Kəbutər

Köhnə kişilər yeni layihədə

Rüstəm İbrahimbəyov yanvarda dərslərin başlaması nəzərdə tutulan məktəbin özünü doğruldacağına inanmadığını nümayiş etdirdi

Bir neçə gün öncə “İbrus” teatrının binasında fəaliyyət göstərəcək Beynəlxalq Kino Məktəbinin fəaliyyətə başladığı haqqında cəmiyyətə açıqlama verildi. Mətbuatda bu barədə ilkin məlumatlar getdiyindən birbaşa mətləbə keçək. Dövlət başçısının kinonun inkişafı ilə bağlı məlum sərəncamından sonra Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən, Azərbaycan Kinematoqrafçılar Birliyinin hərəkətə gəlməsi yeni layihələr axınının reallaşmasına rəvac verdi.  Azərbaycan Beynəlxalq Kino Məktəbində ali təhsilli şəxslər dörd ixtisas üzrə - kinoşünas, kinorejissor, kinoprodüsser və kinodramaturq - dərs alacaqlar. Məktəbdə ABŞ, Fransa, Rusiya və digər xarici ölkələrdən dəvət olunmuş  mütəxəssislər mühazirələr oxuyacaqlar. Kino Birliyinin rəhbəri Rüstəm İbrahimbəyov yaradıcısı olduğu “İbrus” teatrı  ilə Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfəyə yenisini də əlavə etdi.   Yeri gəlmişkən,  milli kino tarixində əvəzsiz xidmətləri olan bu böyük sənətkarın “Azərbaycan” kinoteatrını almaq niyətində olduğunu da deyirlər. Çox böyük məbləğə özəlləşəcək kinoteatrların birinin də Kino Birliyinə məxsus olması üçün çalışan Rüstəm İbrahimbəyov bu niyyətini açıqlayanda Oqtay Mirqasımovun etirazı ilə üzləşib. Etirazın doğurduğu səbəblər maraq dairəmizdə olmadığından bircə onu qeyd edək ki, “Azərbaycan” kinoteatrının birliyə məxsus olması kinematoqrafçıların  fəaliyyəti üçün çox geniş şərait yaradacaq.  Müxtəlif kinofestivalların keçirilməsi, filmlərin müntəzəm nümayişi, Birliyin fəaliyyətini sərgiləmək üçün belə əlverişli bir məkanın birbaşa təşkilatın özünə məxsus olması hər şey deməkdir. Üstəgəl, Rüstəm İbrahimbəyovun öz vəaiti ilə almaq niyyətində olduğu kinoteatrın fəaliyyətinin  birliyin büdcəsinə gətirəcəyi gəlir. Belə bir şəxsin Azərbaycan Kino Məktəbini yaratması həmin sahənin inkişafının bir neçə onillikdən sonra hansı səviyyədə olacağından xəbər verir. Lakin... Bəzi maraqlı məqamlar var ki, onu hökmən qeyd etmək lazımdır. Bəri başdan deyək ki, həmin məqamlara Rüstəm İbrahimbəyovun köməkçisi kimi təqdim olunan Lalə xanım vasitəsi ilə aydınlıq gətirməyə çalışdıq. Lakin bir həftəlik ciddi-cəhdimiz  vaxtımızı itirməklə nəticələndi. Gün ərzində biz Lalə xanımla əlaqə yarada bilmədik və belə məlum oldu ki, ona suallarımızı verməklə bu həddindən artıq məşğul şəxsin vaxtını almış olarıq. Lalə xanımın  iş prinsipinə etirazımızı  bildirəndə bizə belə məsləhət  gördüklərindən  dəqiqləşdirmək istədiyimiz məqamları müzakirə etmədən oxucuların diqqətinə çatdırırıq. Azərbaycan Kino Məktəbinin yaradılması haqqında mətbuata açıqlama verən heyətin tərkibində təşkilatçı özü-Rüstəm İbrahimbəyov yox idi. Maraq doğuran birinci məqam odur ki, dünya şöhrətli kinematoqrafçı ən adlı-sanlı kino məktəbləri ilə bir sırada durmaq iddiasında olan bir təhsil ocağının xeyir-duasında iştirak etmir. Məktəbin fəaliyyətə başlayacağı haqda açıqlama günü Rüstəm İbrahimbəyov arada görünmür. Görünən simalar isə tamaşaçının hələ də unuda bilmədiyi sabiq  telediktor Rafiq Hüseynov, məktəbin direktoru qismində təqdim olunan Cəmil Quliyev və birliyin katibi Abbas Əliyev olub.

Maraq doğuran daha bir məqam isə  dərs deyəcək müəllimlərin sırasında Rafiq Hüseynovun da adı çəkiləndə yarandı. . Adətən televiziyalara sınaq dərslərinə gələn gənclərə danışıq mədəniyyətindən dərs deyən təcrübəli diktorlar ali təhsilli kinematoqrafçılara nə öyrədə bilərlər. Rafiq müəllim də o cümlədən. Müdiri olduğu sahədə hələ ki, bir uğur, irəliləyiş əldə edə bilməyən Cəmil Quliyevdən daha çox, Abbas Əliyevin soyadı oxucunu heyrətdə qoyur. Vaxtilə kukla fibrikinin direktoru olmuş, həmin fabriklə bağlı açılmış  cinayət işindən sonra meylini kino sahəsində külüng çalmağa salmış Abbas Əliyev hansı peşəkarlığın sirlərini öyrədəcək Azərbaycan kinosunun şöhrətini dünyaya yaymaq iddiasında olan tələbələrə. O cümlədən, Cəmil Quliyev. Kino məkanında baş alıb gedən intriqalar və dartışmalarımı?

Yanvarda tədrisin başlaması nəzərdə tutulan məktəbin  açılışının bu qədər gecikməsi bir yana, söhbət həm də Abbas Əliyevin vurğuladığı 260 min manatın söhbətidir. O, bu məbləğ üçün Mədəniyyət və Turizm Nazirliyinə artıq müraciət etdiklərini deyir. Azərbaycan Beynəlxalq Kino Məktəbi tədris ocağı kimi fəaliyyət göstərəcəksə onda lazım olan vəsaiti Mədəniyyət və Turizm Nazirliyi niyə ayırmalıdı? Mədəniyyət və Turizm Nazirliyinin büdcə kəsiri hətta digər layihələri həyata keçirməyə güclə çatdığı bir vaxtda əlavə xərclərin ortaya çıxması problemlər yaratmayacaqmı?

Bir sözlə, Azərbaycan kinosunu dünya müstəvisinə çıxarmaq üçün fəaliyyətə başlayacaq bu məktəbin açılışında tək bir Rüstəm İbrahimbəyov olsaydı ictimaiyyətə daha ciddi  və  daha optimist təsir bağışlardı. Köhnə kişilərin yeni layihədən danışması bu yeniliyin nəsə bir uğur gətirəcəyinə inamı yarıbayarı azaldır.

Yeni Azərbaycan.-2007.-12 aprel.-S.8.