Mükərrəmoğlu M.
Cavad xan filmi
çəkilir
Azərbaycan
tarixinin ən şanlı səhifələrindən biri
sayılan gəncəli Cavad xanın taleyi və
qəhrəmanlığından bəhs edən “Cavad xan”
filminin çəkilişlərinə start verildi. Film
dövlət sifarişi əsasında çəkilir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin kino
sənətinin inkişafı ilə bağlı
imzaladığı 23 fevral 2007-ci il tarixli sərəncamda
tarixi filmlərin ekranlaşdırılmasını
nəzərdə tutan xüsusi bənd filmin ərsəyə
gəlməsinə böyük təkan verib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin
qayğısı sayəsində çəkilən filmə
xarici ölkə mütəxəssisləri də cəlb
olunub.
Filmdə hadisələr əsasən Gəncədə
cərəyan edir və ona görə də
çəkiliş qrupu artıq Gəncə
şəhərindədir.
Ötən həftə çəkilişlər 1803-cü
ilin dekabrında gəncəlilərin rus qoşunları
ilə ilk dəfə toqquşduğu tarixi ərazidə –
Xanlar rayonundakı Quru Qobu adlanan yerdə aparıldı.
Artıq bir neçə kadrın çəkilişləri
başa çatıb. Filmdə çətin tryukları
kaskadyorlar qrupunun yerinə yetirməsi nəzərdə tutulsa
da, bir çox aktyorlar, o cümlədən baş rolun
ifaçısı Nurəddin Mehdixanlı bütün
tryuklarda bilavasitə özü çəkilir.
Xatırladaq ki, filmin ssenari müəllifi xalq şairi Sabir
Rüstəmxanlı, quruluşçu rejissoru
Rövşən Almuradlıdır. Cavad xan obrazını
Azərbaycanın xalq artisti Nurədddin Mehdixanlı
canlandırır. Gürcü çariçası Dariya
rolunda Amalya Pənahova, general Sisianov rolunda isə Ramiz Novruz
çəkilirlər.
Yaxın günlərdə Zaqatala-Balakən ərazisində
total döyüş səhnələrinin
çəkilişləri nəzərdə tutulur. Daha sonra
isə Bakıda, “Azərbaycanfilm” kinostudiyasının
pavilyonlarında çəkilişlər davam
etdiriləcək.
Qeyd edək ki, hazırda Gəncədəki
çəkilişlərlə paralel olaraq pavilyonların
hazırlanması prosesi gedir və pavilyonların
çəkilişlərə hazır vəziyyətə
gətirilməsi üçün tədbirlər
görülür. Filmin informasiya mərkəzindən
bildirdilər ki, əgər filmin istehsalı bu templə davam
etsə, yaxın bir neçə ay ərzində
çəkilişləri tamamlamaq mümkün olacaq.
Xalq qəzeti.-2007.-22
aprel.-S.8.