Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Ölkəmizin
müxtəlif guşələrində ucaldılan monumental
heykəltəraşlıq abidələri, xatirə-memorial
və memarlıq kompleksləri bu gün artıq
şəhər və kəndlərimizin görkəminin
ayrılmaz hissəsinə çevrilmişdir. Yüksək estetik dəyərə
malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq
və memarlıq sənətinin gözəl
nümunələridir.
Azərbaycanda ilk elementləri Qobustan qaya təsvirlərində
öz əksini tapmış heykəltəraşlığın
qədim tarixi vardır. Ayrı-ayrı dövrlərdə
milli heykəltəraşlıq
və memarlıq komplekslərinin qiymətli
inciləri yaradılmışdır.
Öz dəst-xətti, zəngin bədii ənənələri
ilə seçilən
Azərbaycan heykəltəraşlığının
müasir siması ötən əsrin 20-ci illərindən etibarən
formalaşmış və
sürətli inkişaf
yolu keçmişdir.
Bu müddət ərzində şəhər
və park heykəltəraşlığının diqqətəlayiq abidələri,
mühüm ictimai hadisələrin və tanınmış şəxsiyyətlərin
şərəfinə bir
sıra monumentlər ucaldılmışdır. Nizami
Gəncəvi, İmadəddin
Nəsimi, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər
Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər
Cabbarlı, Səməd
Vurğun və digər sənətkarların
milli heykəltəraşlıq
xəzinəsini zənginləşdirən
möhtəşəm abidələri
Bakının memarlıq
mənzərəsini ahəngdar
şəkildə tamamlamış
və ona xüsusi görkəm vermişdir.
Öz müstəqilliyini
bərpa edən Azərbaycan Respublikasında
ölkəmizin suverenliyi
və ərazi bütövlüyü uğrunda
şəhid olmuş qəhrəman vətən
övladlarının xatirəsinin
əbədiləşdirilməsi istiqamətində mühüm
işlər görülmüşdür.
Respublikamızın hər
bir bölgəsində
şəhidlərin xatirəsinə
abidə-komplekslər
ucaldılmışdır.
Monumental heykəltəraşlıq
xəzinəmizin qızıl
fonduna daxil olmuş bütün bu abidələr, xatirə-memorial və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi,
koloriti və estetik təsir gücü ilə səciyyələnir. Həmin
əsərlər insanların
tarixi-mənəvi dəyərlərə hörmət
və məhəbbət
ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin
gücləndirilməsində böyük əhəmiyyət
kəsb edir.
Bununla yanaşı, azərbaycançılıq məfkurəsinə
keçid istiqamətində
bu sahədə görülən işlərin
hazırkı səviyyəsi
qənaətbəxş sayıla
bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dədə
Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müxtəlif
müsabiqələr keçirilməsinə
baxmayaraq, heykəltəraşlıq
və rəssamlığımızda
xalqımızın mənəvi-estetik dəyərlərinə
uyğun Dədə Qorqud obrazının təsviri hələ də öz əksini tapmamışdır.
Vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ formalaşmış
Şəhidlər xiyabanının
ümumi görkəminin
memarlıq baxımından
yenidən işlənməsinə
ciddi ehtiyac duyulur. Əsasən, XX əsrdə ucaldılmış
və görünüşü
bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələrin, xatirə
komplekslərinin azərbaycançılıq
fəlsəfəsinin meyarlarına
uyğunlaşdırılması zərurəti meydana çıxmışdır. Həmçinin
zaman keçdikcə müxtəlif təbii proseslərin təsiri abidələrə diqqət
göstərilməsini və
qayğı ilə yanaşılmasını tələb
edir.
Azərbaycanda monumental heykəltəraşlıq
abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin
ümumi bədii-estetik görkəminin milli-mənəvi dəyərlərə uyğunlaşdırılmasını,
habelə yerləşdikləri
ərazilərin abadlaşdırılmasını
təmin etmək məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər
İcra Hakimiyyəti aidiyyəti qurumlarla birlikdə Şəhidlər
xiyabanı xatirə-memarlıq kompleksinin yeni layihəsinə dair təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi:
2.1. Bakı Şəhər İcra
Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər
şəhər və
kəndlərdə ucaldılmış
monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial və memarlıq komplekslərinin
ümumi görkəminin
qorunub saxlanılması
və ətrafının
abadlaşdırılması üçün müvafiq
tədbirləri həyata
keçirərək görülən
işlər haqqında
hesabatı və bu istiqamətdə gələcək fəaliyyət
proqramının layihəsini
2007-ci ilin 1 sentyabr tarixinə qədər Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Dövlət
İncəsənət Muzeyi
nəzdində açıq
səma altında heykəl və abidələrin kiçik
formalarından ibarət
xüsusi park-muzeyin yaradılmasını təmin
etsin;
2.3. yerli icra
hakimiyyəti orqanları
ilə birlikdə respublikanın park, bağ və digər istirahət zonalarındakı abidə,
büst, barelyef və digər heykəltəraşlıq və
xatirə-memorial əsərlərinin vəziyyətini
araşdırıb müvafiq
təkliflərini üç
ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə müvafiq yaradıcılıq ittifaqlarının
təklifləri əsasında
azərbaycançılıq məfkurəsinin tələblərinə
uyğun ucaldılması
zəruri sayılan abidələr və komplekslərlə bağlı
təkliflərini üç
ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası
Prezidentinin "Dədə
Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında"
fərmanının icrasını
təmin etmək üçün müvafiq
tədbirlər görsün;
3.2. bu sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
4. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 aprel 2007-ci il
Azərbaycan.-2007.-3
aprel.-S.1.