Xatun

 

Filmlərin saxlanma şəraiti yaxşı deyil

 

Bu səbəbdən xaricdə saxlanılan orijinal nüsxələr ölkəyə gətirilmir

 

SSRİ dönəmində çəkilən filmlərin əksəriyyətinin orijinal nüsxələri Rusiya Dövlət Film Fondunda saxlanılır. Bu nüsxələrin ölkəmizə gətirilmədiyinə əsas səbəb onların saxlanması üçün şəraitin olmamasıdır. Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, hazırda fond üçün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə beynəlxalq standartlara cavab verən yeni bina inşa edilir:
"Hələ ki Dövlət Film Fondunda filmlərin saxlanma şəraiti yaxşı deyil. Bundan başqa, otaqların sayı çox azdır. Yeni bina hazır olan kimi, filmlərin orijinallarının Moskvadan gətirilməsi barədə məsələ qaldırılacaq".
Bununla belə, son üç ayda milli kinomuzun inkişaf tarixini özündə əks etdirən bəzi nadir filmlər fondun arxivinə təhvil verilib. Belə ki, dahi bəstəkar Müslüm Maqomayevə həsr olunan film əldə edilib ki, bu filmdə ilk milli qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmədova, maestro Niyazi xatirələrini bölüşüblər. Filmdə bəstəkarın nəvəsi SSRİ xalq artisti Müslüm Maqomayevin də müsahibəsi yer alıb.
Direktor onu da bildirdi ki, vaxtilə Adil İsgəndərovun Ələsgər Ələkbərova hədiyyə etdiyi 10 dəqiqəlik film də fondun arxivinə daxil edilib. C.Quliyevin məlumatına görə, görkəmli rejissor Tofiq İsmayılovun 1967-ci ildə lentə aldığı "Şəhərimin daşları" sənədli filmi bərpa olunaraq fondun kataloquna daxil edilib:
"Eyni zamanda, bir çox rejissor və operatorlar öz şəxsi arxivlərini fonda hədiyyə ediblər. Məsələn, Niyazi Bədəlovun lentə aldığı sənədli filmlər onun ailəsi tərəfindən fonda verilib. Kinorejissor Şamil Nəcəfzadə öz filmlərini, Rüstəm İbrahimbəyov "Köçərilər" filminin bir nüsxəsini, Ayaz Salayev "Yarasa", Afaq Bəşirqızı atasının Tacikistanda çəkildiyi "Xoca Nəsrəddinin 12-ci qəbri" filmini fondun arxivinə təqdim edib. Bu yaxınlarda mərhum Hacıbaba Bağırovun kinodakı fəaliyyəti ilə bağlı arxivini ailəsi bizə verəcək".
Cəmil Quliyevin sözlərinə görə, Dövlət Film Fondunda Elmi-Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb. Artıq bir neçə elmi əsər nəşr olunmaq üçün hazırdır. Azərbaycan, rus və ingilis dillərində çap olunacaq bu elmi araşdırmaların elektron variantları da hazırlanacaq.

 

Ayna.-2007.-5 aprel.-S.8.