Görkəmli Rusiya müğənnisi İosif
Kobzon bakılı pərəstişkarlarını sevindirmişdir
Aprelin 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Kobzonun konserti olmuşdur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsert müğənninin 70 illiyinə həsr olunmuş böyük qastrol səfərinin bir hissəsidir. Xatırladaq ki, milyonların sevimlisi MDB ölkələrinə qastrol səfərinə Azərbaycandan başlamışdır.
Konsertdən əvvəl Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İosif Kobzonun "Şöhrət" ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını oxumuşdur.
Yaradıcılığına verilən yüksək qiymətə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən İosif Kobzon demişdir ki, Azərbaycana ilk səfərimi, dünyamiqyaslı böyük siyasətçi Heydər Əliyev ilə görüşlərimi səmimiyyətlə xatırlayıram. Həmkarım Müslüm Maqomayevin yubileyində onun çıxışını dinləmək mənə həqiqi xoşbəxtlik gətirirdi. Bu, incəsənət, Azərbaycanın musiqi tarixi haqqında monoloq idi.
İ.Kobzon həyatdan getmiş dahi musiqiçi, dünya vətəndaşı, həmyerlimiz Mstislav Rostropoviçin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etmişdir. O, konsertdə ilk mahnısını maestroya həsr etmiş, bu, bir növ, onun xatirəsinə rekviyem olmuşdur.
Konsertdə xalq mahnıları, romanslar, sovet bəstəkarlarının artıq mahnı janrının klassikasına çevrilmiş populyar əsərləri səslənmişdir. İosif Kobzonu SSRİ Xalq artisti Vladimir Mininin rəhbərliyi ilə Moskva Dövlət Kamera Xoru və Rusiyanın Xalq artisti Viktor Yeliseyevin rəhbərliyi ilə Rusiya DİN daxili-qoşunlarının akademik mahnı və rəqs ansamblı müşayiət etmişlər.
Konserti Rusiyanın Xalq artisti Svetlana Morqunova aparırdı.
Xalq qəzeti.- 2007.- 28 aprel.- S. 5.