Mürvətqızı S.

 

Regionlarda heykəltəraşlıq və memarlıqla bağlı görüləcək işlər müzakirə edilib

 

Xəbər verildiyi kimi, prezident İlham Əliyev bugünlərdə Azərbaycanda monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında sərəncam imzalayıb. Dünən M.F.Axundov adına Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə həmin sərəncamdan irəli gələn vəzifələrin müzakirəsinə həsr olunan konfrans keçirildi. Tədbiri giriş sözüylə açan nazir son dövrlərdə prezidentin mədəniyyət sahəsinin inkişafını təmin etmək məqsədilə imzaladığı sərəncamların əhəmiyyətini vurğuladı: "Şəhər və rayonlarımızda böyük sürətlə abadlıq işləri görülür, ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Prezident xüsusi olaraq şəhər və rayonlarda park, bağ, istirahət guşələrinin hazırkı durumunun kataloqlaşdırılmasını, Şəhidlər xiyabanlarının görkəminin yaxşılaşdırılması, ədəbi-mədəni sahədə tanınmış korifey sənətkarların büst və xatirə lövhələrinin, xüsusilə də Dədə Qorqudun heykəlinin və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı sərəncam verib. Həmin sərəncamdan irəli gələn işlərin yüksək səviyyədə görülməsi üçün əlaqədar orqanların üzərinə böyük məsuliyyət düşür". Prezident Aparatının məsul işçisi Tahir Budaqov sözügedən sərəncamın Azərbaycanın mədəni inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə etdi. Sonda respublikanın müxtəlif regionlarından gələn nümayəndələrə söz verildi . Onlar bu sərəncamın onların qarşısına ciddi vəzifələr qoyduğunu dərk etdiklərini və nəzərdə tutulan işlərin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını bildirdilər.

 

525-ci qəzet.-2007.-11 aprel.-S.7.