Ömrün çarpaz rakursları işıq üzü görüb
Bu yaxınlarda Mehdi Mükərrəmoğlunun "Nurlan" nəşriyyatında hazırlanan "Ömrün çarpaz rakursları" kitabı çapdan çıxıb. Qeyd edək ki, jurnalistika sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin "Zərdabi" mükafatına layiq görülən M.Mükərrəmoğlu "Lal çinar", "Bütün bunlardan sonra" kinossenariləri ilə yanaşı, "Bir nəslin manifesti" və "Raykom katibi" adlı kitabların da müəllifidir. M.Mükərrəmoğlunun qələmə aldığı "Ömrün çarpaz rakursları" kitabında həyatlarını kino sənətinə bağlayan insanlardan – rejissor, operator və aktyorların sənət yolundan, yaradıcılıq axtarışlarından bəhs olunur. Kitaba müəllifin müasir kinematoqrafiya ilə bağlı düşüncələri və iki bədii ssenarisi də daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi İlham Abbasovdur. İlk səhifədəki "Ağ işığın rəngləri" başlıqlı yazıda İ.Abbasov qeyd edir ki, kinonun həm bədii-yaradıcılıq, həm də istehsalat proseslərinə yaxından bələd olan M.Mükərrəmoğlunun yazılarında Azərbaycan kinosunun çoxillik tarixinin mərhələləri, mürəkkəb yaradıcılıq həyatının bütün sahələri öz əksini tapıb: "O, kino aktyorlarının da, rejissorlarının da, operatorlarının da, rəssamlarının da işindən bəhs edəndə eyni dərəcədə dərin bilik, hərtərəfli hazırlıq nümayiş etdirir. Eyni sözləri onun kinomuzun müxtəlif yaradıcılıq problemlərinə və tarixi məqamlarına həsr olunan nəzəri yazıları haqqında da demək olar. Bu yazıların böyük bir qismi kinomuzun bir sıra problemlərinin nəinki anlaşılmasına, eyni zamanda həllinə də kömək edir". Kitabda yer alan "Qəlblərdə yaşayan sənətkar" başlıqlı yazıda "Böyük dayaq", "Fətəli fan", "Lətif", "Almaz", "Uzaq sahillərdə" və "Kəndlilər" kimi filmlərdə yaratdığı obrazlarla yaddaşlara həkk olan aktyor Ələsgər Ələkbərovun həyat və yaradıcılığı haqqda məlumatlar yer alıb. "Uzaqlardan gələn səs" adlı yazıda aktyor İsmayıl Əfəndiyev, "Xatirələrdə əbədiləşən ömür"də aktyor Ağasadıq Gəraybəyli, "Öz havasına oynayan adam"da rejissor Adil İsgəndərov, "Onu Çaplinə bənzədirlər"də aktyor Lütfəli Abdullayev, "Bizim Nəcibə xanım"da aktrisa Nəcibə Məlikova, "Şəxsiyyət"də aktyor Həsən Məmmədovun həyatı və yaratdığı obrazlardan bəhs olunub. "Bir aktyorun nağılı"nda Şahmar Ələkbərov, "Bir addımlıq ömür payı"nda Həsənağa Turabov, "Qəlbimdə bir qala qurdu Səməndər"də Səməndər Rzayev, "Ölümün acığına"da Ceyhun Mirzəyev, "Ömür yarımçıq olmur"da Əlabbas Qədirov, "Gülüş də bir nemətdir"də Səyavuş Aslan, "Bir ömrün kino səlnaməsi"də isə kinoşünas Aydın Kazımzadə və digər tanınmış rejissorlar, aktyorlar barəsində məlumatlar yer alıb. Kitabda həmçinin "Bizə kino lazımdırsa...", "Qarabağ mövzusuna səthi yanaşmaq olmaz" və "Sənətkar ömrünün salnaməsi" adlı məqalələr verilib.
525-ci qəzet.-2007.-4 aprel.-S.7.