Həsənzadə
N.
Milli irsimiz qorunur
Borçalı unudulmur,
yaddan çıxmır
Azərbaycanın
XX əsrin sonu xarici siyasətində qonşularla, o
cümlədən yaxın qonşu kimi Gürcüstan
Respublikası ilə iqtisadi, siyasi, mədəni
əlaqələrin bünövrəsinin qoyulmasında da dahi
öndərimiz Heydər Əliyevin böyük zəhməti
olmuşdur.
Belə ki, XX əsrin
sonlarında Sovet imperiyası süquta uğradıqdan sonra,
1991-ci ildə Azərbaycan və Gürcüstan
respublikaları azad, suveren və müstəqil dövlət
kimi dünyanın bütün ölkələri və
beynəlxalq təşkilatlar tərəfindən
tanındılar.
Xüsusilə 1994-cü ildən başlayaraq Azərbaycan
və gürcü xalqlarının qədim dostluq və
mehriban qonşuluq əlaqələrində, həmçinin
mədəni-iqtisadi inkişafında yeni dövr, yeni
mərhələ başlanmışdır. Ulu
öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində Azərbaycan-Gürcüstan dostluğu
əbədi bir tarixə çevrilmişdir.
İkinci minilliyin son onilliyində, XX əsrin sonları - XXI
əsrin əvvəllərində olduğu kimi, sonrakı
həyatın üzü döndü... Tarix təkrar olundu:
Azərbaycan xalqının başına gətirilən
müsibətlərin, faciələrin, milli dövlət
quruculuğu prosesindəki maneələrin, bir sözlə,
vaxtilə kitablardan oxuduqlarımızın,
ata-babalarımızdan eşitdiklərimizin canlı şahidi,
iştirakçısı olduq. Allah-taala elə
bil ki, hansı qüvvənin əliyləsə Azərbaycan xalqını
torpaq davası, elan olunmamış ağır müharibə,
daxili çəkişmələr, vətəndaş
müharibəsinin qığılcımları,
respublikamızın parçalanmaq təhlükəsi,
təbii fəlakətlər, zərzələlər, ən
nəhayət, həyat üçün vacib olan
nemətlərlə-çörəklə, su ilə, qazla,
işıqla, hətta ən adi gündəlik
məişət qayğılarıyla, insanların
bir-birinə olan inamsızlığı ilə,
nələrlə, nələrlə imtahana çəkdi...
M.Qorbaçovun bədnam yenidənqurma
siyasəti dövründə və SSRİ-nin süqutu
ərəfəsində Ermənistan Azərbaycana qarşı
elan olunmamış müharibəyə başladı.
Torpaqlarımızın 20 faizi Ermənistan
tərəfindən işğal olundu, bir milyondan çox
insan dədə-baba yurdundan didərgin düşüb
çadırlarda, zirzəmilərdə,
yataqxanalarda yaşamalı oldu, bir qismi respublikamızın
rayon və kəndlərinə dağılıb
qohum-əqrəba, dost-tanış yanında
sığınacaq tapdı.
1988-ci ildən üzü bu yana Azərbaycanın
sərhəd bölgələri, Dağlıq Qarabağ
və onun ətraf əraziləri böyük Sovet imperiyasının müstəmləkə siyasəti
nəticəsində Ermənistan silahlı
birləşmələrinin əli ilə müharibə
zolağına çevriləndə bu münaqişənin
alovları nəinki bizim Azərbaycan torpaqlarında, həm
də bütün Zaqafqaziyada, o cümlədən
Çeçenistan və qonşu Gürcüstanda şölələnməyə başladı. Lakin təcrübəli
siyasətçi və dövlət xadimi Heydər Əliyev
1993-cü ildə xalqın təkidli tələbi ilə
ikinci dəfə həkimiyyətə gələndən sonra
Azərbaycanda siyasi ab-hava durulub aydınlaşmağa
başladı. Müsəlman, çeçen və ləzgi
qardaşlarımızda, qonşu gürcü
dostlarımızda, ümumiyyətlə, Qafqazdakı
azsaylı xalqların əksəriyyətində
mehribanlığa, səmimiyyətə, bir-birinə əl
uzatmağa, kömək durmağa mənəvi ehtiyac və
tələbat yarandı. Bu ərəfədə erməni
daşnaklarının təzyiqindən, terrorundan qorxuya düşən
soydaşlarımızın Gürcüstandan Azərbaycana
axını, köçhaköçü
başlamışdı. Etiraf edək ki, bu zaman
Gürcüstanın özündə də ictimai-siyasi
vəziyyət o qədər də yaxşı deyildi. Qısa
müddətdə Azərbaycanda sabitlik əldə olunsa da,
qonşu Gürcüstanda gərginlik hələ davam edirdi. Bir tərəfdən terrorçu
dəstələrin, bir tərəfdən qanunsuz hərbi
birləşmələrin, bir tərəfdən də bu
gərginlik burulğanında meydan sulayan ermənilərin
təhriki nəticəsində buradakı
soydaşlarımızın öz doğma yurdlarını
tərk etməsi hamını çaşbaş
salmışdı.
Dağlıq Qarabağ və ətraf rayonlarda olduğu kimi
qonşu Gürcüstan Respublikasının
azərbaycanlılar yaşayan bölgələrində də
məqsədyönlü şəkildə milli mənliyimiz
təhqir olunurdu. Terror terroru, faciə faciəni
əvəzlədikcə camaat büsbütün qorxu,
həyəcan, təhlükə içində
yaşayırdı... Bütün bunlara görədir ki,
Azərbaycanın ulu öndəri Heydər Əliyev
1993-cü ildə çıxışlarının birində
demişdir: “Xalqımızda olan milli hisslər
boğulmuş, əzilmiş və tapdalanmışdı”. Ona görə də dahi Heydər Əliyev bu zaman
istər Azərbaycan Respublikasında, istərsə də
qonşu Gürcüstan Respublikasının
azərbaycanlılar yaşayan bölgələrində ilk
növbədə millətimizin, xalqımızın
itirilmiş inamını, etibarını, tapdalanmış
milli hisslərini dirçəltmək, elindən-obasından
əlini üzmüş insanları yenidən öz
dədə-baba yurduna qaytarmaq kimi mühüm bir prosesin
həyata keçirilməsini ön plana çəkmişdi.
Belə bir çətin məqamda Azərbaycan
prezidentinin tapşırığı ilə yarım milyondan
artıq azərbaycanlı soydaşımız yaşayan
Gürcüstanda milli ideologiyamızın işlək
bazasını hərəkətə gətirmək
üçün Şəmkir rayonu Azərbaycan ilə
qonşu Gürcüstan Respublikası arasında dostluq
körpüsünə çevrildi.
Əvvəlcə mənəvi və humanitar yardım
yüklü ilk maşın karvanı Ermənistanla
sərhəddə olan, gürcü və
azərbaycanlıların birgə yaşadıqları Dmanisi
rayonuna yola salındı. Aparılan yardım əhaliyə
paylandıqca soydaşlarımız hiss etdilər ki,
ölkəmiz, Azərbaycan xalqı, xüsusilə
Heydər Əliyev onların problemləri ilə daim
maraqlanır və hər an kömək
göstərməyə hazırdır. İlk əvvəl
ermənilərin, sonra da Qamsaxurdiya rejiminin
hədəsindən, terrorundan qorxuya düşüb
evini-eşiyini yiyəsiz qoyub kimisi gizli, kimisi də aşkar
şəkildə ailəsini götürüb
Azərbaycana gəlmək istəyən obaların, ellərin
qabağı alındı. Ermənistan faciəsi təkrar
olunmasın deyə, onsuz da qaçqınlar sarıdan
vəziyyəti ağırdan ağır olan respublikamızda
çadır şəhərciklərinin sayı
çoxalmasın deyə şəmkirlilər gecəli-gündüzlü
nələr etmədilər... Beləliklə
bu yerlərin adamlarının qəlbində
inamsızlığı inam, qorxunu cəsarət əvəz
etdi. Əsrlərdən bəri mehriban qonşuluq
şəraitində yaşamış xalqlarımız
arasında dostluğun yeni mərhələsi başlandı.
Şəmkirlilərlə gürcü dostlarımız və
soydaşlarımız arasında ünsiyyət gücləndi, müntəzəm
görüşlər, səmimi münasibətlər
gözəl bir ənənəyə çevrildi.
İnsanlarda özünə, xalqına və dövlətinə
inamın, etibarın bərpası, yaranmış dostluq
əlaqələri, eləcə də Şəmkir
ziyalılarının Gürcüstanın dövlət
xadimləri, rayonların rəhbərləri ilə yaxın
münasibətləri neçə-neçə problemin
həllində yardımçı oldu. Bu
ümid qapılarının taybatay
açıldığı bir zamanda
azərbaycanlıların sırf yaşadıqları
Borçalı bölgəsinin əhalisi ilə Şəmkir
Rayon İcra Hakimiyyətinin başçısı Aslan
Aslanovun dostluğu, bir-birinə olan sarsılmaz inamı,
etibarı iki qonşu xalqın
mehribançılığına böyük yəqinlik
yaratmaqla, ilk növbədə
gündəlik sosial problemlərin həllində, habelə
şayiələrin və kriminal hadisələrin
qarşısının alınmasında böyük rol oynadı.
Ulu öndər H.Əliyevin tapşırığı və
dəstəyi ilə Şəmkir ziyalıları, başda
rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov
olmaqla Gürcüstandan qaçqın
və köçkün düşəcək
soydaşlarımızın öz elini-obasını tərk
etməməsi kimi taleyüklü məsələni
tədricən nizama saldıqdan sonra buradakı insanların
sosial qayğılarını, mədəni-maarif
məsələlərini ön plana çəkdilər.
1996-cı ilin mart ayında Azərbaycan
Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasına
ilk rəsmi səfəri çox mətləblərə
işıq saldı. Özülü mərhum Prezidentimiz
tərəfindən qoyulmuş bu dostluq əlaqələrinin
müasir tələblər səviyyəsində
inkişafı üçün yeni perspektivlər, yeni yollar
açıldı. Gürcüstan - Azərbaycan
dostluğunun qədim tarixinə yeni səhifələr
yazıldı, yeni fəsillər əlavə olundu. Hələ 1996-cı ildə mərhum Heydər
Əliyevin Gürcüstana səfəri zamanı ümumi
olaraq Qafqazda sabitliyin, əmin-amanlığın,
müstəqilliyin qorunub saxlanması yönündə
mərhum prezidentimiz Heydər Əliyevin əməyini
Gürcüstan Respublikasının sabiq prezidenti Eduard
Şevardnadze belə qiymətləndirir: “Qafqazın
müstəqilliyi və azadlığı işində
Heydər Əliyev fenomeninin indinin özündə də
nə qədər böyük rol oynadığını xalq
hələ sonra biləcək.” Məhz onun rəhbərliyi
sayəsində xeyriyyəçilik ənənələri
geniş vüsət aldı. Əvvəl-əvvəl
Qardabanidə köhnə, uçulub-dağılmaqda
olan məscid binası şəmkirlilərin köməyi
ilə bərpa olundu, Marneuli rayonundakı Kosalı kənd
orta məktəbinə xeyli maddi yardımlar göstərildi
və qədim Sarvan diyarında Heydər Əliyevin
tapşırığı ilə məscid inşa edildi.
İlk xristian dövlətində belə məscid
binasının açılışında mən
də iştirak etdim və sevincimin həddi-hüdudu
olmadı. Bolnisi rayonunun Arkivan kənd orta məktəbi
təmir edildi. Qardabani və Dmanisi rayonlarında ehtiyac
içində yaşayan onlarla ailəyə
vaxtaşırı ərzaq və tikinti materialı
göndərildi. Tbilisidə azərbaycanlı
balalarının oxuduqları 73 saylı orta məktəb
əsaslı təmir olundu. Qısa
müddətdə məktəbdə təhsil alan
şagirdlərin sayı 60-dan 300 nəfərə qalxdı.
Bütün bunlarla yanaşı, soydaşlarımız
yaşayan neçə eldə, neçə obada çoxdan
öz növbəsini gözləyən təmir-bərpa
və tikinti işləri görüldü... Bəzi
qaranlıq mətləblərə aydınlıq gətirildi.
Artıq bir neçə illərdir ki, istər
öz soydaşlarımıza, istərsə də
gürcü qaçqınlarına mütəmadi olaraq maddi
və mənəvi yardım göstərmək, tarixi günlərdə
və bayramlarda sovqatla qapılarına qonaq düşmək,
hər il Qurban bayramında, dini mərasimlərdə
Gürcüstandakı soydaşlarımıza və onların
qapı bir qonşuları olan gürcü dostlarımıza
yardımlar paylamaq bir adət kimi diqqəti cəlb edir. Şəmkirlilər
eyni zamanda vaxtaşırı olaraq Abxaziyada milli
münaqişələrdən sonra doğma
ev-eşiklərindən, yurd-yuvalarından qaçqın
düşüb Tbilisidəki “İveriya” mehmanxanasında
məskunlaşan gürcülərə də əl tutur,
onlara da yardımlar edirlər. Ulu
öndərimiz Heydər Əliyevin göstərişi ilə
1995-ci ildən başlayaraq Tbilisidəki səfalı
Nəbatat bağında 200 kvm-dən çox ərazi
abadlaşdırılıb, azərbaycanlı
şəxsiyyətlərin əbədiyyətə
qovuşduğu bu müqəddəs yer əsl ziyarətgaha
çevrilib. Hələ 70-ci
illərdə Heydər Əliyevin təşəbbüsü
ilə qoyulmuş böyük mütəfəkkir Mirzə
Fətəli Axundovun büstü bərpa edilib, unudulmaz
şairimiz Mirzə Şəfi Vazehin məzarı
abadlaşdırılaraq, qəbirüstü abidəsi yaradılıb.
1918-1920-ci illər Azərbaycan Demokratik Cümhuriyyətinin
banilərindən və ilk qurucularından
olan Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin,
Qafqazın ilk şeyxülislamlarının və 26
nəfər milli mücahidin itib batmaqda olan məzarları
tapılıb, onların qəbirüstü abadlaşdırılıb
və onların ruhuna hörmət əlaməti olaraq
pantion qalereya ucaldılıb. 1996-cı ildə mərhum
Prezidentimiz Heydər Əliyev Gürcüstanda olarkən
səfalı Nəbatat bağında - yeni
yaradılmış Pantionda da olub. Azərbaycan
ziyalılarının məzarlarını ziyarət edib.
Fətəli xan Xoyskinin büstünün
açılışında şəxsən iştirak edib. Dünya şöhrətli siyasətçi
indiyədək burada son mənzilləri o qədər də
bəlli olmayan azərbaycanlı mütəfəkkirlərin
uyuduqları məzarlıqda səliqə-səhman yaradan
və öz şəxsi vəsaitləri hesabına
Fətəli xan Xoyskinin və Azərbaycan Xalq
Cümhuriyyətinin bir çox liderlərinin
büstünü ucaldan şəmkirli ziyalıların
təmənnasız xidmətlərini tarixin
başucalığı adlandırıb və yüksək
qiymətləndirib. Mərhum Prezident Heydər Əliyev o zaman
iki dövlət, iki xalq arasında dostluq simvoluna
çevrilmiş Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı Aslan Aslanov haqqında bu sözləri
demişdir: “Aslan Aslanov mənim tapşırığımla
Gürcüstanda daha çox işlər görüb,
nəinki Azərbaycanda. Aslan Aslanovun Gürcüstanda
Azərbaycanla bağlı həyata keçirdiyi və
keçirəcəyi bütün tədbirləri
alqışlayır və alqışlayacaqlar”.
Azərbaycan prezidentinin bu sahədəki ideya
istiqaməti, habelə Tbilisi görüşlərində
irəli sürdüyü təklif və tövsiyələr
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı
Aslan Aslanovun, eləcə də onun
təşkilatçılığı ilə tez-tez
Gürcüstanda olan Şəmkir ziyalılarının
fəaliyyət dairəsini daha da genişləndirmiş,
onlar üçün yeni əlaqələr proqramı
müəyyənləşdirmişdir... Belə
ki, mən, Söhrab Tahir, Lütfiyar İmanov, Polad
Bülbüloğlu, Anar şəmkirlilərin təşkil
etdiyi tədbirlərdə fəal iştirak etmişik,
görülən işlərdən məmnunluq duymuşuq.
Öyünüləsi haldır ki, Cəlil
Məmmədquluzadənin evi muzeyə çevrilib, “Qeyrət”
mətbəəsi artıq bizim əlimizdədir. Eşitdiyimə görə, həmin muzey
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
balansına verilmişdir.
Şəmkirlilərin yaxından köməyi ilə
Gürcüstan - Azərbaycan Mədəni Əlaqələr
Cəmiyyətinin nəzdində İsmayıl İsfahanlı
adına teatrın fəaliyyəti də bərpa
olunmuşdur. Şəmkir Rayon İcra
Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov
50-yə yaxın kitabın Azərbaycan dilindən
gürcü dilinə (o cümlədən professor V.Abdullayevin
Prezidentimiz cənab İlham Əliyevin siyasi kursunu əks
etdirən “O, böyük siyasətə hazırdır”
adlı kitabını) gürcü dilindən Azərbaycan
dilinə tərcümə etdirmiş, bir çox dahi
yazıçılarımızın, şairlərimizin
əsərlərinin qarşılıqlı
tərcüməsinə yardım etmişdir. Buraya
ilk növbədə Azərbaycan Prezidenti Heydər Əliyevin
siyasi fəaliyyətindən bəhs edən, habelə onun
daxili və xarici siyasətini dəstəkləyən kitablar,
eləcə də Gürcüstan prezidenti Eduard
Şevardnadzenin mövqeyinə işıq salan
əsərlər daxildir. Azərbaycan -
Gürcüstan dostluq əlaqələrinin
güclənməsində gördüyü işlərin bir
qismini açıqladığımız Aslan Aslanov indi
də bu yöndə öz köməkliklərini əsirgəmir,
bu yöndə müraciətlərə çox həssas
yanaşır. Bu yaxınlarda Dmanisi rayonunun Qarabulaq
kəndindən mənə müraciət etmişdilər ki,
onları tariximizlə, ədəbiyyatımızla
bağlı jurnallarla təmin edək və kəndin bir qrup
sağlamlığını itirmiş insanına əlil
arabası göndərək. Mən də bir şair kimi Aslan
Aslanova üz tutdum, soydaşlarımızın probleminin
həllində onun köməyindən yararlandım.
Buradan da göründüyü kimi,
ölməz Heydər Əliyev siyasi kursunu həyata
keçirən cənab Prezidentimiz İlham Əliyev
dünyanın aparıcı ölkələri ilə yanaşı,
qonşu dövlətlərlə münasibət qurulması
yönündə də varislik missiyasını
şərəflə həyata keçirir. Eləcə
də Heydər Əliyev Fondu da Gürcüstana qayğı
göstərir, problemlərin həllində yaxından
iştirak edir.
Gürcüstan dövlətinin Tbilisi
şəhərinin fəxri vətəndaşı,
Gürcüstan dövlətinin “Sədaqət” ordeni ilə
təltif olunmuş Aslan Aslanov 2003-cü ildən bu
günə qədər cənab Prezidentimiz İlham
Əliyevin himayəsi və tapşırığı ilə
yenə iki dövlət arasında dostluğun, qardaşlığın
inkişafı və tərəqqisi üçün
əlindən gələni əsirgəmir. Aslan Aslanov bu
gün Kənd təsərrüfatı nazirinin müavini
vəzifəsində çalışsa da, yenə də
qonşu dövlətin ərazisində yaşayan
azərbaycanlılardan istər maddi, istərsə də
mənəvi dəstəyini əsirgəmir. Yenə də
xalqın milli dəyərlərinin, mədəniyyətinin
qorunub saxlanılmasında və inkişafında yaxından
iştirak edir. Cənab Prezidentimiz İlham Əliyev də
şəmkirlilərin, xüsusilə də Aslan Aslanovun
əməyini yüksək qiymətləndirmişdi:
“Azərbaycan dövlətçiliyinin və ərazi
bütövlüyünün qorunub saxlanılmasında və
inkişaf etdirilməsində şəmkirlilərin
böyük əməyi vardır və mən bunu bəyan
edirəm. Bunu bütün Azərbaycan xalqı bilməlidir.”
Ölkə başçısı tərəfindən
əməyi yüksək səviyyədə
qiymətləndirilən A.Aslanovun bədxahları da
vardır. Onun həyatına dəfələrlə
təcavüzlər olsa da, özünə, həyatına
sui-qəsd etmişdilər. Ancaq o, həmişə İlham
Əliyevin qayğısı ilə əhatə olunmuşdur.
Bu barədə mənim bir yazım da var.
Bu gün cənab İlham Əliyev ölməz
Heydər Əliyev siyasi kursunun davamçısı olaraq,
Gürcüstan, Rusiya, Türkiyə, İran, kimi
qonşularımızla, eləcə də Amerika
Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa,
Avropa Birliyi ilə də çox gözəl
münasibətlər yarada bilmişdir. Bütün
bunları yüksək dəyərləndirən
dövlətimizin başçısı İlham Əliyev
deyib ki, “bu siyasətdə biz xalqımızın və
ölkəmizin beynəlxalq əməkdaşlıqdan
bəhrələnməsini əsas diqqət
mərkəzində saxlayırıq. Bizim
üçün Avropa Birliyi, Fransa ilə əlaqələr -
Amerika, Rusiya və digər ölkələrlə
əlaqələrimiz qədər vacibdir. Azərbaycanı
əməkdaşlıq zonasına çevirmək
niyyətimiz müvəffəqiyyətlə həyata
keçmişdir. Bütün bunlar bizim xeyrimizə xidmət
edir”.
Bu gün Azərbaycanın dünya ölkələri ilə,
beynəlxalq təşkilatlarla həm siyasi, həm iqtisadi,
həm də mədəni əlaqələri
yüksələn xətt üzrə dinamik inkişaf edir
və bir-birini tamamlayır. Möhtərəm İlham
Əliyevin prezident seçildiyi qısa vaxt ərzində
dinamik fəaliyyəti beynəlxalq aləmdə Azərbaycanla
bağlı müsbət imicin formalaşmasında
mühüm rol oynayıb.
Mən bu sətirləri “Şərq”də
dərc etdirərək Gürcüstanda, Dağıstanda,
Rusiyanın ayrı-ayrı vilayətlərində yaşayan
soydaşlarımızla əlaqələrə önəm
verilməsinin vacibliyini vurğulayır və İlham
Əliyevin apardığı siyasətin üzərimizə
daha böyük vəzifələr qoyduğunu
düşünürəm.
Şərq.-2007.-24 aprel.-S.6.