Məhərrəmova T.
Hamı
üçün Kino Məktəbi
Deyəsən, milli
kinomuzun kadr problemlərinə çarə tapılır
Bakıda kino təhsili,
yəni milli kinomuz üçün kadrlar yetişdirilməsi
həmişə ağrılı məqam olub. Nə
üçün ağrılı məqam, deyəcəksiniz?
Tək ona görə yox ki, bu sahədə
ləngliyimiz, geriliyimiz var, həm də ona görə ki,
ümumən təhsil məsələsi ağrılı
yerimizdir və söhbət gələcək kadrların
hazırlıq səviyyəsindən gedirsə, indidən
bütün qüvvələri toplayıb tam
güclə işə başlamaq gərəkdir.
Qeyd edək ki, Azərbaycan kinosunun kadr
potensialı kimi bir məsələ uzun illər Moskvanın
ali təhsil ocaqlarında həll olunub. Təbii ki, kinomuzun
nailiyyətləri də, qüsurları da ilk
növbədə Moskva məktəbinin ayağına
yazılmalıdır. Mədəniyyət və
İncəsənət Universiteti də öz
növbəsində milli kino kadrlarının
hazırlanması ilə məşğuldur. Kino
ictimaiyyətinin bəzi nümayəndələri isə
təkcə bu fakültəylə yüksək
nailiyyətlər əldə etməyin mümkün
olmadığını deyirlər. Əsas arqument kimi
universitetin zəruri maddi texniki bazasının olmaması
faktı göstərilir. Yəni təkcə kitab oxumaqla,
dərs öyrənməklə bu işin peşəkarı
olmaq ağlasığan iş deyil, burada praktiki iş
görülməlidir. Bir halda ki, təhsil obyektlərimiz bir
yana, heç studiyalarımızda da qabaqcıl texniki
vəsaitin mövcudluğundan söhbət gedə bilməz.
Çünki bütün bunlar yetərincə maddi vəsait
tələb edir.
Bəs nə etməli? Kino ictimaiyyətini
düşündürən bu sual mədəniyyət və
təhsil məsələlərinə müəyyən
dərəcədə aidiyyəti olan hər kəsi narahat
etməlidir. Deyəsən, mütəxəssislər
Bakıda Beynəlxalq Kino Məktəbinin yaradılması
ilə sualın cavabını tapıblar.
Praktika hər şeydən üstündür
Dünən "İBrus" Teatrında
Beynəlxalq Kino Məktəbinin (BKM) yaradılması və
təşkilati məsələlərlə bağlı
keçirilən mətbuat konfransında BKM-nin ilkin
fəaliyyəti və gələcək planları ilə
bağlı məlumatlar verildi.
Kinemotoqrafiya İttifaqının katibi Rafiq
Hüseynov Beynəlxaq Kino Məktəbinin tanınmış
kinoreyissor Rüstəm İbrahimbəyovun
təşəbbüsü ilə yaradıldığını
bildirdi: "Artıq bu məktəb yaranıb və bu
məktəbə daxil olmaq üçün 300-dən artıq
sənəd verilib. Onların arasından ən
istedadlıları seçilərək məktəbə
qəbul edilib".
Məktəbin direktoru, kinoreyissor Cəmil
Quliyev anketlərin qəbulundan sonra elan olunan turların
nəticəsi haqqında məlumat verdi: "Birinci turun
nəticəsinə görə, 108 şəxs ikinci tura
buraxıldı. Bu tur da iki hissəyə bölünüb:
birinci, abituriyentlər çəkəcəkləri filmin
ssenarisini təqdim etməli və filmə baxandan sonra film
haqqında resenziya yazmalı idilər. Bu turdan keçən
abituriyentlər üçüncü tura buraxılıblar.
Nəticədə 29 abituriyent əsas kadr
çatışmazlığı hiss olunan kinodramaturq,
reyissor, prodüser, kinoşünas ixtisasları üzrə
məktəbə qəbul edilib".
C.Quliyevin sözlərinə görə,
məktəbə həmçinin ali təhsili olan hər bir
adam sənəd verə bilər. "Bizim məktəbdə
artıq hüquqşünas, iqtisadçı ixtisasları
olan abituriyentlər də təhsil alacaq.
Ümumiyyətlə, bütün qeyri-ixtisas sahibləri kino
məktəbində təhsil almaq hüququna malikdir. Məktəbdə
tədris prosesi emalatxanalarda aparılacaq və bütün
ixtisaslar üzrə emalatxanalar fəaliyyət göstərəcək.
Emalatxanaya isə məktəbin yaranmasının
təşəbbüskarı - Rüstəm İbrahimbəyov
başçılıq edəcək".
BKM-də eyni zamanda, kollec və uşaq kino
məktəbi fəaliyət göstərəcək. Direktorun
sözlərinə görə, tədris müddətində
zəngin proqram nəzərdə tutulub. Dərslərin
keçirilməsi üçün bina axtarışına
isə ehtiyac yoxdur. "İBrus" Teatrının binası
tədris prosesi üçün yararlı olacaq. Ən
əsası, məktəbi bitirənlərə
veriləcək diplomun beynəlxalq statusu olacaq".
BKM-də xarici tələbələrin
təhsil alıb-almamasına gəlincə, hələlik
yalnız bir iranlı gənc tələbəlik hüququ
qazanıb. Rafiq Hüseynovun sözlərinə görə,
məktəbdəki tədrisi dünya standartları səviyyəsinə
qaldıra bilsələr, xarici ölkələrdən
müraciət edənlərin sayı çox ola bilər. Onu
da qeyd edək ki, BKM-də Azərbaycan vətəndaşları
üçün tədris ödənişsiz, xarici
tələbələr üçünsə
ödənişli nəzərdə tutulub.
Direktorun sözlərinə görə,
məktəbin nəzdində kinoklub fəaliyyət
göstərəcək ki, burada tələbələr
özlərini sınayaraq filmlər çəkəcəklər.
C.Quliyev həmçinin məktəbin zəngin filmotekasının
olduğunu bildirdi. Tədris prosesi zamanı xarici
ölkələrin praktikasından istifadə etmək
nəzərdə tutulub. Məsələn, prodüser
hazırlığı üçün ABŞ, Fransa, Rusiya
ölkələrindən mütəxəssislər
dəvət ediləcək. Eyni zamanda, Ali Rusiya Kino
Məktəbinini proqramından da istifadə olunacaq.
Məktəbdə Rüstəm İbrahimbəyov, Ayaz Salayev,
Cəmil Quliyev, Rafiq Hüseynov, Nadeyda İsmayılova kimi
mütəxəssislərlə yanaşı, müxtəlif
ölkələrdən dəvət olunmuş nüfuzlu
mütəxəssislər də dərs verəcək.
Tədris prosesində tələbələr
təcrübə üçün xarici
ölkələrə də göndəriləcək:
"Fransa səfirliyi həmişə gəncləri dəvət
etmək istəyib. Ancaq problemlər yaranıb. Onların
əsas şərti tələbələrin fransız dilini
bilməsi olub. Ancaq dillə bağlı problemlərin
mövcudluğu bu mübadiləni həyata
keçirməyə mane olub".
Operativ hazırlıq məktəbi
BKM-də aktyorluq kursları
nəzərədə tutulmayıb. C.Quliyevin
sözlərinə görə, məktəb hazırda
formalaşma mərhələsini yaşayır.
Gələcəkdə yeni ixtisaslar, o cümlədən,
aktyorluq, operatorluq ixtisasları da yarana bilər.
Maraqlıdır, BKM-nin işi
Mədəniyyət və İncəsənət
Universitetində kinokadrlar hazırlayan fakültələrin
işinə maneçilik törətməyəcək ki?
Cəmil Quliyevin sözlərinə görə, BKM
istənilən qurumla əməkdaşlıq etməyə
hazırdır: "Bəziləri deyir ki, bu ixtisasları
tədris edən məktəb var. Niyə işdə
təkrarçılığa yol verirsiniz? Qətiyyən
belə deyil. Kino sahəsi ilə bağlı
mütəxəssislər nə qədər çox olsa, o
qədər də rəqabət olacaq. Bizim
Mədəniyyət və İncəsənət
Universitetindən fərqimiz ondadır ki, məktəbə ali
təhsilli şəxsləri qəbul edirik və bu, operativ
hazırlıq məktəbidir. İki il ərzində milli
kinomuz üçün layiqli kadrlar yetişəcək.
Moskvada da Kinematoqrafiya İnstitutundan əlavə ali kurslar
fəaliyyət göstərir".
Qaldı ki, məktəbin
məzunlarının alacağı diplomun hər hansı bir
xarici ölkənin kinokompaniyası tərəfindən
tanınıb-tanımamasına, bu problemin də həlli
yolları düşünülüb. Mübadiləyə
görə, sazişlər əsasında bu və ya digər
məktəblər bir-birinin diplomunu qəbul edir, ya etmir. MDB
ölkələri bir-birinin diplomunu qəbul edir. Qəbul
etməyən ölkələrdə isə həmin
məzunlar yenidən lisenziya almalıdır.
Uşaq Kino Məktəbi
Məktəbin nəzdində təşkil
olunacaq kollecdə isə ali təhsili olmayanlar da təhsil ala
bilərlər. Kollecə hələlik tələbə
qəbul edilməyib.
Uşaq kino məktəbinin yaranmasına
gəlincə, burada əsas məqsəd Rüstəm
İbrahimbəyovun sözləri ilə desək, onların
estetik zövqünü formalaşdırmaq, dünya kinosunu
tanıtmaq məqsədi daşıyır. Artıq
məktəbdə 26-28 uşaq təhsil almaq hüququ
qazanıb. Burada təhsil alacaq uşaqların yaş həddi
8-10, 10-14 arasında olacaq. C.Quliyevin sözlərinə
görə, burada uşaqlara mütəmadi dərslər
keçiriləcək. "Uşaqlar həvəskar kamera
ilə özlərinin oriyinal ssenariləri əsasında bir
növ "Yeralaş" kimi filmlər
çəkəcəklər. İnformasiya dəstəyi
və reklam çarxı hüququ qazanandan sonra isə
həmin filmlər ekranlara çıxacaq".
Eyni zamanda, Uşaq Beynəlxalq Kino
Festivalının keçirilməsi də nəzərdə
tutulub. Burada ən maraqlı cəhət odur ki,
münsiflər heyəti də uşaqlardan ibarət olacaq.
İlk festival bu il keçiriləcək Beynəlxalq
Şərq-Qərb kinofestivalı
çərçivəsində təşkil olunacaq.
Rüstəm İbrahimbəyov amili
BKM-nin fəaliyyəti üçün
artıq müəyyən işlərin
görüldüyünü qeyd edən
"Kinoittifaq"ın İdarə Heyətinin katibi Abbas
Əliyev təşkilati işlər barəsində
məlumat verərək bildirdi ki, bu məsələyə
dövlət səviyyəsində baxılır. "Kinoittifaq" BKM-nin müasir
avadanlıqla təchiz olunması üçün 200 min manat,
dəvət olunacaq müəllimlərin xərcini
ödəmək üçünsə 60 min manat
ayrılması xahişi ilə Mədəniyyət
Nazirliyinə müraciət edib. Təşəbbüs
Mədəniyyət Nazirliyi tərəfindən
bəyənilib. Onlar öz növbəsində Nazirlər
Kabineti qarşısında məsələ qaldırıblar.
A.Əliyev təklifin
bəyəniləcəyinə əmindir. Onun fikrincə, NK-da
oturan şəxslər bu işin əhəmiyyətini
yaxşı başa düşürlər, eyni zamanda,
ictimaiyyət də öz növbəsində bu işə
dəstək olmalıdır.
Məktəb isə hazırda öz
fəaliyyətinə ilkin maliyyə dəstəyi olmadan, daha
doğrusu, Rüstəm İbrahimbəyovun nüfuzuna
arxalanaraq başlayıb. Onların fikrincə, məktəbin
gələcək inkişafında da Rüstəm
İbrahimbəyov amili rol oynayacaq. Maliyyə
məsələsi isə təşkilatçıların
dediyinə görə, həll olunma
mərhələsindədir. Məsələnin
konkretləşməsi isə Nazirlər Kabinetinin
ümidinə qalıb. Təşkilatçılar onu da
bildirdilər ki, vəsait ayrılmasa belə, məktəb
fəaliyyətini davam etdirəcək.
BKM-nin ən böyük uğuru isə
heç şübhəsiz, tez bir zamanda milli kinomuz
üçün kadrların hazırlanması ilə
bağlı olacaq.
Qalanı isə artıq hər bir
tələbənin özündən asılıdır.
Kaspi.-2007.- 10 aprel.-S.16.