Mükərrəmoğlu M.

 

Filmlər Azərbaycanda turizmin inkişafında mühüm rol oynaya bilər

 

Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi haqqında beynəlxalq turizm təşkilatlarına vaxtaşırı məlumatlar verilir. Dünyanın müxtəlif ölkələrinin turizm mərkəzlərində keçirilən beynəlxalq sərgilərdə Mədəniyyət və Turizm Nazirliyi də yeni-yeni eksponatlarla iştirak edir, ölkəmizin turizm imkanları geniş şəkildə təbliğ olunur. Söz yox ki, belə sərgilərdə turizmlə bağlı çəkilmiş filmlərin mühüm təbliğatı rolu vardır. Son illər “CNF” prodakşn şirkətinin istehsalı olan filmlər xüsusilə böyük əhəmiyyət daşıyır.

Mədəniyyət və Turizm Nazirliyinin bu şirkətlə yaxın əməkdaşlığı nəticəsində bir sıra uğurlu ekran əsərləri yaradılmışdır. Şirkətin direktoru Elçin Əlibəyli mətbuata verdiyi müsahibələrdə bildirmişdir ki, bu əməkdaşlıq artıq xeyli müddətdir ki, davam edir. Şirkətin istehsal etdiyi
“Azərbaycana xoş gəlmisiniz” filmi ötən il Bakıda keçirilən İslam Konfransı Təşkilatının turizm nazirlərinin görüşündə nümayiş etdirildi. O vaxt bu film qonaqlarda böyük təəssürat yaratmışdı.
Şirkətin lentə aldığı ikinci film “Azərbaycan təbiəti müxtəlif fəsillərdə” adlanır. Üçüncü film isə etnoqrafik xarakterlidir. Bu filmdə Azərbaycan musiqisi, mədəniyyəti tam şəkildə əhatə olunur. Dördüncü film sırf turist obyektləri ilə bağlıdır. Elçin müəllimin verdiyi məlumata görə hazırda şirkət Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
“Azərbaycan rəqsləri" filminin çəkilişlərini davam etdirir. Şirkətin hazırladığı ulduz kateqoriyalarına layiq görülmüş otellərlə bağlı reklam çarxları da turizmin təbliğində əhəmiyyətli rol oynayacaq.
Yaxın vaxtlarda isə şirkət “Sirli Azərbaycan” adlı böyük bir layihənin gerçəkləşməsinə başlayacaq. Azərbaycanın Gəmiqaya, Əshabi-Kəf, Kiş kəndindki kilsə və s. bu filmə daxil ediləcək.
İnanırıq ki, bu istiqamətdə şirkət öz fəaliyyətini daha da genişləndirəcək, Azərbaycanda turizmin təbliği işində həmin filmlər böyük rol oynayacaqlar.

Xalq qəzeti
.-2007.-24 aprel.-S.7.