Sevinc, Həmidə
Faciələr salnaməsinin bir
anı
Azərbaycan xalqı bəlkə də dünyada yeganə toplumdur ki, onun faciələr salnaməsi, soyqırımlar silsiləsi vardır. Bəzən, hətta nə qədər araşdırsan da həmin faciələrin nə vaxt və hansı əsrin hansı ilində başlandığını tapa bilmirsən. Adama elə gəlir ki, bu millət yaranışdan həmişə faciələrlə üzbəsurət olubdur. 1918-ci ilin martında erməni qaniçənlərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin isə analoqu olmayıb. Çox təəssüf ki, həmin vəhşiliklər tarixi sənədlərdə az saxlanılıb, o dövrü əks etdirən fotoşəkillər çox azdır. Tariximizin daha bir soyqırım səhifəsi 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş qətliamla bağlıdır. Çox təəssüflər ki, biz son illərə qədər yaxın tarixin bu dəhşətli hadisəsini də dünya ictimaiyyətinə çatdırmaqda lənglik göstərmişik. Amma ayrı-ayrı vətənpərvər şəxslər var ki, Xocalı faciəsi ilə bağlı sənədləri toplayıb, hətta o məşum gecənin dəhşətlərini fotoya köçürməyə də nail olub.
Faciənin törədilməsinin 15-ci ildönümü
ilə əlaqədar
Bədii Sərgi Salonunda nümayiş olunan foto-sərgi
bizə bir daha o anları
yaşatdı. Vaxtilə
mədəniyyət evinin
müdiri işləmiş,
sərgidəki fotoları
lentə köçürüb
yaddaşlarımıza həkk
etməyə çalışan
Əlövsət
Qasımovun söylədiyi
bir şəklin hekayəti bizi çox təsirləndirdi.
Həmin tarixi faktı oxucularımızın
da bilməsini istəyərək onun dilindən nəql edirik:
- Ermənilərin könüllülər batalyonuna Daşnaksütyun partiyasının sədrinin qardaşı - 26 yaşında oğlan yemək, isti paltar gətirirdi. Bir dəfə necə olursa azaraq, təhlükəsiz sahəni keçir və əsgərlərimiz tərəfindən əsir götürülür. Sizi inandırım ki, ermənilər həmin oğlanı azad etməkdən ötrü 20 nəfər azərbaycanlı əsiri dəyişməyə hazır idilər. O vaxt çox anarxiya olduğundan heç kimə heç nə demək mümkün deyildi. Axır-axırda şəkildə gördüyünüz bu oğlanın valideynlərı Gurcüstana gedib ermənilərlə danışıqlar apardılar ki, onlar öz oğulları ilə həmin ermənini dəyişməyə razıdırlar. Azərbaycanlı əsir əsgəri xidmətini Əfqanıstanda keçmiş ata-ananın yeganə oğlu idi. Tərəflər arasında bir neçə dəfə danışıqlar aparıldıqdan sonra belə razılığa gəlindi ki, hər iki əsir təhlükəsiz sahəyə sağ-salamat gətirilməlidir. Bizim əsiri gətirməzdən əvvəl erməni döyüşçüsü gəlib onların əsirlərinin sağ olmağına əmin olmalı idi ki, sonra bizim əsiri versinlər. O, bizə çatanda erməninin ölü olduğunu görüb əlini iki dəfə qaldırıb saldı. Mən sonra bildim ki, bu onların parolu imiş. Bir də onu gördük ki, bizim əsirin başını kötüyün üstünə qoyuq balta ilə kəsdilər. Bu hadisə mənim gözümün qabağında baş verdi. İndi də o dəhşətin təsirindəyəm. Gəncin kəsik başı iki dəfə "ana" dedi. Təsəvvür edin ki, ata-anası, nişanlısı bir neçə metrlikdə yolunu gözləyirdi. Sevgilisinin yoxluğuna dözə bilməyən qız da o hadisədən sonra canına qıydı".
Əksi fotolara köçürülmüş və köçürülməmiş neçə-neçə faciəmizin tək bir gün deyil, daim anılmasını, Bizim, mənim, sənin, onun - hər birimizin yaddaşının birinci səhifəsində olmasını arzulayan, bəzi vəzifə sahiblərinin laqeydleyindən gileylənən Ə.Qasımov onu da qeyd etdi ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur.
Və buna görə
nazirliyə öz dərin təşəkkürlərini
çatdırmağı borc
bildi.
Mədəniyyət.- 2007.- 6 aprel.- S. 2.