Mozalan studiyası
yenidən fəaliyyətə
başlayır
Muzey Mərkəzində Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və
Karikaturaçı Rəssamlar
Birliyinin təşəbbüsü
ilə "Mozalan"
studiyasının yenidən
fəaliyyətə başlamasına
həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına
görə, tədbirdə
çıxış edən
"Mozalan" studiyasının
bədii rəhbəri
və direktoru Orxan Fikrətoğlu studiyanın fevralın 12-dən fəaliyyətə
başladığını deyib: "Artıq filmlərin çəkilişinə
də başlamışıq.
"Mozalan" studiyası
Azərbaycanda görünən
bütün neqativ halları tənqid edəcək. Bizim üçün heç bir sədd olmayacaq.
Azərbaycanda elə məmurlar var ki, onlar dövlətə,
xalqa deyil, özlərinə işləyirlər
və bizim borcumuz bu cür
məmurları ifşa
etməkdir". Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev studiyanın yenidən fəaliyyətə
başlamasını alqışlayıb
və yaradıcı heyətə uğurlar arzulayıb: "Müəyyən
dövrdə bu vəzifənin öhdəsindən
çox yaxşı gəlmişik. Sovet İttifaqının totalitar
ideologiyasının hökm
sürdüyü dövrdə
"Mozalan" Azərbaycanda
özünəməxsus yer
tapıb. Bu gün bu işə
daha geniş formada yenidən başlamağa və daxildə gedən prosesləri tənqid etməyə ehtiyac var. Azərbaycan vətəndaşı olan,
ancaq ölkəsinə
xidmət etməyən
insanlar tənqid olunmalıdır. Tənqidi
baxış bizi inkişafa aparacaq".
Ə. Qarayev studiyanın
təşəbbüsü ilə bir sıra
layihələrin həyata
keçiriləcəyini deyib.
Qeyd edək ki, "Mozalan"da beynəlxalq festivallara qatılmaq üçün xüsusi
filmlər çəkiləcək.
Bu barədə studiyanın bədii rəhbəri və direktoru Orxan Fikrətoğlu məlumat
verib. O bildirib ki, beynəlxalq festivallara təqdim olunacaq filmlərdə Azərbaycan problemlərindən
deyil, dünya problemlərindən söz
açılacaq: "Başqa
ölkədə Azərbaycanın
problemlərindən bəhs
edən filmlərin nümayişi düzgün
olmaz. Bu səbəbdən biz beynəlxalq festivallar üçün xüsusi
ssenarilər əsasında
filmlər çəkəcəyik.
Bununla yanaşı, studiyada milli serialın çəkilməsini
də nəzərdə
tutmuşuq". O.Fikrətoğlunun
sözlərinə görə,
artıq studiyada animasiya filmlərinin istehsalına başlanılıb.
Studiyanın hazırladığı
ilk animasiya filmi "Nyuton" adlanacaq. Studiyanın istehsal etdiyi filmlər televiziya kanallarında nümayiş
etdiriləcək.
525-ci qəzet.-21
aaprel.-S.25.