Qaliboğlu E.

 

Sabir Məmmədovun heykəltəraşlıq sərgisi

 

Kiçik həcmli əsərlərdə biçim-məzmun vəhdəti uğurlu alınıb

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əsərləri sərgilənən Sabir Məmmədovun yaradıcılığında həyata, insana, dünyaya münasibəti aydınlığı ilə sezilir. Heykəltəraşlıqda həyatın əlamətdar cəhətlərinin rəmzləşdirilməsi əsəs şərtdir. İncəsənətin digər sahələrindən fərqli olaraq heykəltəraşlıqda ideyanı ifadə etmək çox çətindir. Xüsusilə balaca həcmli əsərlərdə bunu ifadə etmək sənətkardan yüksək yaradıcılıq qabiliyyəti ilə yanaşı həm dözüm, axtarış inad istəyir. Heykəltəraş Sabir Məmmədovun sərgidəki əsərləri əsasən bürüncdən tuncdandır, kiçik həcmli heykəltəraşlıq nümunələridir.

Sabir Məmmədov 1949-cu ildə Bakıda anadan olub. Hələ uşaq yaşlarından ağacdan müxtəlif fiqurlar düzəldib. Sonradan bu istək onda qarşısıalınmaz bir sənət yönünün başlanğıcını qoyub. Artıq heykəltəraşın bu sahədə 30 ildən artıq professional sənətkar təcrübəsi var. Müxtəlif məşhur əsərlərin mövzusundan bəhrələnən sənətkar bu mövzulara heykəltəraşlıqda da nəfəs vermək istəyib. "Pokrovski kilsəsi" (bürünc, 25 sm, 15,3 sm x 4,3 sm) əsərində kilsənin detallarının mümkün qədər zərifliklə ifadə edildiyini müşahidə etmək olur. "Payızın alleqoriyası"nda (Rodenin əsərinin əsasında barelyef, tunc, 16 x 31 sm x 1 sm), gözəl bir qadının əlində meyvə aparması təsvir olunur.

"İlliada"da (Prellerin əsərinin əsasında barelyef, tunc) Homerin məşhur "İlliada"sından təsirlənmə var. Qədim dövr təsvir edilir, atlar döyüş arabasını çəkir, arxada adamlar gəlirlər. Balaca bir əsərdə sənətkar hətta qədim dövrün tikililərinin təsvirini verməyə nail olub. Əsərdə insan-təbiət birliyi var.

Veranecenin əsərinin əsasında yaradılmış heykəltəraşlıq nümunəsində (barelyef, tunc, 31,3 sm, 47 sm x 1,8 sm) sifət qabarması xüsusi şəkildə hiss olunur, cizgilər aydınlığı ilə seçilir: insanların sifətindəki gülüş, kədər balaca həcmli əsərdə aydınca sezilir. Adamlar nəsə əlamətdar bir hadisəni müşahidə edirlər. Heykəltəraş insanın sifətinin cizgisini məharətlə aça bilir.

Overbekin əsərinin əsasında (barelyef) Məryəmin qucağında körpə İsa, ətrafında İsaya pənah gətirənlər təsvir olunub.

Əsərdə obraz zənginliyi var. "Yer kürəsi" (tunc): dünya sanki insanın ovcuna sığışır, amma çox vaxt insan bu balaca dünyanın əlində çaş-baş qalır. "Kraliça" əsəri sanki ilandır, bir gözəlin belinə sarılmış vəziyyətdədir; ilan insanın içindəkinin zahirdə ifadəsi kimi anlaşıla bilər. "Məkkə" (barelyef, bürünc): yenə kiçik həcmli əsərdə heykəltəraş məharətini göstərə bilib.

"Oğlan ilə cavan qız"da (Qampelinin əsərinin əsasında barelyef) rus həyatının motivləri təsvir edilib. Adamlar həyata inamla baxırlar. Başqa bir əsər "Qızlar" adlanır, burada sifətlərin duruluğu hiss olunur.

"Kişi qadın" əsərində biri-birinə sarılmış kişi qadın obrazları təbii alınıb. "Balerina" (tunc) əsərində gözəlliklə zərifliyin vəhdəti ifadəsini tapıb. Leonardo do Vinçinin əsəri əsasında barelyef uğurlu alınıb: adamlar nəyi isə müzakirə edirlər, hiss olunur ki, bərk narahatdırlar.

"Əminə Dilbazi" əsəri orijinal mövzudur. Amma tanınmış Azərbaycan rəqqasəsinin sifəti tam alınmayıb, di gəl, sanki o, canlı olaraq rəqs edir. İvanovun əsərinin əsasında işlənilmiş "İsanın xalqa görünməsi" (barelyef), "Rus müğənnisi Vısotski", (tunc), Rəfaelin əsərinin əsasında (barelyef) "Madonna" kimi əsərlər düşündürücüdür. Madonnanın yanında iki mələk təsvir edilib. Digər əsər "Boyar qadın Morozova" adlanır, İ.V.Surikovun əsəri əsasında tuncdan işlənilib. "Balerina" əsəri zərifliyi ilə diqqəti cəlb edir. Krevellininin əsərinin əsasında işlənilmiş "Mariya Maqdalina"da (barelyef) ruhu paklaşan Mariyanın obrazı təsvir edilib. Həmçinin heykəltəraşın islam dini mövzusunda yaratdığı əsərlər mükəmməlliyi ilə diqqəti cəlb edir. Heykəltəraşın ağac üzərində işləmələri yaxşı alınıb.

 

Xalq cəbhəsi.-2007.-25 aprel.-S.15.