Hüqonun üslubunu kim
dəyişib
Yaxud 50 ilin 15 min məktubu
"Yalnız Jülyetə
münasibətdə keçirdiyi
işıqlı hisslər
sayəsində Hüqonun
ədəbi üslubu
dəyişmişdi"
Fransanın ölkəmizdəki səfirliyi və Fransa Mədəniyyət Mərkəzi "Frankofoniya"
günləri çərçivəsində
"Viktor Hüqo və Jülyet Drue - dahinin həyatı və məhəbbəti" tamaşasını
təqdim etdi.
Fransanın "Lire Aitrement"
("Başqa cür oxumaq") assosiasiyası fəaliyyət tərzinə
uyğun olaraq tamaşanı fleyta və fortepianoda canlı musiqinin müşayiəti ilə
səsli mütaliə
kimi nümayişlədi.
İştirakçılar 1830-cu illərin Fransasının
məişəti, mədəni
və ictimai ab-havasını məktublar və xatirələr vasitəsilə tamaşaçılara
çatdırdılar. Fransa ədəbiyyatının
dahi qələm sahiblərindən biri olan Hüqonun şəxsi həyatının
təfsilatına varmazdan
öncə qeyd edək ki, fransızlar
özlərinə sadiq
qalaraq həm məqsəd və məramlarında, həm də assosiasiyaya ad seçməkdə yüksək dəyərlərə xidmətə zövqlə yanaşıblar.
Epistolyar janrın mövcudluğuna baxmayaraq
dahilərin məktubları,
xatirə və gündəlikləri heç
də hər zaman kütləvi oxucu üçün açıq olmayıb. Buna görə də onların həyatı və hətta fəaliyyəti barədə çoxlu uydurmalar meydana gəlib. "Başqa cür oxumaq" assosiasiyasının etdiyi kimi, müxtəlif
dövrlərdə yaşamış
dahi şəxsiyyətlərin
epistolyar irsini geniş auditoriyaya çatdırmaqla həm dilin düzgün səslənməsinin təbliğinə,
həm də ədib, rəssam, bəstəkar və alimlərin həyatı barədəki təsəvvürlərin
gerçəkdə
olduğundan uzaqlaşmamasına
kömək etmək ənənəsindən nümunə
götürmək pis
olmaz. Razılaşın ki, bu irsi "yeddi qıfıl" arxasında
saxlayıb həmin şəxsiyyətlərin özəl
cəhətlərinə, yaradıcı
keyfiyyətlərinə kölgə
salınmasına, yaxud
da şişirdilməsinə
yol verməkdənsə,
bu cür kütləvilik daha məqsədəuyğundur.
Viktor Hüqo
və Jülyet Drue 1833-cü ildə tanış olmuşdular. Həmin vaxt 31 yaşlı Hüqo "Paris Notr-Dam kilsəsi",
"Mariya Tüdor",
"Kromvel" kimi əsərlərin müəllifi
olaraq ədəbiyyat və teatr aləmində,
eləcə də siyasətdə nüfuz qazanmış şəxs,
Jülyet isə kasıb təbəqədən
çıxmış, yüksək
cəmiyyətin həndəvərində
gününü
keçirən 26 yaşlı
son dərəcə cazibədar və ağıllı bir qadın idi. Katolik pansionatda tərbiyə alarkən o, ədəbiyyatın əsirinə çevrilir
və hesab edir ki, cəmiyyətin
aşağı təbəqəsinə
aid olan qadın təkcə gözəlliyi ilə yox, təhsili və dünyagörüşü
ilə də maraq kəsb edə bilər. Fransada isə belə düşüncə
tərzi XIX əsrin əvvəllərinə kimi
məqbul sayılmırdı.
Jülyet aktrisa olmağı qərara alır. O zaman bu məşğuliyyət
qadın üçün
peşədən daha
çox, varlı kişilərin əhatəsində
olmaq demək idi. Jülyet anlayırdı ki, bu sayaq yalnız
yaşa dolana qədər qayğısız
həyat sürmək
olar. Görünür, elə buna
görə onun əsrarəngiz uşaq təbəssümündə qəmli
əhval da sezilirmiş. Həyat yoldaşı Adellə məsləkdaşı, romantik
şair Sent-Bövün
ona xəyanəti ilə üz-üzə qalan Viktor Hüqonu da məhz bu
təbəssüm ovsunlamışdı.
Onlar Hüqonun
"Lukresiya Borjia"
pyesinin tamaşaya qoyulması zamanı tanış olurlar. Kiçik bir rolun ifaçısı
olan Jülyet böyük ədibin böyük kölgəsinə
çevrilir. 1883-cü il
mayın 11-də Jülyet dünyasını
dəyişənə qədər
onlar ayrılmırlar.
2 ildən sonra mayın 15-də - Jülyetin doğum günündə vəfat
edənə qədər Hüqo, demək olar ki, heç nə yarada bilmir. Onların 50 illik əlaqəsinin şahidi kimi epistolyar janrın klassikasına çevrilmiş
bəzən çox ehtiraslı, bəzən isə həddən ziyadə intellektual olan 15.000 məktub qalıb. Hüqo ilə tanışlıqdan
sonra Jülyet bütün vaxtını
yalnız ona həsr edib - əlyazmalarının üzünü
köçürüb, məktublarına
cavab verib, səyahətdə, hətta
20 illik sürgündə
də (Hüqonun kral III Lui-Bonapart-Napoleona ünvanladığı pamfletə
görə) ondan ayrılmayıb. Yalnız Jülyetə
münasibətdə keçirdiyi
işıqlı hisslər
sayəsində Hüqonun
ədəbi üslubu
dəyişmişdi, o,
orta əsrlərdən
reallığa dönmüş,
oxucularına "Şüalar
və kölgələr",
"Payız yarpaqları",
"Axşamçağı nəğmələri", "Daxili səslər" kimi gözəl poeziya topluları bəxş etmişdi
Həftə içi.-2007.-13 aprel.-S.8.