Piriyev Q.
Azərbaycanın
peşəkar fotomüxbirlər ordusunun ən parlaq
simalarından biri Cahangir Xanlar oğlu İbadovun 75
yaşı tamam olur. Bunun 55 ili bu
gün də özünə xas gənclik həvəsi və
enerjisi ilə, yorulmaq bilmədən
çalışdığı “Xalq qəzeti”
redaksiyasında keçib.
Redaksiyanın kadrlar şöbəsində Cahangir
müəllimə aid “Şəxsi iş” qovluğunda bir
tərcümeyi-hal var. Orada yazılıb:
“Mən, İbadov Vladimir (Cahangir) Xanlar oğlu, 1932-ci ilin
baharında Moskva şəhərində anadan olmuşam.
Uşaqlıq dövrüm müharibə illərinə
təsadüf edib. Atam müharibəyə gedib, qayıtmayıb.
Ailənin bütün ağırlığı anamın
üzərinə düşdüyünə görə ona
kömək olsun deyə, erkən yaşlarımdan
işləməyi qərara almışam. Orta təhsilimi
fəhlə-gənclər məktəbində davam
etdirmişəm. O vaxtlar pioner sarayında
fəaliyyət göstərən foto həvəskarları
dərnəyinə getmişəm. 1948-49-cu illərdə
Bakı kinostudiyasında kinooperator assistenti, 1950-ci ildə
"Vışka" qəzetində ictimai əsaslarla
fotomüxbir, 1951-ci ildə “Azərbaycan dəmiryolçusu”
qəzetində fotomüxbir işləmişəm. 1952-ci
ildə məni “Kommunist” (indiki “Xalq
qəzeti”) redaksiyasında fotomüxbir vəzifəsinə
işə dəvət ediblər. O vaxtdan
indiyədək bu kollektivdə çalışıram.
Bu müddətdə çəkdiyim şəkillər
respublikanın və İttifaqın aparıcı mətbuat orqanlarında, habelə xarici nəşrlərdə
çap olunub. 1955-ci ildən bəri respublika, Ümummittifaq
və beynəlxalq fotosərgilərdə
müsabiqələrdə iştirak etmiş, çoxlu sayda
mükafatlara, fəxri diplomlara layiq
görülmüşəm. 1969-cu ildə Azərbaycan SSR Ali
Sovetinin Fəxri Fərmanını, 1979-cu ildə
“Azərbaycan SSR Əməkdar mədəniyyət
işçisi” fəxri adını, 1997-ci ildə isə
Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy
Zərdabi” mükafatını almışam".
Cahangir müəllimin yazdığı bu avtobioqrafik
məlumat, aydın məsələdir ki, onun haqqında
oxucuda dolğun təsəvvür yarada bilməz. Lakin onun
barədə söhbətə özünün
yazdığı sətirlərlə
başlamağımız da səbəbsiz deyil. Orada elə
məqamlar var ki, aydınlıq gətirməlidir. Bütövlükdə
isə, Cahangir İbadov kimi mürəkkəb xarakterli
insanı yaxından tanımaq üçün gərək
onunla yoldaşlıq edəsən, müxtəlif
şəraitdə, xeyirdə-şərdə bir yerdə
olasan, eyni kollektivdə işləyəsən.
Bizim tanışlığımızın tarixçəsi
1980-ci ilin yay aylarından başlanır. O vaxtlar mən
“Bakı” axşam qəzetində işləyirdim.
Respublikanın baş qəzeti olan “Kommunist” “İnsanlar...
talelər” adlı müsabiqə elan etmişdi. Mən də
o vaxtlar Neft Daşlarında işləyən gənc
neftçinin — Tofiq Rzayevin taleyindən bəhs edən
“Atasının oğlu” sərlövhəli oçerkimi
müsabiqəyə göndərmişdim. Tofiqin
atası Fərman Rzayev Neft Daşlarında ilk kəşfiyyat
quyusunu qazanlardan olub, Kaveroçkinin briqadasında
işləyib. 1957-ci ildə Xəzərdə
qəflətən başlanan güclü qasırğa
qazmaçıların çalışdığı
platformanı aşırtmış və briqadanın
bütün üzvləri həlak olmuşdu. Faciə
baş verəndə Tofiqin 8 yaşı varmış.
Böyüyəndə, qərara alır ki, atasının
yolunu davam etdirsin. Neft-Kimya İnstitutunu bitirdikdən sonra
öz xahişi ilə təyinatını Neft
Daşlarına, atasının işlədiyi sexə alır.
Nümunəvi işi ilə ad-san qazanır...
Bir gün “Kommunist”in redaktor müavini Rəfael Nağıyev
zəng edib məni yanına çağırdı. Onun
kabinetinə daxil olanda içəridə
tanımadığım bir nəfər də
əyləşmişdi. Rəfael müəllim dərhal
mətləbə keçdi:
— Müsabiqəyə xeyli sayda məqalə göndərilib.
Komissiya sənin oçerkini də bəyənib. Qərara
almışıq ki, müsabiqəni onunla açaq.
Oçerkin qəhrəmanını tapmaq lazımdır ki,
Volodya onun şəklini çəksin, — deyib yanındakı
adama tərəf çevrildi.
Hiss etdim ki, həmin şəxs imzası respublikada
yaxşı tanınan fotomüxbir Vladimir İbadovdur.
— Onda siz ləngiməyin, material sabah yox, o birisi gün
nömrədə olmalıdır. Tofiqi tapıb vaxt təyin
edin, görüşüb şəklini çəkin, deyib
yenə İbadova tərəf çevrildi:
— Volodya, bir problem yoxdur ki?
— Rəfael müəllim, düzdür, siz oçerk
barədə qabaqcadan mənə bir qədər
danışdınız. Amma bu azdır, materialı oxumaq
istərdim.
— Qalanını müəllif özü danışar...
— Yox, xahiş edirəm, verin özüm oxuyum. Mən
bilməliyəm ki, nəyi çəkməliyəm və
necə çəkməliyəm.
Rəfael müəllim başını bulayaraq materialı
ona uzatdı: — Apar oxu. O, kabinetdən çıxandan sonra:
Əvəzsiz sənətkardır, amma... — dedi və
sözünün ardını gətirmədi.
Ertəsi günü vədələşdiyimiz vaxtda
Dənizkənarı parkda görüşdük. Cahangir
müəllim Tofiqlə tanış olandan sonra bildirdi: —
Oçerk məni təsirləndirdi. Gərək yazıya
layiq şəkil də olsun. Yaxşı olardı ki, Neft
Daşlarında — iş başında çəkəydik.
Heyf ki, vaxt azdı. Hər halda, ortaya bir şey
qoymalıyıq...
O, Tofiqi sahilə gətirərək fotoaparatını
işə saldı. Müxtəlif nöqtələrdən,
cürbəcür pozalarda çəksə də hiss olunurdu
ki, istədiyi alınmır. Bu da onu getdikcə
əsəbiləşdirirdi.
Kənardan bu mənzərəni seyr etdikcə, mən də
narahatlıq hissi keçirməyə başladım.
Əvvəla, Cahangir müəllimin çəkdiyi
əziyyətə görə narahat idim. Sözün doğrusu,
o vaxtadək çoxları kimi, məndə də belə
təsəvvür vardı ki, fotomüxbirlik o qədər
də çətin peşə deyil, düyməni basdın,
vəssalam, şəkil hazırdır. Amma indi hiss edirdim ki,
belə deyil, insanların əksəriyyəti heç də
həmişə olduğu kimi görünmür.
Xüsusən, fotoobyektivin qarşısında quruyub tamam
başqa şəkil alır. Peşəkar və
məsuliyyətli fotomüxbir belələrini təbii hala
gətirmək üçün çox əlləşməlidir.
Digər narahatlığım oçerkin qəhrəmanı
sarıdan idi. Cahangir müəllim, sözün həqiqi
mənasında, onun kələyini kəsmişdi.
Fikirləşirdim ki, ciddi xasiyyəti olan Tofiq indicə imtina
edib deyəcək: “Qardaş, bundan artıq bacarmıram,
çəkdiyin şəkil mənə lazım deyil...” Lakin
Cahangir müəllim də inadından dönmürdü. O,
növbəti tapşırıqlarını verdi: “Tofiq müəllim, təsəvvür edin ki, siz
estekadanın məhəccərinə söykənib
Xəzərin ləpələrinə baxa-baxa xəyala
dalmısınız. Ətrafda heç kəs yoxdur: yalnız
sizsiniz və bir də son mənzilini Xəzərin qoynunda
tapan atanızın ruhu. Söhbət edirsiniz, daha
doğrusu, oğul ata ruhu qarşısında hesabat verir:
səssiz-səmirsiz. Bu, sizin baxışlarınızdan,
üzünüzün ifadəsindən,
əhval-ruhiyyənizdən oxunmalıdır. Xahiş
edirəm özünüzü bu ruhda
kökləyəsiniz...”
Daha bir kadr. Nəhayət, o, fotoaparatın obyektivinin
qapağını yerinə taxdı və dərindən
nəfəs alaraq dedi: Bu, başqa məsələ.
Oçerk qəzetin 1980-ci il 20 sentyabr nömrəsində
dərc olundu. Cahangir müəllimin
çəkdiyi şəkil (o, elə ustalıqla montaj
eləmişdi ki, sanki çəkiliş
Dənizkənarı bulvarda yox, Neft daşlarında
aparılmışdı) əsl sənət əsəri idi.
İndi başa düşdüm ki, mərhum Rəfael
müəllim “amma” ilə nə demək istəmişdi.
Cahangir müəllimin inadkarlığı olmasaydı,
belə gözəl şəkil də alınmayacaqdı...
Tale elə gətirdi ki, sonradan Cahangir müəllimlə bir
kollektivdə işlədik. Dəfələrlə
müxtəlif tədbirlərdə, məclislərdə,
səfərlərdə bir yerdə olduq, bir-birimizi daha
yaxından tanımaq imkanı qazandıq. Mənim
üçün maraqlı onun bioqrafiyasındakı iki
məqam — Moskvada doğulması və adının Vladimir
qoyulması idi. Lakin etika xatirnə ona bu sualı
verməmişdim. Bir gün yenicə aldığı
vəsiqəsini cibindən çıxarıb
göstərərək, sevinclə: – Axır ki, öz
adımı bərpa etdirə bildim – dedi.
Onu təbrik etdim. Cahangir müəllim bu
məsələyə aydınlıq gətirməyə
başladı:
— Əslimiz Laçın rayonunun Alpoud kəndindəndir. Atam
gənclik illərində Sultan bəyin dəstəsində
qaniçən Andronikin qoşununa qarşı vuruşub,
Şuşanın müdafiəsində, Daşaltı
uğrunda döyüşlərdə iştirak edib. Hətta
yaralanıb da. Şura hökuməti qurulandan sonra o,
Laçında komsomol katibi işləyib. Daha sonra partiya-sovet
fəalı kimi müxtəlif vəzifələrdə
çalışıb. Otuzuncu illərin
əvvəllərində ali partiya təhsili almaq
üçün Moskvaya göndərilib. Moskva Ali Partiya
Məktəbinin ilk azərbaycanlı məzunlarından olub.
Təhsil illərində həmin məktəbdə
kitabxanaçı işləyən və əslən
moskvalı olan Kseniya Vasilyevna ilə ailə qurub. İlk
övladları kimi mənim Moskvada doğulmağım da
bununla bağlıdır. Valideynlərim adımı Cahangir
qoyublar. Mənə doğum haqqında şəhadətnamə
yazdırarkən onlar problemlə qarşılaşıblar.
“Cahangir” adının yazılışının və
tələffüzünün çətinliyini bəhanə
gətirib sözün mənasını soruşublar. Atam
rusca qarşılığının “Vladimir” olduğunu
deyib. “Elə isə, niyə özünüzü dağa-daşa
salırsınız, – deyiblər. – ”Vladimir" yazaq,
qurtarsın getsin, rəhbərin adından yaxşı nə
ola bilər?" Bu sözdən sonra valideynlərim
dillənə bilməyiblər....
Beş ildən sonra ailə Bakıya köçür. Burada
daha iki uşaq dünyaya gəlir: Elmira və Arif. O
illərdə atası Xanlar İbadov rəhbər partiya
vəzifəsində işləyirdi. Böyük Vətən
müharibəsi başlanandan az sonra milli diviziyaların
yaradılması ilə əlaqədar cəbhədə siyasi
iş aparan komandirlərə ehtiyac duyulurdu. O vaxt
könüllü cəbhəyə gedənlərdən biri
də Xanlar İbadov olur.
Cahangir müəllim həmin günü belə
xatırlayır:
— İndiki kimi yadımdadır. Atam müharibəyə yola
düşəndə mənim 10, bacım Elmiranın 5,
qardaşım Arifin isə 1 yaşı vardı. Anama “Uşaqlar
amanatı” deyəndən sonra, bizi bir-bir bağrına
basdı. Mənim başımı sığallayıb: “Evin
kişisi sən qalırsan, anana kömək elə”, — dedi.
Bir müddət ondan məktub aldıq. Axırıncı məktubunu Kerçdən
göndərmişdi. Sonra ara
kəsildi. Demə, həlak olbubmuş... Aclıq
illəri idi, dolanışıq həddən artıq
çətinləşmişdi. Xırda-para
işlərin qulpundan yapışmaqla çörəkpulu
qazanmağı qərara aldım. O vaxtlar Bakının
“elit məktəbi” sayılan 6 nömrəli orta
məktəbdə oxuyurdum. Hiss etdim ki, gündüz təhsili
ilə ailəyə əl tuta bilməyəcəyəm.
Təhsilimi 86 nömrəli fəhlə-gənclər məktəbində
davam etdirdim. Uşaqlıqdan foto
sənətinə marağım vardı. Odur ki,
fotodərnəyinə yazıldım... Dünya
yaxşılardan xali deyil. Mənim
həyatımda da belə insanların köməyi çox
olub. Tanınmış aktyor İsmayıl
Əfəndiyevin (“Arşın mal alan”
filmində Süleyman rolunun ifaçısı) köməyi
ilə Bakı kinostudiyasında operator assistenti
vəzifəsinə işə düzəldim. Görkəmli
rejissor-operator Əlisəttar Atakişiyevin rəhbərliyi
altında işləyirdim. “Arşın mal alan”ı təzəcə çəkib
qurtarmışdı. Mənə öz
övladı kimi qayğı göstərir və
ruhlandırırdı ki, səndən yaxşı kinoopetor
alınacaq. Yadımdadır, 1949-cu ilin
payızında Əlisəttar müəllimlə birlikdə
“Mosfilm” kinostudiyasında təcrübə keçmək
üçün bir aylığa Moskvaya ezamiyyətə
getmişdik. Oktyabr bayramı
münasibətilə 7 noyabrda Qızıl meydanda
keçirilən möhtəşəm paradı
çəkmək üçün bizə də xüsusi
nöqtə ayrılmışdı. O vaxt mən
movzeleyin tribunasında dayanmış İ. V. Stalin başda
olmaqla Siyasi Büro üzvlərinin şəklini
çəkə bildim....
Son dərəcə çevik, mütəhərrik insan olan
Cahangir İbadovu belə ləng iş,
ayda-ildə çəkiləcək bir filmə sifariş
gözləmək qane edə bilməzdi. Odur ki,
“Vışka” və “Azərbaycan dəmiryolçusu” qəzetlərində
fotomüxbir kimi əməkdaşlıq etməyə
başladı. 1952-ci ilin
əvvəllərində ölkə
dəmiryolçularının tədbiri keçirilirdi.
“Kommunist” qəzetinə təcili xüsusi
nömrə hazırlamaq tapşırılmışdı.
O vaxtlar “Kommunist”in redaktor müavini işləyən Nəsir
İmanquliyev “Azərbaycan dəmiryolçusu” qəzetinin
məsul katibi Zeynal Babayevə zəng vuraraq xüsusi
nömrə üçün qabaqcıl
dəmiryolçuların şəkillərini çəkdirməsini
xahiş edir. Bu iş gənc fotomüxbir C. İbadova
tapşırılır. Onun çəkdiyi
şəkillər son dərəcə tələbkar
qəzetçi olan Nəsir İmanquliyevin xoşuna gəlir.
O, C. İbadova “Kommunist”lə sıx əməkdaşlıq
etməyi məsləhət görür və əlavə
edir ki, fotomüxbir yeri boşalsa, səni işə
götürərik...
Elə həmin ilin ortalarında qəzetdə
fotomüxbir ştatı boşalır. Artıq
o vaxt Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat
şöbəsi müdirinin müavini işləyən
Nəsir İmanquliyevin xahişi ilə redaktor Xasay Vəzirov
avqust ayının 1-dən Cahangir İbadovu “Kommunist”
qəzetində fotomüxbir vəzifəsinə işə
götürür.
İyirmi yaşlı gənc üçün
bu, böyük uğur idi. Artıq onun
üçün qaynar fəaliyyət meydanı
açıldı. Respublikanın
ictimai-siyasi və mədəni həyatında baş verən
hadisələrin mərkəzində oldu, ən mühüm
rəsmi dövlət tədbirlərində, partiya qurultaylarında,
konfrans və plenumlarında, sovetlərin sessiyalarında
iştirak etdi. Azərbaycanı
qarış-qarış gəzdi, doğma yurdumuzun
bənzərsiz gözəlliklərini sevə-sevə
tərənnüm və təbliğ etdi, görkəmli
dövlət xadimləri, döyüş və əmək
qəhrəmanları, elm, mədəniyyət və
incəsənət korifeyləri ilə görüşdü,
onlarn şəkillərini çəkdi. Bunların
arasında İran şahənşahı Məhəmməd
Rza Pəhləvi, Hindistanın Baş naziri Cəvahirləl
Nehru, habelə Azərbaycanın o vaxtkı rəhbəri Mir
Cəfər Bağırov, Səməd Vurğun, Süleyman
Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Yusif
Məmmədəliyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,
Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev
və onlarca başqaları vardır.
Belə görüşlər,
əlaqələr sonradan bəzən dostluğa
çevrilirdi. “Həyatda ən
böyük qazancım dostlarımdır”, — deyən Cahangir
müəllimə bu mənada, doğrudan da, həsəd
aparmaq olar. O, yaxın dostları mərhum dahi
bəstəkar Qara Qarayevi, mayestro Niyazini, xalq rəssamı
Hüseyn Əliyevi, xalq yazıçısı Yusif
Səmədoğlunu tez-tez xatırlayır, dünya
şöhrətli rəssam Tahir Salahovla, ünlü
bəstəkarlar Arif Məlikov, Xəyyam Mirzəzadə,
Firəngiz Əlizadə və digərləri ilə xoş
münasibətlərindən həvəslə söz
açır.
C.İbadovun çəkdiyi şəkillər
təkcə respublika mətbuatında deyil, Moskvada
çıxan nüfuzlu qəzet və jurnallarda, xarici
nəşrlərdə dərc olunurdu. O, respublikada,
SSRİ-də və habelə İtaliyada, Almaniyada, Fransada,
Çexoslovakiyada və digər ölkələrdə
keçirilən fotosərgilərdə,
fotomüsabiqələrdə fəal iştirak etmişdir. Belə müsabiqələrdə o, 3
gümüş, 6 bürünc medal, çoxlu sayda fəxri
diplom və mükafatlar almışdır.
Seçdiyi peşəyə sonsuz
məhəbbət və dərin məsuliyyət hissi onu
yorulmaq bilmədən öz üzərində
işləməyə, daim yaradıcılıq
axtarışları aparmağa sövq edirdi. Moskvada
və xaricdə nəşr edilən populyar fotojurnallara
abunə yazılması ona dünyanın ən məşhur
fotomüxbirlərinin əsərləri ilə tanış
olmaq və bundan bəhrələnmək imkanı verirdi. Bütün bunlar Cahangir müəllimin
şöhrətini artırır, respublika fotomüxbirləri
arasında onu söz sahibi edirdi. Təsadüfi
deyil ki, Azərbaycan Jurnalistlər İttifaqı təsis
olunarkən təşkilatın fotomüxbirlər
seksiyasına rəhbərlik etmək məhz ona
tapşırıldı. Altmış-yetmişinci
illərdə və sonrakı dövrlərdə bəzi
təşkilatlardan, o cümlədən Azərinformdan (indiki
AzərTAc) ona fotoxronika şöbəsinin müdiri vəzifəsi,
Moskva nəşrlərindən müxtəlif işlər
təklif olunsa da, doğma kollektivdən ayrılmadı.
Keçən əsrin 90-cı illərinin
əvvəllərində “Xalq qəzeti” üçün xeyli
çətinliklər yarandı, qəzetin dövriliyi
azaldı, işçilərin maaşını
vaxtı-vaxtında vermək mümkün olmadı. Peşəkar jurnalistlər olan redaksiya
əməkdaşlarına müxtəlif kütləvi
informasiya vasitələrindən cəlbedici təkliflər
gəldi. İşçilərin
bəziləri getdi, lakin doğma redaksiyaya bağlı olanlar
hər cür çətinliyə qatlaşıb, qəzeti
çıxartmağa qərar verdilər. Onlardan
biri də Cahangir İbadov idi.
O, dar günlərdən alnıaçıq, üzüağ
çıxmış, kolektivin, dostlarının
sevimlisinə çevrilmiş xoşbəxt bir insandır.
1988-ci ilin payızında milli dirçəliş
hərəkatının alovlandığı, Bakıda
komendat saatının tətbiq olunduğu aylarda, 1990-cı
ilin Qanlı Yanvar günlərində həyatını
təhlükə qarşısında qoyaraq ən qorxulu
yerlərdən fotoreportajlar hazırlaması,
atəşkəs elan olunanadək, demək olar ki, hər ay
cəbhə bölgələrinə gedərək, ön
xətdə düşmənlə əlbəyaxa olan
əsgər və zabitlərimizin hünərini vəsf
edən kadrlar çəkərək onları
ruhlandırması Cahangir müəllimin vətəndaş
mövqeyindən, milli təəsübkeşliyindən
xəbər verirdi.
1993-cü ildə Cahangir müəllimin
anası Kseniya Vasilyevna İbadovanı Keşlə
qəbiristanlığında torpağa tapşırdıq.
Yas mərasimi İslam qayda-qanunlarına
uyğun keçirildi. Kənd məscidinin
axundu, ruhanilər, ağsaqqallar, redaksiya kollektivi, hamı bir
nəfər kimi mərasimdə iştirak edirdi.
Başsağlığı verərkən Cahangir
müəllimdən soruşdum: Xəstə yatırdı?
— 20 Yanvardan sonra bərk sarsılmışdı, – dedi. – Sovet
qoşunlarının xalqa qarşı törətdiyi
vəhşiliyi görəndən sonra demişdi ki, bunu Allah
götürməz. Bu rejim tezliklə dağılacaq...
Anam milliyyətcə rus olsa da, özünü
azərbaycanlı sayırdı, bütün
adət-ənənələrimizi öyrənib tətbiq
edirdi. Atam cəbhəyə gedəndə
biz körpə idik. Bizi anamız
böyüdüb-tərbiyə edib. Azərbaycanın
bütün milli və dini bayramlarını
keçirmişik. Dəfnini də belə
keçirməyi özü vəsiyyət edib...
Cahangir müəllim iki qız atası və
iki oğul babasıdır. Böyük
qızı Səbinə xanım iqtisadçıdır,
Bakıda özəl şirkətdə işləyir. Kiçik qızı Lalə xanım Danimarkada
yaşayır. Hər qızdan bir oğul nəvəsi
var: biri Danimarkada kollecdə, o biri isə Almaniyada
universitetdə oxuyur.
Qızı onu dəfələrlə Danimarkaya
dəvət edib. Razılıq verməyib: Mən
Azərbaycanımdan kənarda yaşaya bilmərəm, — deyib.
Ən müqəddəs arzusu, Vətənimizin
işğaldan azad olduğu günü görmək, o
torpaqları qarış-qarış gəzmək, ata yurdu
Alpoud kəndini ziyarət etməkdir. Allah sizi arzunuza
çatdırsın, Cahangir müəllim!,
Xalq qəzeti.-2007.-8
aprel.-S.3.