Dünyanın səkkizinci möcüzəsi
Şeyx Səfi xalısı
Uzaq 1962-ci ildə
mənə bir qrup gənc sovet jurnalisti ilə birgə
Böyük Britaniyaya səfər etmək nəsib olmuşdu.
Biz "Qardian", "Tayms", "Deyli teleqraf" kimi nüfuzlu
qəzetlərin redaksiyalarında, "Röyter" informasiya
agentliyində və əlbəttə ki, "Bi-Bi-Si"
teleradiokompaniyasında olmuşduq. Bu görüşlər
biz, gənc jurnalistlər üçün həddən
ziyadə maraqlı olmaqla yanaşı, həm də
təcrübə toplamaq baxımından çox xeyirli idi.
Səfər proqramımıza məşhur London muzeyləri
ilə tanışlıq da daxil idi. "Madam Tüsso"nun
mum fiqurları muzeyində, dahi şairlərimiz Nizami və
Füzulinin əlyazmalarının saxlanıldığı
London Kral kitabxanasında olduq. İngiltərənin Milli
muzeyində isə ilk dəfə olaraq Misir mumiyalarını
və sərdabələrini gördük. Ancaq məndə
ən böyük təəssüratı "Viktoriya və
Albert" muzeyi oyatdı. Nəhayət burada mənə
məşhur Ərdəbil xalısı "Şeyx
Səfi"ni görmək müvəffəq oldu. Bu
xalça barədə evimizdə valideynlərimdən
çox eşitmişdim. Etiraf edim ki, nazik şüşə
divarlarla əhatə olunmuş qutunun içərisinə
yerləşdirilmiş bu nəhəng xalça məndə
çox böyük təəssürat oyatdı.
Gözlərimə inana bilmirdim ki, dünyada bu
böyüklüyündə xalça ola bilər.
Azərbaycandan olduğumu bilən muzeyin
əməkdaşı xalçanın yaradılmasının
tarixi və onun göstəriciləri barədə məni
məlumatlandırdı. Dünyanın ən böyük
xalçasının eni 5 metr 34 sm, uzunluğu 10 metr 51 sm idi.
Xalçanın ümumi həcmi 56,12 kv.m. idi. Onu da deyim ki,
"Viktoriya və Albert" muzeyi Londonun ən zəngin
və iri muzeylərindəndir. 1852-ci ildə əsası
qoyulmuş muzeyə 47 il ötdükdən sonra kraliça
Viktoriya və şahzadə Albertin adı verilib. Burada
dünyanın müxtəlif guşələrindən 4
milyona yaxın eksponat toplanıb. Və muzey
əməkdaşının dediyinə görə,
bütün bu eksponatların arasında yalnız biri dünya
təcrübəsində çox az rast gəlinən
şərəfə – muzey tərəfindən əldə
edilməsinin 100 illiyinin təntənə ilə qeyd
edilməsinə layiq görülüb. Bəli, bu
Azərbaycanın "Şeyx Səfi"
xalçasıdır. Bu xalçanın tarixi barədə
indiyə qədər elmi ədəbiyyatda və mətbuatda
çoxsaylı yazılar dərc olunub. Xalçanın tarixi
ilə bağlı Azərbaycan xalçaçılıq
sənətinin patriarxı Lətif Kərimovla, eləcə
də bu sənətin digər ustadı Kamil Əliyevlə
maraqlı söhbətlərim olub. Materialın toplanması
prosesində Azərbaycan xalçaçılıq muzeyinin
direktoru Röya xanım Tağıyeva mənə maraqlı
məlumatlar verməklə yanaşı, "Şeyx
Səfi" xalçasının rəngli fotoşəkilini
də təqdim etdi. Xalçanın yaradılması
ideyası Azərbaycanın Səfəvilər
sülaləsinin əsasını qoymuş böyük
Şah İsmayıl Xətainin oğlu I Təhmasibə
məxsus olub. Onun bu xalçanın yaradılmasında
məqsədi ulu babası şeyx Əbu İshaq
Ərdəbillinin adını tarixin yaddaşına həkk
etdirmək olub. Mütəxəssislər güman edirlər
ki, o zaman tikilən məscid-türbə və
xalçanın yaradılması eyni vaxta təsadüf edib
və bir mərkəzdən idarə olunub.
Məscid-türbənin günbəzinin üstündəki
yazıların və miniatürlərin xalçanın
mərkəzindəki medalyonun naxışları ilə
bənzərliyi buna bariz sübutdur. Xalının
məşhur təbrizli ustad Maqsud Kaşeni
tərəfindən toxunması artıq dəqiq
müəyyən edilib. O, bu xalının yaradılmasına
iki il sərf edib və 1539-cu ildə işini
yekunlaşdırıb. Xalça koloritin rəngarəngliyi,
rəng çalarlarının müxtəlifliyi, qeyri-adi
zərifliyi ilə seçilir. Aşağı sağ
tərəfində xalını ərsəyə
gətirən ustad Hafizin misralarını
yerləşdirərək onun altında öz adını
həkk etdirib: "Müqəddəs yerin qulu Maqsud
Kaşeninin işi, 946-cı il". Bu
sözləri öz xalısında həkk etdirən
ustadın yəqin ağlına da gəlməzdi ki, onun
işinə sələfləri tərəfindən
"Dünyanın səkkizinci möcüzəsi" adı
veriləcək. İndiyə qədər
mütəxəssislərə bir sual rahatlıq vermir:
Bu qeyri-adi xalı Londona necə gedib çıxıb? Ən
geniş yayılmış versiyaya görə, "Şeyx
Səfi" xalısının yerləşdiyi mavzoleyin
baxıcıları bir ingilisin onlara təklif etdiyi külli
miqdarda pulun qabağında duruş gətirməyərək
onu satıblar. Bu versiya həqiqətə bənzəyir,
çünki həmin ərəfədə Mançester
ticarət firması "Ziqler və Ko"nun filialları
Təbrizdə öz fəaliyyətini gün-gündən
genişləndirirdi. Və bu firmanın
nümayəndəsinin də xalının qiyməti
barədə sorğu-sual etməsi xəbəri
yayılmışdı. 1843-cü ildə Ərdəbildə
olmuş səyyah U.R.Holmsun vətəninə
döndükdən sonra yazdığı "Xəzər
sahilləri haqda hekayətlər" kitabından:
"Səfəvilərin məscid-türbəsinin yerinə
döşənmiş xalının oxşarını mən
hələ indiyə qədər
görməmişəm". Hər halda, hər necə olsa
da 1891-ci ildə xalı müəmmalı şəkildə
məscid-türbədən yoxa çıxır. Muzeyin əməkdaşının dediyinə
görə, Londonda "Uikmor strit"də
yerləşən "Vinsent ənd K" ticarət
zalında 1892-ci ildə nümayiş etdirilmiş "Şeyx
Səfi" xalısı ingilis mətbuatında çox
geniş rezonans yaratmışdı. Həmin hərraclarda
"Viktoriya və Albert" muzeyinin əməkdaşları
da iştirak edirdilər. Hərraca
çıxarılmış xalça üçün start
qiyməti kimi o zaman üçün fantastik bir
məbləğ – 200 min funt sterlinq müəyyən
edilmişdi. Elə bu hərracda xalça
Almaniyadan gəlmiş mütəxəssislərin də
diqqətini özünə çəkmişdi. İngilis
muzeyində xalçanı əldə etmək
üçün tələb olunan vəsait yox idi, ancaq onlar
bir peşəkar kimi bu nadir eksponatı əldən buraxmaq
istəmirdilər. Və maliyyə
məsələsini həll etmək üçün o zaman
"Viktoriya və Albert" muzeyi ingilis ictimaiyyətinə
müraciət edərək, xalının xaricə
aparılmamasına yardım göstərməyi xahiş edir.
İngilislər bir qayda olaraq əbəs yerə pul
xərcləməyi sevməyən bir millət kimi
tanınsalar da çağırışa biganə qalmayaraq
bu məsələdə muzeylə həmrəylik
nümayiş etdirdilər. Sonda tələb olunan vəsait
toplandı və xalça "Viktoriya və Albert"
muzeyinin mülkiyyətinə keçdi. Və
elə o vaxtdan minlərlə insan "Şeyx Səfi"
xalısına baxmaq üçün bu muzeyə gəlir.
"Şeyx Səfi"nin muzeyin ekspozisiyalarının
fəxri olduğunu desəm zənnimcə yanılmaram.
Ümumiyyətlə, mən müxtəlif
ölkələrdə ezamiyyətlərdə olarkən
mütləq oradakı Milli muzeylərə də baş
çəkərdim. Məsələn, Nyu-York, Vaşinqton,
Tehran, London, Paris və Budapeştdəki muzeylərdə
nümayiş olunan ekspozisiyalar arasında tez-tez
Azərbaycanın incəsənət
nümunələrinə – xalçalara, bürüncdən
olan qədimi qab- qacaqlara, silahlara rast gələrdim. Və
hər dəfə bu nümunələri gördükdə
öz-özümə fikirləşirdim ki,
keçmişdən qopub gələn bu zəngin irsimizi
vətənimizə qaytarmaq çətin ki, bizə
müəssər olsun. Ancaq gələcək
nəsillərin onlar barədə heç olmasa
təəssüratları olması üçün bu
eksponatları videolentə köçürərək
televiziyada nümayiş etdirmək fikri də məni rahat
buraxmırdı. Və beləcə mən ötən
əsrin 70-ci illərində "Qoskino" ilə
Kinematoqrafçılar Birliyinin birgə keçirilən
iclasında Azərbaycan incəsənətinin xarici
ölkə muzeylərində nümayiş etdirilən
əsərlərini tammetrajlı sənədli filmdə
əks etdirmək üçün operator və rejissorlardan
ibarət qrupun yaradılması təşəbbüsü ilə
çıxış etdim. Sənətşünasların
köməyi ilə milli irsimizin nümayiş olunduğu
xarici muzeylərin təxmini siyahısı tutuldu. Bundan
əlavə təcrübəli kinematoqrafçıların
siyahısı, habelə hərəkət ediləcək
marşrut təsdiq olundu. Xarici İşlər Nazirliyi
vasitəsilə çəkilişlər aparılacaq
muzeylərdə normal iş şəraiti yaradılması
xahişi ilə müraciətlər olundu. SSRİ
"Qoskino"su tərəfindən çəkilişlərin
keyfiyyətli lentlə təmin ediləcəyinə söz
verildi. Ancaq həmin ərəfədə ölkədə
cərəyan edən proseslər həyata
keçiriləcək işləri dondurdu. Artıq SSRİ
dağılırdı, respublikada daxili vəziyyət
çox mürəkkəb idi. Hələ üstəgəl
"Qoskino"nun da Mədəniyyət Nazirliyinə
birləşdirilməsi barəsində qərar qəbul
olunmuşdu. Bir sözlə sonda mən də işimdən
uzaqlaşaraq jurnalistikaya dönüb "Azərinform"a
(indiki "AzərTAC"a) direktor vəzifəsinə
təyin olundum. Aradan onilliklər ötsə
də qeyd etdiyim formatda sənədli filmin yaradılması
ideyası hələ də öz aktuallığını
saxlayırdı. Və bir dəfə 1996-cı ildə
İstanbulda Anarın "Təhminə" filminin
çəkilişləri aparılarkən
mənşəcə azərbaycanlı olan Əli Bulat
adlı türk biznesmeni "Şeyx Səfi" xalısı
barədə film çəkmək arzusunda olduğunu
dilə gətirdi. Tale onu peşəkar
operatorumuz Kənan Məmmədovla
görüşdürdü, o isə öz
növbəsində bu işə rejissor Yalçın
Əfəndiyevi cəlb etdi. Çəkilişləri aparacaq
heyətin Londondakı bütün xərclərini Əli
Bulat öz üzərinə götürdü. Londonda isə
elə ilk gündən filmin çəkilişlərinin
asan başa gəlməyəcəyi məlum oldu. Bu ilk növbədə onunla bağlı idi ki,
Londonda muzey sahibləri eksponatların, xüsusən də
nadir əsərlərin kino və televiziyada nümayişi
üçün çəkilmələrini qətiyyən
xoşlamırlar. İkincisi isə onlar xalçanın
müvafiq temperaturda, rütubətdə
saxlanılmasını təmin edən şüşə
qutudan çıxarılmasına qəti razı
olmurdular. Bundan əlavə çəkiliş qrupu muzey
sahiblərinə müraciət edərək reestrdə fars
xalısı kimi qeyd edilən "Şeyx Səfi"nin
Təbrizdə toxunduğunu və o zaman Ərdəbil
şəhərinin də Azərbaycan ərazisində
yerləşdiyini sübut etməli oldu. Nəhayət, sonda
çəkilişləri aparmağa icazə verildi. Muzey
açılana – səhər saat 9-dan 10-a qədər
çəkilişləri aparmağa vaxt verildi.
Çəkilişləri apararkən
işıqlandırıcı qurğulardan da istifadəyə
qadağa qoyuldu. Yaxşı ki, Kənan bir vaxtlar
"VQİK"də eyni kursda oxuduğu Viktor Nikitinlə
rastlaşdı. Məhz Viktor bizimkilər üçün
kompakt apparatura əldə edərək, muzey
əməkdaşlarını da çəkilişlərin
işıqlandırma ilə aparılmasına razı sala
bildi. Beləcə onlar nəhayət, bizim çoxdankı
arzumuzu gerçəkləşdirərək "Şeyx
Səfi" adlı çox gözəl və
rəngarəng tammetrajlı sənədli filmi çəkib
ərsəyə gətirdilər. Amma təəssüf ki, bu
film hələ tamaşaçı auditoriyası
qarşısına çıxarılmayıb. Yalçın
və Kənan əldə edilənlərlə
kifayətlənməyərək Bakıya döndükdən
sonra İrana üz tutaraq Şeyx Əbu İshaq
Ərdəbillinin məscid-türbəsində də
çəkilişlər aparmağa müvəffəq oldular.
Onların filmdə türbə barəsində
danışdıqları məni bir daha əmin etdi ki, bu
məqbərənin ucaldılmasına və xalının
toxunmasına eyni Adam rəhbərlik edib. Bu adam isə I
Şah Təhmasib olub. Görkəmli alimimiz, Şərq
xalçaları üzrə mütəxəssis Lətif
Kərimov "Şeyx Səfi" xalısına belə
qiymət vermişdi: "Xalının bütün
kompozisiyası, onun qeyri-adi məzmunlu mərkəzi medalyonu,
budaqlar və güllər çox yüksək
peşəkarlıqla işlənib. Xalının eskizi orta
ərslər oriental sənətinin qanunauyğunluqlarına
dərindən bələd olan, təkrarolunmaz rəsm
bacarığına malik peşəkar rəssam
tərəfindən çəkilib". Bu rəsmin
müəllifinin Təbriz miniatür məktəbinin
yaradıcısı, ustad Soltan Məhəmməd olduğunu
müəyyən etmək mənə müəssər oldu.
Soltan Məhəmməd I Şah Təhmasibin sarayında
baş rəssam və kitabxana incilərinin mühafizi olub. O,
Nizaminin "Sirlər xəzinəsi"ni, eləcə də
Hafiz və Füzulinin şeirlərini bəzəyən
rəngarəng miniatürlərin müəllifidir. Onun
miniatürlərinə dünyanın bütün
nəhəng muzeylərində rast gəlmək olar. Britaniya
Kral kitabxanasında isə onun əsərləri
gülləkeçirməz şüşənin altında
saxlanılır. İndi isə mən yazımın canına
gəlmək istəyirəm. Bu yaxınlarda Moskva
mətbuatında Qahirənin və Londonun Milli muzeyləri
arasında razılaşma imzalandığı barədə
məlumat dərc olunub. Razılaşmaya görə London
muzeyindəki Misir mumiyaları və sərdabələri
dövlət zəmanəti altında müvəqqəti
nümayiş üçün Qahirə muzeyinə verilir. Elə bu məlumatı oxuyandan sonra ağlıma
belə bir fikir gəldi ki, görəsən, Azərbaycan
mədəniyyətinin mühafizəsi cəmiyyəti
Mədəniyyət və Turizm Nazirliyi ilə birgə, Xarici
İşlər Nazirliyini və bizim Bi-Pi-dəki
dostlarımızı bu işə cəlb etməklə
dövlətimizin zəmanəti ilə
müvəqqəti "Şeyx Səfi"
xalısının bizim dövlət müzeyində
nümayişinə nail ola bilərmi? Düzdür, bizə
etiraz edə bilərlər ki, onlarda "Şeyx Səfi"
xalısı reestrdə fars xalçası kimi
qeydiyyatdadır. Ona görə də zənnimcə,
danışıqları aparacaq heyətin tərkibinə tarixçilər
də daxil edilməlidir. Onlar isə öz
növbəsində sənədlər və
xəritəyə əsaslanaraq ingilislərə bu
xalçanın bizə məxsus olduğunu sübut
etməlidirlər. 1539-cu ildə "Şeyx Səfi"
yaradılarkən Təbriz Azərbaycanın paytaxtı idi
və Ərdəbil şəhəri də onun tərkibində
idi. Yalnız İranla Rusiya arasında
müharibədən sonra, 1828-ci ildə bağlanmış
Türkmənçay müqaviləsinə görə
Azərbaycan iki yerə bölündü və qədim
şəhərimiz Ərdəbil də Arazın o tayında
qaldı. Əgər lap səmim-qəlbdən danışsaq,
çox yaxşı olardı ki, danışıqlar
aparacaq qrupa YUNESKO-nun Azərbaycandakı xoşməramlı
səfiri Mehriban xanım Əliyeva rəhbərlik etsin və
Azərbaycanın Londondakı səfirliyi də bu işə
cəlb olunsun. Hazırda, Azərbaycan
Xalçaçılıq Muzeyinin yeni binasının
yaradılması planlaşdırılır və çox
gözəl olardı ki, yeni binanın açılışı
"Şeyx Səfi" xalısının öz
vətənində nümayişi ilə üst-üstə
düşsün. Bəs, I Şah Təhmasib necə, o
da bunu istərdimi? Əlbəttə istəyərdi.
525-ci qəzet.-2007.-21 aprel.-S.12.