Məhəbbətoğlu
Q.
Güləbətin
itməkdə olan mədəniyyətimiz
“Hazırda mənim işlətdiyim
saplar əsl güləbətinin effektini
vermir. Lakin nə etməli?”
Güləbətin tikmə növüdür.
Onun ərsəyə gəlməsində tel halına salınmış
qızılı, gümüşü,
bürüncü güləbətin
adlı saplardan istifadə olunduğuna görə, o belə adlanır.
Vaxtilə bu tikmədən bəzi geyimlərin (arxalıq, araqçın, kütah),
o cümlədən məişət əşyalarının
(balış, örtük,
mütəkkə, pərdə
və sairə) bəzədilməsində geniş
istifadə olunub. Hazırda belə nümunələrə yalnız
muzeylərimizdə rast
gəlmək mümkündür.Təəssüf ki, indi bu tikmə
növü barədə
xanımlarımızın əksəriyyətinin məlumatı
belə yoxdur. Hər halda, bu günlərdə şəhərdə apardığımız
mini-sorğu belə nəticəyə gəlməyə
əsas verdi. Bu mənada güləbətini hazırda
itib-batmaqda olan tikmə növlərindən
biri hesab etmək olar.
“Bu sənəti yaşadanlardan kimsə varmı?” sorağı ilə axtarışlarımız,
nəhayət ki, öz bəhrəsini verdi. Onun sorağını
Bakının Qaradağ
rayonunun Ələt qəsəbəsindən aldıq.
Beləcə, Səbinə xanım
Adilova ilə onun kitabxanaçı kimi çalışdığı
303 saylı əsas məktəbdə görüşdük.
Üç il öncə öz ixtisasını dəyişmək
məqsədilə (o,
10 ilə yaxın “N” saylı hərbi hissənin bağçasında
tərbiyəçi kimi
fəaliyyət göstərib)
Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidən Hazırlanması İnstitutuna
sənədlərini təqdim
edən Səbinə xanım bu təhsil
ocağının əmək
kabineti ilə tanış olarkən orada sərgilənən tikmə növləri arasında güləbətin
görməyib. Əmək
müəlliməsi Ruxsarə Ələkbərovanın
güləbətinin orta
məktəb proqramlarına
salındığı, lakin
bu tikmə növünün sirlərinə
vaqif olan müəllimlərin olmaması
barədə məlumat
verməsi Səbinə
xanımı təəccübləndirib.
Bu zaman fikir onu bir
qədər uzaqlara - tələbəlik illərinə
aparıb, Nəcib Qızlar Universitetinin tikmə kursunun müəlliməsi Anaxanım
Quliyevanın bu sözləri qulaqlarında
səslənib: “Qızlar,
mən sizə güləbətinin sirlərini
öyrədirəm. Çalışın,
siz də onu nəsildən-nəslə ötürün.
Unudulmaqda olan bu tikmə növünü
yaşadın”. Beləcə,
Səbinə xanım
bu təhsil ocağında təhsil almaqla yanaşı, güləbətinin də
sirlərini tədris etməyə başlayıb.
Səbinə xanımın
sözlərinə görə,
məhz bundan sonra o, güləbətinə
daha çox sevgi ilə yanaşmağa, onu, sözün həqiqi mənasında, yaşatmağa
çalışıb: “Artıq
30-a yaxın əl işim var. Onları may ayında hazırda çalışdığım orta məktəbdə sərgiləmək fikrindəyəm.
Zənnimcə, bu, sonradan paytaxtın sərgi salonlarının
birində düzənləyəcəyim
sərginin baş məşqi olacaq”. Səbinə xanım bizimlə söhbətində
bu tikmə növünün materialı
ilə bağlı qarşılaşdığı çətinliklərdən də
söz açdı:
“Əsas problem odur ki, bizim
ölkəmizdə güləbətin
sapına rast gəlmək mümkün
deyil. Onu yalnız İrandan gətirtmək mümkündür.
Elə o zamanlar da onu
oradan gətirirdilər.
Bu səbəbdən də mən adi qızılı saplardan istifadə etmək məcburiyyətindəyəm.
Təbii ki, hazırda mənim işlətdiyim saplar əsl güləbətinin
effektini vermir. Lakin nə etməli?
Bilirsinizmi, həmin sap necə olur?
Adi sapa bənzəyir. Lakin üzərində tel halına salınmış
qızılı zəncirvarı
sap da olur”.
Şair təbiətli
Səbinə xanım
söhbətinin sonunda
bildirdi ki, güləbətin bizim tarixi mədəniyyətimizin
bir atributudur. Bu tikmə növünü
yaşatmaqla biz həm də vaxtilə onunla məşğul olmuş ulu nənələrimizin də ruhlarını şad etmiş oluruq.
Zaman.-2007.-19-20 aprel.-S.8.