Mürvəyqızı S.

 

İranda Azərbaycan mədəniyyətini təbliğ edərkən daima Bakıdan dəstək alırıq

 

Bir neçə gün bundan öncə İranın Urmiya şəhərindən Bakıya təşrif buyuran güneyli soydaşlarımız zəngin təəssüratlarını bizimlə bölüşdülər. Peyman Əli Rzayi şəhərimizə qonaq qismində gəldiklərini qeyd etdilər. Bakıya ilk səfərlərinin olduğunu vurğulayan qonaqlar ilkin təəssüratlarının zənginliyini dilə gətirdilər. Peyman bu gəlişin uzun illərin həsrətindən sonra gerçəkləşməsindən çox sevindiyini dedi: "Bu arzu illərdir ki, qəlbimdə kök salıb. Nəhayət ki, arzum gerçəkləşdi. Buna görə özümü çox xoşbəxt hiss edirəm". Xalqımızın mədəni irsi ilə çox maraqlandığını dilə gətirən qonaq özü o taydakı fəaliyyəti haqqında da məlumat verdi: "15 ilə yaxındır ki, Azərbaycan mədəniyyətinin təbliği üçün çalışıram.Mən iqtisadiyyat fakültəsini bitirsəm , Anadolu sazı çalmaqdan daha çox zövq alıram.Bakıda olarkən təsadüfən bir kitab evində Yazıçılar Birliyinin katibi Ədalət Əsgəroğlu ilə görüşdüm o, bizi Birliyə dəvət etdi, tanışlığımızdan məmnunluq duyduq. Biz istəyirik ki, Bakı ilə mədəni əlaqələrimizi, xüsusilə musiqi sahəsində təmaslarımızı genişləndirək. İranda "Sevinc", "Buta" adlı ədəbi-mədəni dərnəklər fəaliyyət göstərir.Bu dərnəklərə gənc yazıçılar, tarixçilər toplaşaraq fikir mübadiləsi aparırlar". Peyman gələcəkdə Anadolu sazında ifa etdiyi türkülərdən ibarət disk, yaxud kaset hazırlamağı düşünür.Tehranda Azərbaycan mədəniyyəti həftəsində , "O olmasın, bu olsun" tamaşasında iştirakından danışan soydaşımız İranda belə mədəni tədbirlərin tez-tez keçirilməsi barədə arzusunu dilə gətirdi. Əli Rzayi doğma mədəniyyətimzə dəyər verilən bir ailədə, "Sarı gəlin" mahnısının sədaları altında boya-başa çatdığını, hələ uşaqlıqdan Üzeyir Hacıbəyovun "Koroğlu" operasının, Şövkət Ələkbərovanın ürəyəyatan səsinin vurğunu olduğunu söylədi. Qonaq 4 ilə yaxın bir müddətdir ki, Azərbaycan tarına ürəkdən meyl salıb: "Mən əvvəllər türk sazında ifa edirdim, lakin sonra doğma tara olan maraq onu üstələdi". Soydaşımız İranda mədəni irsimizin təbliği işində Bakıdan daima dəstək aldığını buna görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırdı. Əli Rzayi Urmiyada rəqs sinifləri təşkil etdiyini nəzərə çatdırdı: "İslam dinində rəqs günah sayıldığı üçün biz milli rəqslərimizin səhnədə ifasını təşkil edə bilmərik.Ancaq azərbaycanlıların toy-düyünlərində onlar öz məharətlərini göstərməyə imkan tapırlar.Bu yolla da biz rəqslərimizin yaşamasına çalışırıq". Azəri türklərinin yaratdığı "Bilim yolu" dərnəyinin onlara dəstək olduğunu dilə gətirən soydaşımız çeşidli tədbirlərdə birlik nümayiş etdirdiklərini vurğuladı.Bu yaxınlarda Səttarxanın anım mərasimində bunun bir daha şahidi olduğundan məmnunluğunu ifadə etdi. Əli Rzayi bir məsələni qeyd etməyi özünə borc bildi ki, mətbuat ümumən xalqımız Güney Azərbaycan dedikdə təkcə Təbriz mədəniyyətinə yox, digər şəhərlərin mədəni irsinə eyni marağı göstərsələr, yaxşı olar. Soydaşlarımız İranaUrmiyaya qayıtdıqdan sonra buradakı görüşləri ilə bağlı doğma dildə nəşr olunan qəzet dərgilərə müsahibə verəcəklərini, gələn səfərlərdə Gəncəni Azərbaycanın digər böyük şəhərlərini görmək arzusunda olduqlarını dedilər.
   

525-ci qəzet.-2007.-4 aprel.-S.7.