlliyinin poetik ifadəsidir.
Ustad sənətkarlar xalq rəssamının Azərbaycan
təbiətinə özünəməxsus
baxışını, əsərlərində milli koloritin
qabarıqlığını, gənc nəsildə
Vətənə, doğma təbiətə məhəbbət
hisslərinin tərbiyəsində əhəmiyyətli rol
oynadığını xüsusi vurğulamışlar.
Rəssamın oğlu Nazim Əliyev atası haqqında deyilən
xoş sözlərə görə mərasim
iştirakçılarına təşəkkürünü
bildirmişdir.
Sərgidə xalq rəssamının müxtəlif
illərdə boyakarlıq janrında çəkdiyi 30-dan
artıq əsər nümayiş etdirilir.
Xalq qəzeti.-2007.-22 aprel.-S.6.