Turanə

 

Korneliya fon Kerssenbrok

musiqisevərlərə maraqlı gecə yaşadıb

 

Son vaxtlar paytaxtımızın mədəni mühitində hiss olunan canlanma Dövlət Filarmoniyasından da yan ötmür. Fəal yaradıcılıq fəaliyyəti nümayiş etdirən mədəniyyət ocağı Avropa və Rusiya musiqi mədəniyyətində çox məşhur olan dünya şöhrətli və görkəmli sənətkarları vətənimizə dəvət etməklə bir-birindən maraqlı və rəngarəng konsertlər təşkil edir.

Filarmoniyanın dəvətilə ölkəmizdə olan dünyamiqyaslı Avstriya dirijoru Korneliya fon Kerssenbrok Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrilə birgə tamaşaçılarımız üçün maraqlı musiqi gecəsi yaşadıb.

Müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrokun sənətkarlığı artıq Avropa və Rusiya musiqi ictimaiyyəti tərəfindən təsdiqlənib. O, mahir dirijor kimi şöhrət taparaq, dirijor pultu arxasında füsunkar qadın adını qazanıb. K.Kerssenbrok dirijorluq təhsilini Zaltsburqda "Mozarteurrf və İtaliyada Freyburq Musiqi Akademiyasında alıb. Görkəmli dirijor, həmçinin, Corma Panula (Helsinki), Pol Gudvin (London), Marius Smolik (Hyuston) və bir çox dünya şöhrətli sənətkarlardan ustad dərsləri alıb. Bir çox nüfuzlu beynəlxalq müsabiqələr iştirakçısı olan Korneliya fon Kerssenbrok Avstriya ölkəsi tərəfindən təltif olunmuş "Şərəf mükafatı 1995-96, Handel festivalında "Handel mükafatı 1999" və Zonta Musiqi Mükafatı kimi ali mükafatlarla təltif olunub.

Dirijor 2001-ci ildə "Dirijentenforum" Almaniya inkişaf proqramına daxil olduqdan üç il sonra onların "Maestro fon Morgen"- ("Sabahın Maestrosu") sənətkarlar siyahısının üzvü olub. Hazırda Avropanın bir çox məşhur, aparıcı orkestrlərində - Almaniya, Münhen və Hamburq Simfonik, Hannover Radio, Halle Oövlət, Kassela və Mayn Dövlət Filarmoniyalarının və "Berlin Landesyuqend", "Barokorkestr La Beta Olanda" orkestrlərinə dirijorluq və rəhbərlik edir.

O, Almaniyada keçirilən ."Çiemqau Beynəlxalq Musiqi Festivalında" Motsartın "Seraldan qaçırma", Puççininin "Toska" operalarında, Frankfuıt, Ştudqart, Karlsruhe, Almaniya, Polşa operalarında bir çox məşhur əsərlərə, həmçinin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında C.Verdinin "Riqoletto" operasına dirijorluq edib. M.Maqomayev adına Dövlət Filarmoniyasında baş tutan gecədə isə məşhur bəstəkarlar C.Qerşvin, S.Raxmaninov, Q.Malerinin əsərləri səsləndirilib.

 

Yeni Azərbaycan.- 2007.- 3 aprel.- S. 8.