Sabirqizı Ü.

 

Mirəli Qaşqayın tərtib etdiyi xəritə itib

 

Onun necə itdiyi alimin ailəsinə qaranlıq qalıb

 

Aprelin 17- Azərbaycan Milli Elmlər Akademiyasının banilərindən olan, görkəmli geoloq-tədqiqatçı Mirəli Qaşqayın 100 yaşı tamam olacaq. Yubileylə bağlı reyissor Elçin Musaoğlunun quruluşunda Mirəli Qaşqayın həyat yaradıcılığından bəhs edən sənədli film ekranlaşdırılıb. Oqtay Mirqasımovun prodüserliyi ilə istehsal olunan "Qaşqayın son proqnozu" filminin təqdimat mərasimi ötən gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. 40 dəqiqədən çox vaxtı əhatə edən sənədli filmdə akademik professorlar Mirəli Qaşqay haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, M.Qaşqayın həyat yoldaşıUlduz Qaşqay, oğlu Çingiz Qaşqay, qızı Aybəniz Qaşqay onun həyatının gizli məqamlarından söz açıblar.

Tədbirdə çıxış edən Xalq artisti Oqtay Mirqasımov Mirəli Qaşqay kimi görkəmli simanın həyatını bir filmdə cəmləməyin çox çətin olduğunu önə çəkərək bildirib ki, filmi çəkməkdə əsas məqsəd tamaşaçılara onlara tanış olmayan məqamları çatdırmaqdır: "Eyni zamanda, qüdrətli şəxsiyyətin çox maraqlı həyat yaradıcılığıbarədə izləyicilərə geniş məlumat verilib. Gənclərimiz bilməlidirlər ki, onlar Üzeyirlər, Mirəlilər nəslinin davamçılarıdırlar. Bu film hələ başlanğıcdır. Görkəmli xadimin 100 illik yubileyi ilə əlaqədar olaraq bir sıra dövlət tədbirlərinin keçirilməsi nəzərdə tutulub".

Mirəli Qaşqayın həyatından danışan onun xanımı Ulduz Qaşqay bildirdi ki, həyat yoldaşının ömrünün son illərində hazırladığı geokimyəvi xəritə bu günə kimi işıq üzü görməyib. "Bu, Mirəli Qaşqayın hazırladığı son geokimyəvi xəritə olub. Əcəl onu tez apardı. Böyük həvəslə xəritəni hazır şəklidə görmək istəyirdi, amma qismət olmadı. Xəstəxanada yatarkən belə, işini yarıda bruaxmayıb, yaradıcılıq işini elə oradaca tamamladı. Vəfatından sonra elmi konfransa qatılan zaman Mirəlinin belə bir xəritə hazırladığını dedim. Bu fikirləri söyləməyə sonradan peşman oldum. Çünki bir neçə gündən sonra həmin xəritə itdi. Onun necə itdiyi bu günə kimi ailəsinə qaranlıq qalıb. Əgər bu gün Mirəli həyatda olsaydı, yəqin ki, xəritənin taleyi də belə olmazdı".

 

Kaspi.-2007.-12 aprel.-S.7.