Məhərrəmova T.
Altı filmin
möcüzəsi
Hacıbaba
Bağırov az çəkilməsinə baxmayaraq, kinoda da
öz sözünü demişdi
Hər bir
sənətkarın ən böyük xoşbəxtliyi
nəinki sağlığında qiymətləndirilməsi,
ölümündən sonra da adının hörmətlə
yad edilməsidir. Azərbaycan mədəniyyəti tarixinə
gülüşlə daxil olan Hacıbaba Bağırov da
belə sənətkarlardan idi. Teatr tariximizdə onun
danılması mümkün olmayan yeri var. Bu yeri o, heç
şübhəsiz, öz sənətkar istedadının,
ilhamının qüdrəti ilə fəth edib. 75 illik
ömrü ilə gülüşümüzün tarixinə
çevrilib..
Görkəmli aktyor eyni zamanda, öz
adını kino tariximizdə əbədiləşdirən
rolları ilə də təsdiqləyib. "Ulduz"da
Möhsün, "Qanun naminə"də Arif, "Onun
bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya
bənzər"də Məmmədəli,
"Şirbalanın sonuncu məhəbbəti"ndə
Şirbala tamaşaçıların böyük
məhəbbətini qazanıb. Bəlkə də elə
təkcə bu filmlərə baxıb, onun qürurla:
"Teatr, kino məni həyatımdır" deməsinə
haqq qazandırmaq olar.
Dünən Muzey Mərkəzində
görkəmli gülüş ustasının 75 illik yubileyi
münasibəti ilə keçirilən gecə də bu
sözlərin gerçək təsdiqinə çevrildi. Dövlət Film Fondunun direktoru, kinoşünas
Cəmil Quliyev "75 illik yubileyini qeyd etdiyimiz Xalq artisti,
görkəmli teatr və kino xadimi Hacıbaba Bağırov
ömrünün yarısından çoxunu
sənətə, Azərbaycan mədəniyyətinin
inkişafına həsr edib. Bu tədbir iki aydan sonra
Hacıbaba Bağırovun dövlət səviyyəsində
qeyd olunacaq 75 illik yubileyi ərəfəsində onun kino
fəaliyyətini xatırlamaq üçün keçirilir.
Hacıbaba Bağırovun kino fəaliyyətini
vərəqləməyi özümüzə borc bilirik. Onun
oynadığı filmlər çox deyil, ancaq
yaratdığı obrazlar çox dəyərlidir.
Hacıbaba Bağırovun çox gözəl
dəst-xətti var idi. Bu gün həmin dəst-xəttə
nəzər salmağı özümüzə mənəvi
borc bilirik" - deyə gecənin məqsədini
açıqladı.
Tanınmış kinoşünas Aydın
Kazımov gecənin qonaqları üçün Hacıbaba
Bağırovun həyat və yaradıcılıq
fəaliyyətini vərəqlədi:
- Hacıbaba Bağırovun çox maraqlı
tərcümeyi-halı var. Onun həyat yolu hamar
olmayıb. Uşaqkən pionerlər
sarayındakı dram dərnəyində
çalışıb. Görkəmli
reyissor Adil İsgəndərov onu "Vaqif"də Vidadi
rolunda görəndən sonra teatr studiyasına dəvət
edib. Hacıbaba onun rəhbərliyi
altında aktyorluq sənətinin sirlərini öyrənib.
Hələ uşaqlıqdan sənət onun
qanına hopmuşdu. Sonra teatr
fəaliyyətini Lənkəranda, daha sonra Gəncədə
davam etdirib.
90-cı
illərdə ölkədə hərc-mərclik yarananda o,
Tənqid-Təbliğ Teatrını açır. Ətrafına
cavanları yığıb sənəti davam etdirir. O,
əsl sənət yaradıcısı idi.
1996-cı ildən
Musiqili Komediya Teatrına qayıdan Hacıbaba Bağırov
fəaliyyətini ömrünün sonuna qədər bu
sənət ocağında davam etdirir.
Hacıbaba
Bağırov teatr sənəti ilə yanaşı,
Azərbaycan kinosunda da bir sıra yaddaqalan obrazlar yaradıb. 6
filmə çəkilməsinə baxmayaraq, onun
yaratdıqlarının hamısı yaddaqalan obrazlardır.
Hacıbaba
Bağırov ilk dəfə 1964-cü ildə reyissor
A.Quliyevin "Ulduz" musiqili kinokomediyasında
çəkilərək, teatrda olduğu kimi, bu filmdə
də Möhsün surətini ustalıqla yaradıb. Aktyor
müsahibələrinin birində bu rolu barədə belə
demişdi: "Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim
üçün çox asan idi. Ancaq
eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar,
çox həyəcanlandım. Əvvəla,
mən filmə heç çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film
ekranlara çıxanda qanadım olsaydı, uçardım.
İlk dəfə idi ki, öz oynuma oturub
kənardan baxa biləcəkdim. Doğrudan
da, "Ulduz" mənim aktyorluq fəaliyyətimə,
mənim aktyor asimanıma əsl ulduz bəxş elədi.
Möhsün rolunun uğurunun başlıca
səbəbi obrazın mənə yaraşması idi".
"Ulduz"
filmində Azərbaycanın komik ulduzlar qalereyası
nümayiş olunurdu. Gülüş
korifeyləri Lütfəli Abdullayev, Bəşir
Səfəroğlu və Nəsibə Zeynalova ilə
bərabər gənc gülüş ustası
H.Bağırovun da ekranlara çıxması böyük
marağa səbəb olmuşdu. O zamankı mətbuat
bütövlükdə filmi, xüsusilə də
Möhsün obrazını yüksək
dəyərləndirir.
Hacıbaba Bağırovun kinoda ikinci işi
reyissor Muxtar Dadaşovun "Qanun naminə" bədii
filmində (1968) Arif rolu idi. Reyissor Muxtar Dadaşov da
Hacıbaba Bağırova böyük məhəbbət
bəsləyirmiş. "O, böyük sənətkardı.
Hacıbaba çox istedadlı, zəhmətsevər və
işgüzardır. Onun üçün ayrıca
ssenarilər yazılmalıdır. Həmişə onun
oxumalarına, rəqslərinə baxanda
fikirləşirsən ki, o, səhnə üçün
doğulub. Heyif ki, reyissorlar onun istedadından lazımınca
istifadə etmədilər" - deyə reyissor
xatirələrində yazıb.
Muxtar Dadaşov Hacıbaba Bağırovu
"Qanun naminə" filmində Arif roluna çəkir. Bu,
onun oynadığı ilk və yeganə dramatik rol idi. Aktyor
rolunun öhtəsindən ustalıqla gələrək
reyissorun inamını doğruldur.
Reyissor Arif Babayevin 1975-ci ildə quruluş
verdiyi "Alma almaya bənzər" kinokomediyasında
isə Hacıbaba Bağırov bazar müdiri
Məmmədəli rolunu böyük məharətlə oynayır.
A.Babayev "Alma almaya bənzər" filmini
çəkməmişdən qabaq: "Əgər reyissorlar
səni başqa filmə çəkmək istəsələr,
razı olma. Mən səni nəzərdə tutmuşam,
baş rolda çəkəcəm" - deyə bildirir.
Hacıbaba Bağırov reyissorun inamını doğruldaraq həmin
filmdə "bazarkom"un tipik nümayəndəsini
məharətlə yaradır.
"Alma almaya bənzər" ekranlara
çıxanda tənqidçilər tərəfindən
tənqid atəşinə tutuldu. Ancaq kinoşünaslar
uzaqgörən idilər. Dedilər ki, vaxt olacaq, o filmin
qiyməti veriləcək. Doğrudan da belə oldu" -
deyə həmin filmdə Kərimov rolunu oynayan Cəmil Quliyev
xatırladı.
Bu filmdən sonra görkəmli aktyor reyissor
N.Abbasın "Bir az da bahar bayramı" televiziya
filmində (1979) satıcı və reyissor Z.Abbasovun "Onun
bəlalı sevgisi" bədii filmində (1980) Qaraxalov
rolunda çəkilir.
1991-ci ildə reyissor C.Quliyevin çəkdiyi
"Şirbalanın məhəbbəti" musiqili
kinokomediyasında Hacıbaba Bağırov özünün
kinoda son rolunu oynayır.
Xalq artisti Muxtar Manıyev Hacıbaba
Bağırovun insani keyfiyyətlərindən söhbət
açdı: "Hacıbaba açıq insan idi. Təmiz
ürəyi vardı. Səmimi idi. Onda keçmiş aktyorlara
xas olan gözəl bir xüsusiyyət də var idi: dostunun
uğuruna sevinərdi. O, insanlarda yaxşı
xüsusiyyətləri görməyi bacarırdı. Bu,
rəhbər üçün çox vacib keyfiyyətdir. O,
tərəf-müqabil olacaq insanı tanımaq istəyirdi.
İndiki dövrdə sənətkarın sənətkar
haqqında söz deməsi çox çətindir. O isə
bunu bacarırdı".
Aktrisa Kübrabəyim Əliyeva sənət
dostunu xoş hisslərlə xatırladı: "İlk
dəfə 1971-ci ildə Gəncə teatrından Bakıya
gələndə "Muskomediya"nın səhnəsinə
çıxdım. "Həyatım mənim, həyətim
mənim" tamaşasında Hacıbaba Bağırovla
tərəf-müqabil oldum. Hacının mənə
köməyi çox oldu. Sonradan Azərbaycanın elə bir
bölgəsi olmadı ki, Hacıbaba Bağırovla qastrol
səfərinə çıxmayım. Onun 50 illik yubileyi
münasibəti ilə Tovuz rayonunda olarkən ilk dəfə
stadionda tamaşa oynadıq. Ondan sonra ölkəmizdə
stadion "erası" başlandı.
Hacıbaba Bağırov çox mədəni
və işgüzar aktyor idi. Yadımdadır ki,
"Şirbalanın sonuncu məhəbbəti"ndə
yayın 40 dərəcə istisində çəkilirdik.
Bəlkə də bu filmə adi baxırlar. Ancaq inanın ki,
nəinki ölkəmizdə, hətta ölkəmizdən
kənarda nə qədər azərbaycanlı ailəsi varsa,
onlarda həmin filmin videokaseti var. Xoşbəxtəm ki,
mən də həmin filmdə onunla tərəf-müqabil
olmuşam. Bu gün o, aramızda olmasa da, Hacıbaba gülüşü
böyük sənətkardan bizə yadigar qalıb".
Xalq artisti Həmidə Ömərova da
həmin kinokomediya ilə bağlı xatirələrindən
söhbət açdı:
- O vaxt filmə dəvət
alanda çəkilmək istəmirdim. Çünki
həmişə dərin psixoloyi filmlərdə
oynadığımdan komediyada oynamaq nədənsə
mənə qəribə gəlirdi. Ancaq
filmdən sonra heç bir peşmançılıq hissi
keçirmədim. Hacıbaba Bağırov
o filmə çəkilməyi çox istəyirdi. Elə bil ki, sonuncu filmi olacağını bilirdi.
Nə yaxşı ki, həmin film kino
tariximizə yadigar qaldı. Sonradan bu filmin
"Nizami" kinoteatrında premyerası
keçiriləndə gedə bilmədim. Həmin
gün onun sevincinə şərik ola bilmədiyim
üçün indi də vicdan əzabı
çəkirəm.
Hacıbaba
Bağırov gözəl insan idi. O, pislikləri
unutmağı bacarırdı, kin saxlamırdı. Bu, yaradıcı insan üçün böyük
xüsusiyyətdir. Onda rəqabət hissi
yalnız sənətdə idi.
Yubiley tədbirinin
sonunda Hacıbaba Bağırovun həyat yoldaşı Arzu
xanım aktyorun yad edilməsinə görə gecənin
təşkilatçılarına və qonaqlara
minnətdarlığını bildirdi.
Kaspi.-2007.-26 aprel.-S.16.