Üzeyir Hacıbəyova mollanəsrəddinçi demək olarmı?

 

“Molla Nəsrəddin-101"


Böyük Üzeyir bəyin təpədən-dırnağadək azərbaycançı (mollanəsrəddinçi) ruhuna, jurnalistik yaradıcılığının məfkurə, mövzu və sənətkarlıq məsələlərinə az-çox bələd olanlar, yəqin, bu sualı lüzumsuz sayaraq deyəcəklər: “Məgər Üzeyir Hacıbəyov ”mollanəsrəddinçi" deyil?"
Mətbuat tarixindən və Üzeyir bəyin bioqrafiyasından məlumdur ki, 1904-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib bir il Hadrut kənd məktəbində müəllim işlədikdən sonra o, erməni-müsəlman davası ilə bağlı fəaliyyətini ermənilər yaşayan bu məntəqədə davam etdirə bilmədiyindən Bakıya köçmüş və ömrünün sonunadək burada yaşayıb-yaratmışdır. Bu yerdə bildirək ki, neft sənayesinin inkişafı XIX əsrin sonlarından Bakını Azərbaycanın mədəni mərkəzi kimi formalaşdırdığından milli mücadiləyə qoşulan ziyalılar bu şəhərə can atırdılar.
Həsən bəy Zərdabinin 1896-cı ildə Zərdabdan Bakıya qayıtması, Hacı Zeynalabdin Tağıyevin aldığı “Kaspi” qəzetində Əlimərdan bəy Topçubaşovla birlikdə jurnalistik fəaliyyətini davam etdirməsi, gənc Nəriman Nərimanovun böyük həvəslə geniş ədəbi, maarifçilik və publisistik fəaliyyətə başlaması, Şuşada Üzeyir bəyin müəllimi olmuş Haşım bəy Vəzirovun Bakıya köçüb naşirlik-mətbuat işinə başlaması kimi mühüm örnək-amillər Qori məzunu gənc Üzeyiri Hadruta getməzdən əvvəl də sevib-hörmət bəslədiyi milli ziyalıların çalışdığı Bakıya daxili bir qüvvə ilə cəlb edirdi.
1905-ci ilin yayında Bakıya köçən Üzeyir bəy yeni yaranan milli mətbuat orqanlarının qaynar mühitinə düşür. Əvvəl “Həyat” qəzetində tərcüməçilik edir, 1906-cı ildən isə “İrşad” qəzetində yetkin publisist kimi işə başlayır. Sonrakı illərdə o “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” kimi bir-birini əvəz edən nəşrlərin aparıcı publisisti və bəzilərinin redaktoru olur. Nəhayət, Üzeyir bəy Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetinə qardaşı Ceyhun Hacıbəyli Paris konfransına gedəndən sonra rəhbərlik edir. Bu kiçik xronikadan məlum olur ki, Üzeyir bəyin jurnalistik fəaliyyəti Tiflis şəhəri ilə bağlı olmamış, o, bu şəhərdə çıxan və aparıcı bir milli ədəbi cərəyanın başında duran “Molla Nəsrəddin” jurnalında bir gün də əməkdaşlıq etməmişdir. Lakin Üzeyir Hacıbəyovun sovet dövründən əvvəlki jurnalistik fəaliyyətinin aparıcı yönünü təşkil edən satirik publisistikasının ideya və məzmunu “Molla Nəsrəddin”in məramı ilə eynidir, onun bu yazıları, mollanəsrəddinçi satiriklərin felyetonları ilə “qan qardaşı”dır. Elə buna görə də Üzeyir bəyin sübut-dəlilli mollanəsrəddinçi olub-olmadığının fərqinə varmadan çoxları onu bu məfkurə və ədəbi-bədii yaradıcılıq cərəyanının fəal və istedadlı nümayəndələrindən biri sayır.
Bəs həqiqətdə Üzeyir Hacıbəyovu da Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev kimi mollanəsrəddinçi publisist saymaq olarmı? Bunun üçün — yəni Üzeyir Hacıbəyovun “sübut-dəlilli” mollanəsrəddinçi hesab olunması üçün mollanəsrəddinşünaslar onun “Molla Nəsrəddin” jurnalında ən azı bir yazısının çap olmasını əsas götürmüşlər. Çox təəssüf ki, Üzeyir bəyin sağlığında “hə”, “yox” şəklində cavablandırılması mümkün olan bu məsələyə diqqət yetirən olmamışdır.
Sovet dövründə mədəniyyət sahəsində Üzeyir Hacıbəyovla birlikdə çalışmış, onunla sıx təmasda olmuş, böyük sənətkarın ədəbi-bədii irsinin toplanması və qorunması, öyrənilməsi və təbliği sahəsində böyük zəhməti olmuş xalq yazıçısı Mirzə İbrahimov sonralar Üzeyir Hacıbəyovun bədii-publisistik yaradıcılığına həsr olunmuş “Tufanlara kömək edən bir qələm” kitabında Üzeyir bəy “Molla Nəsrəddin” jurnalında çıxış edibmi?" sualını belə cavablandırıb": “Üzeyir Hacıbəyov mollanəsrəddinçilər yolunu tutaraq çox dərdlərimizdən yazmış, köhnə həyatın bir çox çürük cəhətlərini, mənəvi-əxlaqi səfalətlərini atəşə tutmuşdur”. Üzeyir bəydən mollanəsrəddinçi kimi bəhs edən Mirzə İbrahimov onun “Molla Nəsrəddin” jurnalında çıxış etdiyini də göstərir: “Üzeyir Hacıbəyov ”Molla Nəsrəddin", “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” və sair qəzet-jurnallarda çap etdirdiyi saysız-hesabsız publisist yazılarında Azərbaycan xalqının həyatının, mübarizəsinin, təfəkkürünün müxtəlif sahələrini və problemlərini işıqlandırır, zəmanəsinin və xüsusən Rusiya ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif canlı məsələlərini əks etdirir".
XX əsrin böyük yazıçısı və əbədiyyatşünası Mirzə İbrahimovun mötəbər, nüfuzlu qələm sahibi olduğunu nəzərə alıb onun yuxarıdakı sözlərini “sübut-dəlil” saymaq olarmı? Doğrudanmı mollanəsrəddinçi məsləki daşıyan Üzeyin bəy “Molla Nəsrəddin”də çıxış edib?! Bu hansı yazılardır? Deyildiyi kimi, əlahəzrət fakt bu suallara aydın, dürüst cavab verməlidir. Böyük bəstəkarın anadan olmasının 120 illik və “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 100 illik yubileyləri də bu sualları yenidən gündəmə gətirdi.
Mirzə İbrahimovun şəhadətini əsas götürərək "Üzeyir Hacıbəyov və "Molla Nəsrəddin" mövzusunda yazı hazırlamaq qərarına gəldim. Üzeyir bəyin məqalə və felyetonlarını nəzərdən keçirdim, onun jurnalistik fəaliyyəti barədə tədqiqatları vərəqlədim. Böyük publisistin həyat və fəaliyyətində “Molla Nəsrəddin”, onun naşiri və baş yazarı Cəlil Məmmədquluzadə ilə bağlı bir sıra məqamlara rast gəlsəm də, xeyli fakt toplasam da əsas məsələdən – Üzeyir bəyin bu jurnalda çıxan bircə yazısından da xəbər-ətər olmadı.
Mirzə İbrahimov, doğrudanmı, yanılıb? Bəlkə, o da bizim çoxumuz kimi, Üzeyir bəyin mollanəsrəddinçi məsləkinin və üslubunun təsiri altında xəyala qapılaraq onu mollanəsrəddinçi hesab edib? Görəsən, Üzeyir bəy özü, yaxud onu daha yaxından tanıyanlardan kimsə bu barədə Mirzə İbrahimova nəsə deməyibmiş ki?.. Axı həmişə nə dediyinin, yazdığının fərqində olmuş bir yazıçı bu boyda yanlışlığa yol verməz, dolaşıqlıq yaratmazdı.
Bu suallarla Üzeyir Hacıbəyovun jurnalistik fəaliyyətinin tanınmış tədqiqatçısı ("Azərbaycan" qəzetinədək – T.A.), həm də Mirzə İbrahimovun söhbət açılan kitabın
ın elmi redaktoru Mirabbas Aslanova üz tutdum. Mirabbas müəllimin cavabı qısa və qəti oldu: “Mirzə İbrahimov yanılıb, kitabının sonrakı nəşrində siz dediyiniz cümlələri də çıxartmışam. Mən Üzeyir bəyin ”Molla Nəsrəddin"də çıxmış hansısa yazısını illər boyu axtarıb tapmadım. Mənasız işdir. Üzeyir bəydən hələlik “Molla Nəsrəddin”in məslək dostu kimi bəhs etmək mümkündür".
Ötən ilin yanvarında olan bu söhbət, düzü, məni tam inandırmasa da Mirabbas Aslanovla razılaşmaya da bilmədim. Ömrünün uzun
illərini Üzeyir Hacıbəyovun jurnalistikasına həsr etmiş ciddi bir tədqiqatçıya necə inanmayasan? Bəs Mirzə İbrahimov belə bir ciddi məsələyə xəyalpərəstliklə yanaşa bilərdimi? Bu müəmma necə yaranıb? Hər halda, “Molla Nəsrəddin”də “şifrəsi açılmamış” xeyli məqam var və bəlkə, bu sualın cavabı da oradan çıxacaq?
Doğrudan da, belə oldu, bu söhbətdən bir ay keçmiş XX əsr mətbuatımızın və ictimai fikir tariximizin yorulmaz tədqiqatçısı, jurnalistlərin bir neçə nəslinin sevimli müəllimi, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun “Günay” qəzetinin 25 fevral 2005-ci il tarixli nömrəsində çap olunmuş “İki böyük şəxsiyyətin dostluğu və ”Molla Nəsrəddin"də iki felyeton" başlıqlı yazısı, başqalarını demirəm, mənim üçün riyaziyyat aləmində hansısa düsturun açılışı, tarixdə adı qalmış hansısa şəhərin qalıqlarını arxeoloqların torpaq qatı altından çıxarması xəbəri qədər əhəmiyyətli və sevindirici oldu.
Bəli, Üzeyir bəy təkcə “Molla Nəsrəddin”in məslək dostu deyil, həm də bu jurnalda hələlik aşkar edilən 2 felyetonla çıxış etmiş mollanəsrəddinçi satirik-publisist olub. Şirməmməd müəllim inadlı axtarışları ilə “sübut-dəlil”i, nəhayət, ortaya qoydu: “Molla Nəsrəddin”in 1911-ci il 27 iyul tarixli 27-ci nömrəsində “Lal uşaq” gizli imzasıyla dərc olunmuş “Uşaq” və 4 avqust tarixli 28-ci nömrəsində “Hamamçı” imzası ilə işıq üzü görmüş “Hamam” felyetonları Üzeyir Hacıbəyovun qələminin məhsuludur.
Şirməmməd müəllimin gətirdiyi d
əlillər tamamilə inandırıcıdır: 1911-ci ilin yayında Gürcüstanın Bakuriani yaylağında Mirzə Cəlilin və Üzeyir bəyin ailələri birlikdə istirahət edirlər. Həmin günlərdə Bakının mətbuat aləmindən aralı düşən Üzeyir bəy orada baş verən hadisələrə münasibətini həmin 2 felyetonda bildirmişdi. Şirməmməd Hüseynov kiçik təqdimatla bu felyetonların mətnlərini də “Günay” qəzetində çap etdirib.
Əlavə olaraq dey
ək ki, həmin yay o dövrün qalmaqallı Hacı Zeynalabdin Tağıyev — Lütvəli bəy Behbudov münaqişəsindən sonra Üzeyir bəy kimi xeyli ziyalı müvəqqəti olaraq Bakıdan uzaqlaşmışdı. “Hamam” felyetonunda Üzeyir bəy bu mənasız hay-küyə açıq qiymət vermişdi: “Hərgah hal-hazırda sizi qaynaşmaya salan Tağıyev — Behbudov əhvalatıdırsa, mən imanım hay-küyünüz saxtadır. Sizin nə Tağıyevə yazığınız gəlir, nə də Behbudova”.
Bu yazını hazırlayarkən cəfakeş mollanəsrəddinşünas Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov” salnaməsini bir daha vərəqlədim. Görkəmli salnaməçi kitabın 98-ci səhifəsində “Molla Nəsrəddin” jurnalının 1911-ci il 11 avqust tarixli 29-cu nömrəsində Üzeyir bəyin “Lal uşaq” gizli imzası ilə “Səs gəlir” sərlövhəli daha bir felyetonunun çap olunduğunu göstərir. Qeyd edək ki, üzeyirşünas Səadət Qarabağlı da yazılarının birində bu fakta istinad etmişdir.
Üzeyir Hacıbəyovun Bakıda çıxan anadilli nəşrlərdə “ordan-burdan” guşəsində 300-dən çox satirik yazısı çıxıb. Həmin guşə, əslində, məzmunca “Molla Nəsrəddin”in bir parçası, kiçik bir “Molla Nəsrəddin” idi. Üzeyir Hacıbəyov satirik-publisist kimi məhz “Molla Nəsrəddin” mövqeyində, “Molla Nəsrəddin”lə bir cəbhədə idi. Mirabbas Aslanov bütün bunlardan geniş bəhs edərək, haqlı olaraq Üzeyir Hacıbəyovu “Molla Nəsrəddin”in məslək dostu" adlandırır. Doğrudan da, Üzeyir bəy öz yazılarında “Molla Nəsrəddin”in çıxışlarını ardıcıl müdafiə etmiş, “Molla Nəsrəddin” də öz növbəsində vaxtaşırı Üzeyir bəyin başqa nəşrlərdə qaldırdığı məsələlərlə həmrəy olduğunu bildirmişdir. Onların birgə yaylım atəşi həmişə hədəfə sərrast dəyirdi. Mollanəsrəddinçilər Üzeyir bəyi, o da öz məslək dostlarını yüksək qiymətləndirir, bu böyük məfkurə adamları bir-birindən güc alırdılar.
Nəhayət, biz Üzeyir Hacıbəyovdan “Molla Nəsrəddin”in məslək dostu olan böyük satirik-publisist kimi deyil, həm də “Molla Nəsrəddin” səhifələrində çıxış etmiş qələm sahibi kimi danışa bilərik. Hələlik 3 felyeton əsasında. Kim bilir, bəlkə, yeni yazılar da aşkar ediləcək...
Üzeyir Hacıbəyovu ruhən mollanəsrəddinçi sayanlar, sən demə, yanılırmışlar. Mirzə İbrahimov da haqlı imiş. Üzeyir Hacıbəyovun “Molla Nəsrəddin” məsləkinə sədaqəti bu jurnalın səhifələrindəki yazılarında da əks olunub. Bütün bunlardan sonra: “Üzeyir Hacıbəyova mollanəsrəddinçi demək olarmı?” – Niyə də deməyək!
Böyük Üzeyir Hacıbəyovun oxuculara “Molla Nəsrəddin” jurnalında gizli imza ilə çap olunmuş və çağdaş oxuculara məlum olmayan 3-cü yazısını – “Səs gəlir” felyetonunu mollanəsrəddinşünas Turan Həsənzadə latın qrafikalı əlifba ilə çapa hazırlamışdır. Həmin yazını 96 il sonra “Üzeyir Hacıbəyov” imzası ilə ilk dəfə “Xalq qəzeti”nin oxucularına təqdim edirik.

Xalq qəzeti.- 2007.- 13 aprel.- S. 7.