Beynəlxalq Kino Məktəbinə tələbə qəbulu başa çatıb

Rüstəm İbrahimbəyovun təhsil ocağında dərslər ingilis və rus dillərində aparılacaq

 

Sentyabrdan Azərbaycanda Beynəlxalq Kino Məktəbi fəaliyyətə başlayacaq. Dünən bununla bağlı məktəbin direktoru, kinorejissor Cəmil Quliyev, tanınmış teleaparıcı Rafiq Hüseynli və Kinematoqrafçılar İttifaqının birinci katibi Abbas Əliyev mətbuat konfransı keçirdilər.

Məktəb barədə məlumat verən Cəmil Quliyev dedi ki, Beynəlxalq Kino Məktəbinin təşkili ideyası məşhur kinodramaturq, Kinematoqrafçılar İttifaqının prezidenti Rüstəm İbrahimbəyova məxsusdur: “Məktəbin yaradılmasında əsas məqsəd Azərbaycanda kino sənətinin səviyyəsini yüksəltməkdir. Beynəlxalq kino məktəbində bir neçə il ərzində dörd ixtisas üzrə mütəxəssislər hazırlanacaq - kinodramaturq, kinoşünas, rejissor və prodüsser. Bu gün milli kinomuzda ciddi kadr problemi var. Xüsusən də bu problem kinorejissor, kinoşünas, dramaturq ixtisaslarına aiddir. Buna görə də Rüstəm İbrahimbəyov Azərbaycanda kino məktəbi yaratmaq, beynəlxalq kino məktəblərinin təcrübəsini bizdə tətbiq etmək qərarına gəlib”.

Qeyd edək ki, burada tələbələr yalnız kino ilə məşğul olacaqlar. C.Quliyev dedi ki, məktəbdə başqa fənlərin bura cəlb olunması məqsədəuyğun deyil: «Bizim məktəbdə oxuyan gənclər paralel şəkildə ikinci təhsil ala və ya hansısa universiteti bitirib gələ bilərlər. Mövcud təhsil qanununa əsasən, İncəsənət Universitetində bu mümkün deyil. Bir sözlə, bizim məktəbdə hamı üçün qapılar açıqdır».

Rafiq Hüseynli Beynəlxalq Kino Məktəbinə tələbə qəbulunun artıq başa çatdığını dedi. Müraciət edən 300 nəfərdən 29-u seçilib. Onların arasında bir nəfər İran vətəndaşı da var. Tələbələrə həm yerli (Ayaz Salayev, Cəmil Quliyev, Rüstəm İbrahimbəyov, Nadejda İsmayılova və sairə), həm də xaricdən dəvət olunmuş müəllimlər dərs deyəcəklər. Xarici vətəndaşlar üçün təhsil pullu, yerli tələbələr üçün isə ödənişsizdir. Beynəlxalq Kino Məktəbinin öz binası yoxdur, dərslər hələlik «İbRus» teatrında ingilis və rus dillərində aparılacaq. Məktəbin inkişafına xeyli vəsaitin tələb olunduğunu deyən A.Əliyev bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Nazirlər Kabinetinə məktub ünvanladıqlarını da söylədi.

 

Gündəlik Azərbaycan.-2007.-10 aprel.-S.14.