Mariya Kaçinska: Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, xalqınızın qonaqpərvərliyi məndə unudulmaz hisslər doğurdu

 

Bu sözləri ölkəmizdə səfərdə olan Polşa Prezidenti Lex Kaçinskinin xanımı Mariya Kaçinska martın 31-də İçərişəhərdə 2 saatadək davam edən gəzintidən sonra demişdir.
Hətta proqramda əvvəlcədən nəzərdə tutulmamış yerlərə baş çəkən Polşanın birinci xanımı əsrlərin yadigarı olan İçərişəhərdə gördüyü hər şeylə maraqlanır, xalçaçılıq sənəti, tarixi binaların memarlıq elementləri barədə suallar verir, ətraflı məlumat almağa çalışırdı. Tarix, etnoqrafiya memarlığa marağı dərhal hiss edilən xanım Kaçinska Azərbaycan haqqında oxuduqlarının, eşitdiklərinin bir daha əyani şahidi olduğunu, xalqımızın dini tolerantlığını, ölkəmizin Şərq-Qərb sivilizasiyasının qovuşduğu çox nadir bir məkanda yerləşdiyini xüsusi vurğuladı. Hörmətli qonaq xalça muzeyinin Şirvanşahlar sarayının xatirə kitablarına yazdığı ürək sözlərində Bakını, xalqımızı həmişə məhəbbətlə yad edəcəyini bildirdi.
Qız qalası, Karvansara, xalq rəssamı Kamil Əliyevin xalça muzeyi, Şirvanşahlar sarayı ilə tanışlıqdan son dərəcə məmnunluğunu vurğulayan xanım KaçinskaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarını, onu müşayiət edən jurnalistləriAzərTAc-ın AzTV-nin müxbirlərini Polşaya dəvət etdi.
Xanım Kaçinskaya xatirə hədiyyələri təqdim edildi, o da olduğu hər bir mədəniyyət obyektinin nümayəndələrinə hədiyyələr bağışladı. 17 ildən bəri Bakıda yaşayan, xalqımızın tarixi mədəniyyətinə yaxşı bələd olan soydaşı, turizm meneceri Marık Lexsə İçərişəhərlə tanışlıq zamanı verdiyi ətraflı məlumata görə minnətdarlıq etdi.

 

Xalq qəzeti.- 2007.- 1 aprel.- S. 3.