Beş
rəssamın bir sərgisi
Leyla Axundzadə: "Bu rəssamları incəsənətə
fanatikcəsinə vurğunluq
birləşdirir"
Muzey Mərkəzinin
sərgi qalereyasında
Mədəniyyət və
Turizm Nazirliyi və Yaradıcı Təşkilatlar Assosiasiyasının
birgə təşkilatçılığı
ilə Vüqar Muradovun, Mahmud Rüstəmovun, Nairə Rüstəmovanın, Teymur
Rüstəmovun və
Niyaz Nəcəfovun əsərlərindən ibarət
"5+" adlı sərgi
açılıb. Hər rəssama
əsərlərini nümayiş
etdirmək üçün
bir böyük zal ayrılıb. Bir neçə rəssamın əsərlərinin
birgə nümayişi
və sərginin bu cür adlanması
ideyası sərginin kuratoru, sənətşünas
Leyla Axundzadəyə
məxsusdur. Rəssamların
əsərləri nəfis
tərtibatla bir kataloqda toplanıb, fərdi əsərlərdən
ibarət açıqcalar
da bu sıradandır.
Bütün çap işlərinin maliyyə xərclərini Mədəniyyət
və Turizm Nazirliyi çəkib.
Vüqar Muradov Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini
bitirib. 2004-cü ildə
Fransanın MANA şirkətinin
"Gözləmə" filmində əsərləri
nümayiş etdirilib.
Həmçinin Hollandiyanın şirkətlərindən
biri ilə yaradıcılıq əlaqələri
qurub. İndiyə kimi Cenevrədə ("Qobustandan yol gələn naxışlar"),
Bakıda, Fransa Mədəniyyət Mərkəzində
(fərdi sərgi), Lüksemburqda və Parisdə ("Zamanın tanınmış gənc
rəssamları"), Moskvada
("MDB ölkələrinin gənc
rəssamlarının sərgisi")
sərgiləri olub. Sənətşünas L.Axundzadənin
fikrincə, sərgidə
əsərləri nümayiş
olunan rəssamları
bir əsas səciyyəvi cəhət
- incəsənətə fanatikcəsinə
vurğunluq birləşdirir.
Vüqar Muradovun əsərləri haqqında
fikri belədir:
"O, mükəmməl kolorit
ustasıdır, əsərlərinin
əsas personajı rəngdir. Hər rəssam rəngdən onun qədər cəsarətlə istifadə
edə bilmir. Reallığın sadə
fraqmentləri - ağaclar,
adsız simalar və fiqurlar, əbədi qalmaq istəyi işıqlı
və təmiz bir aləm yaradır".
Rəssamın "Gündüz. Mürgü" əsərində
insan sifəti başdan-başa demək olar, sarı rəngdə təsvir olunub. Portret janrında çəkilmiş
əsərdə insanın
sifətinin rəmzləşdirilməsi
əsasdır. Lakin maraqlıdır ki, rəssam bizimlə söhbətində əsərlərinin
janrını, mahiyyətini
ifadə etməkdə
çətinlik çəkdiyini
bildirdi. O, əsərlərin
ideyasının, janrının
açımında mütəxəssis
fikrinə həmişə
ehtiyac duyduğunu dedi. Həmçinin onun "Çılpaq qadın və boş qab", "Aylı üz", "Kədər", "Afrikalı
qadın" və başqa əsərlərində
insan halının müxtəlif məqamları
özünəməxsus görümündə
ifadəsini tapıb.
Mahmud Rüstəmov Rəssamlıq Məktəbində
və İncəsənət
Universitetinin heykəltəraşlıq
fakültəsində təhsil
alıb. 2000-ci ildə
Bakıda "İlin
ən yaxşı heykəltəraşı" nominantı
olub. Bu vaxta kimi 5 sərgidə
iştirak edib, mükafatlar alıb. "Dəvə" mövzusunda
yaratdığı əsərdə
dəvənin qoşa
hürgüclüyü ənənəvi
formada yox, iki şiş uclu təkin göstərilib. L.Axundzadənin
fikrincə, heykəltəraş,
rəngkar, qrafik Mahmud Rüstəmov yaradıcılığının bütün istiqamətlərində
eyni dərəcədə
maraqlıdır: "Reallıq
və irreallığın,
maddi və zərif intellektuallığın,
ilahi və demonik başlanğıcın
paradoksal və məchul sintezi onun yaradıcılığının
əsas məzmununu təşkil edir".
Sözügedən sərgidə yeganə qadın rəssam olaraq Nairə Rüstəmovanın
da əsərləri sərgilənir. O, İncəsənət
Universitetinin moda fakültəsini bitirib, Londonda Evendin Kollecində təhsil alıb. İndiyə kimi 5 sərgidə
iştirak edib. Nairə xanım əsasən impressionizm və ekspressionizm janrlarında çəkdiyini bildirir.
Çox zaman onun əsərlərində
sözügedən janrların
sərhədlərini aşmaq
cəhdləri və reallığı da hiss olunur. Bu baxımdan
onun realizm yönündə çəkdikləri
də maraqlıdır.
"6 bahar ağacı"
impressionizm janrında
çəkilib. Bu əsərdə 6 ağacın
hər birinin özünün dünyaya
oxşarlığı ideyası
ifadə olunub. Rəssam bu və ya
digər ideyanın çox zaman sövq-təbii olaraq ağlına gəldiyini, lakin hər hansı bir işin üzərində
uzun müddət işlədiyini bildirir.
Əvvəllər çox
az sayda
əsərlər çəkirmiş.
Elə ki, sənətdə püxtələşmə yaranır,
Nairə xanım artıq ardıcıl şəkildə çəkməyə
başlayır. O, rənglərdən
bol istifadə edir. Dediyinə görə, hər
bir əsərin çəkilməsi çoxlu
maliyyə vəsaiti tələb edir. Ötən müddətdə Nairə
xanımın əsərlərindən
bir xeylisi satılıb. Son 3 il ərzində o, 200
əsər çəkib.
Heç
də təsadüfi deyil ki, bu
əsərlərin əksəriyyətinin
ölçüsü böyükdür.
"Yeddinci gün" əsərini rəssam bir filmin təsiri
ilə çəkib. Təsvir edilən
dörd rəqqas daun xəstəsi olsalar da, onların
özlərinə məxsus
dünyalarını, aqibətləri
ilə barışmamaq
keyfiyyətlərini rəssam
göstərməyə çalışıb.
"Leyla. Əkizlər" əsəri realizm janrındadır.
"Qızıl
Həmçinin sərgidə
Teymur Rüstəmovun
əsərləri də
nümayiş etdirilir. O, Gürcüstan
Rəssamlıq Akademiyasını,
SSRİ Rəssamlıq Akademiyasını
bitirib. Bu vaxta
kimi 4 sərgidə iştirak edib. Yaradıcılığı haqqında
rəssamın qənaəti
belədir: "Sərgimin
konsepsiyası işlərim
vasitəsilə tamaşaçılara
təsir etmək, onları sevinc, kədər, qorxu, vahimə, məyyusluq və ya heyranlıq
hiss etməyə məcbur
etməkdir". Onun yaradıcılığı haqqında
Leyla xanımın qənaəti isə belədir: "İntellektuallıq
və fikir konkretliyi, kompozisiya aydınlığı onun
bədii üslubunun əsas komponentləridir. Onun abstrak kompozisiyaları gözəldir və dərin mətnaltı məzmuna malikdir. Heykəltəraşın fiqurativ və
abstrakt əsərləri
harmonikliyi ilə seçilir".
Rəssam Niyaz Nəcəfov 2004-cü ildən
"azad rəssamdır". Bu vaxta kimi 6 sərgidə
iştirak edib. Onun devizi belədir:
"Azadlıqdan gələn
incəsənət, incəsənətdən
azadlığa doğru".
Və sonda Leyla xanımın onun yaradıcılığı
barədə fikirlərinə
diqqət yetirək:
"N.Nəcəfov "açıq
əsəblə" işləyən
rəssamdır. Boya və
kətanın olmadığı
vaxt onun həyatının ən ağır anıdır.
Rəssamın əsərlərinə baxarkən həyat və incəsənətin
sərhədlərinin harada
olduğunu anlaya bilmirsən. Əsərlərinin ekspressiv emosionallığı
sanki elektrik enerjisi vururmuş kimi insanı həyəcanlanmağa və
obrazlarının həyəcanını
bölüşməyə vadar edir".
Azərbaycan rəssamlarının hazırda dünyada məşhur olan rəssamlığın müxtəlif
cərəyanlarından bəhrələnməsi
açıq-aydın
sezilir. Bütün hallarda isə incəsənətin bütün
sahələri, eləcə
də rəssamlıq
insan dərdinə ən azı həyanlıq göstərməlidir.
Rəssam yalnız və yalnız həqiqət eşqi ilə yaratmalı və insanları həqiqətin işığına
çağırmalıdır.
Həqiqətin gözəl məzmunlu və gözəl biçimli təqdimatı günümüzün
bu çağında
zəruridir.
Xalq cəbhəsi.- 2007.- 13 aprel.- S.
15.