Civişov R.

 

Muğam dəstgahları

 

Rast, Şur, Segah, Cahargah, Bayatı-Şiraz, Şüştər, Humayun

 

Muğamlar şifahi ənənəyə əsaslanan professional musiqi janrıdır. Musiqi irsimizdə muğam sənəti üç növdə təşəkkül tapmışdır. 1-ci muğam dəstgahları, 2-ci kiçik formalı muğamlar; 3-cü zərb muğamlar. Bu yazıda oxuculara muğam dəstgahları haqqında ümumi məlumat vermək istəyirəm. Onu da qeyd edim ki, muğamların cəminə muğamat deyilir. Dəstgah sözünün mənası farsca dəst-komplekt, gah-mövqe, məqam, məkan deməkdir.

Muğam dəstgahları musiqi folklorumuzun təkamülünün yüksək mərhələsidir. Qeyd edək ki, "dəstgah" sözünə biz hələ Nizaminin poemalarında təsadüf edirik. "Xosrov və Şirin"də aşağıdakı misralar dəstgah haqqındadır:

İçib kef çəkdilər səhərə qədər,

İpək tel çənglərdə dəstgah çalanlar.

Beləliklə, nümunədən görürük ki, hələ Nizami dövründə muğamın dəstgah şəklində ifası dəb imiş. Dəstgah - müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusudur. Azərbaycanın 7 əsas muğam dəstgahları bunlardır: Rast, Şur, Segah, Cahargah, Bayatı-Şiraz, Şüştər, Humayun. Bu muğamlar həm də eyni adlı ladı təşkil edirlər. Bütün muğam dəstgahlarında üç əsas bölmə vardır ki, onlarsız dəstgah qurula bilməz. Bunlardan "Dəraməd" və "Bərdaşt" müqəddimə, Mayə isə dəstgahın əsaslandığı özül-şöbə əhəmiyyətini kəsb edir. Hər iki müqəddimə "Dəraməd" və "Bərdaşt" istər üslub, istərsə də funksiya cəhətdən bir-birindən fərqlənir. "Dəraməd" "Rəng"in bir növü olduğu üçün biz əvvəl Rəng janrına və onun növlərinə müraciət edək. "Rəng" dəstgahın müəyyən şöbəsindən sonra çalınır və mənsub olduğu şöbənin də adını daşıyır. Məsələn, Rast dəstgahında Vilayəti şöbəsindən sonra rəng çalınarsa, Vilayəti rəngi, Cahargah dəstgahında, Bəstə-Nigar şöbəsindən sonra çalınan rəng isə Bəstə-Nigar rəngi adlanır. Beləliklə, rənglər bilavasitə əsaslandığı muğam şöbəsindən sonra gəlir və həmin şöbənin bütün melodik xüsusiyyətlərini özündə cəmləşdirir. Rənglər dəstgahın ardıcıl gələn şöbələrini bir-biri ilə bağlayır. Eyni zamanda rənglər şöbələr arasında təzadlıq da yaradır. Rənglər təbiətən üç qismə ayrılır: rəqsvari, marş və lirik rənglər. Rənglərin əksəriyyəti isə oynaq rəqs səviyyəsində olur. Rəngin bir növü diringidir. Diringi rəngə nisbətən kiçik həcmli, lakin oynaq musiqidən ibarət olur. Adətən diringi böyük həcmli muğam şöbələrində deyil, məhz ya kiçik həcmli şöbələrdə, ya da guşələrdə çalınır və həmin şöbə və guşəni yekunlaşdırır. Rəng və ya diringi muğam şöbələrində çalındıqda xanəndə üçün bu müddətdə istirahət etmək imkanı yaranır. Və o özünü növbəti muğam şöbəsini oxumaq üçün hazırlayır.

Muğam dəstgahlarının əvvəlində ifa olunan Dəraməd də Rəng janrının bir növüdür. Dəramədin dəstgahlarda rolundan söz açarkən Ə.Bakıxanov belə yazmışdır: "Dəraməd məhz hansı muğamın çalınacağını yada salır, muğama keçmək üçün müqəddimə rolunu oynayır. Muğamın yaxşı qavranılması üçün zəmin hazırlayır. Həm də çalğıçılar üçün necə deyərlər "məşq" vəzifəsini yerinə yetirir". Dəraməd hansı dəstgaha aiddirsə, həmin muğam dəstgahının adını daşıyır. Rast dəstgahında olan bütün dəramədləri ayrı-ayrılıqda Rast dəramədi, Şur dəstgahında çalınan dənamədləri isə "Şur dəramədi" adlandırırlar. Bərdaşt da Dəraməd kimi muğam dəstgahda müqəddimə rolunu oynayır. Lakin o mütləq Dəraməddən sonra çalınır. Muğam dəstgahda improvizə üslubunun icrası məhz Bərdaştdan başlanır. Bərdaşt farsca yığın, toplama mənası daşıyır. Bərdaştda muğam dəstgahının ümumi əhval-ruhiyyəsi öz əksini tapır. Adətən Bərdaşt zildə başlanır və aşağıya doğru enmə hərəkətlə mayədə tamamlanır. Bərdaşt dəstgahın mayə şöbəsi üçün müqəddimədir. Mayə hər hansı muğam dəstgahının ətrafında gəzişməsi nəticəsində yaranır. Dəraməd və Bərdaştdan sonra həmişə mütləq mayə şöbəsi gəlir. Mayəsiz muğam dəstgahı olmur. Bu öz həcmi etibari ilə dəstgahda birinci, ən böyük mərkəz şöbədir. Mayə əsas muğam dəstgahının adı ilə adlanır. Məsələn: Mayeyi-Rast, Mayeyi-Şur və sair. Bu şöbəni dəstgahın bünövrəsi saymaq olar. Təsadüfi deyil ki, mayə sözünün bir mənası da təməl deməkdir. Dəstgahda Mayə şöbəsi ilə əlaqədar bir ümdə xüsusiyyət də var: Belə ki, bütün şöbələr oxunub-çalındıqdan sonra melodiya mayə şöbəsinə qayıdır. Onu da deyək ki, mayə şöbəsinə başqa şöbə və guşələr birləşərək, ümumilikdə dəstgah silsiləsini əmələ gətirir. Beləliklə, dəstgahda Dəramət, Bərdaşt və Mayə şöbəsinin əhəmiyyətli rolu üzə çıxır. Şöbə sözünün özü isə ərəb sözüdür. Hissə və ya bölmə mənasını daşıyır. Azərbaycan muğam dəstgahlarında şöbə-improvizə səciyyəli bitkin və tamamlanmış hissə mənasında işlənir. Şöbə ilə yanaşı muğam dəstgahlarında guşə və avaz kimi kiçik epizodlardan da istifadə edilir.

Guşə şöbəyə nisbətən kiçik həcmli, improvizə səciyyəli muğam epizodudur. Məsələn, Rast dəstgahında müxtəlif həcmli şöbələrlə yanaşı guşələr də mövcuddur. Bu guşələr şöbələr kimi müxtəlif adlar daşıyırlar. Əmiri, Məsihi kimi melodik epizodlar guşə adlandırıla bilər. Bəs avaz nədir? Avaz əsasən bir tamamlanmış musiqi cümləsidir. Məsələn: Avaz bütünlükdə nəqarətvari, heca və sözlər. Ha, da, da, dəy, da, dəy, hay, aman, aman, a, ey oxuna bilər. Muğam dəstgahlarında şöbə və guşələrdən fərqli olanaq avazlar müəyyən bir ad daşımırlar. Avazlar ya şöbə, ya da guşə daxilində çalınıb oxunurlar. Beləliklə, şöbə 5-6, guşə isə 2-3 avazdan ibarət olur. Avazların məcmusu şöbə və ya guşəni əmələ gətirir. Muğam dəstgahlarında təsniflərin də mühüm əhəmiyyəti var. Təsnif ərəbcə "siniflərə ayırma, çeşidləmə" deməkdir. Təsniflər muğam dəstgahlarının şöbə və guşələrində oxunur. Muğam dəstgahının ifası zamanı adətən hər şöbənin oxunub çalınmasından sonra ya rəng çalınır, ya da təsnif oxunur. Lakin rəngdən fərqli olaraq dəstgahın hər bir şöbəsindən sonna təsnif oxunulması vacib deyildir. Kiçik formalı muğamlarda Qatar, Şahnaz, Bayatı-Kürd və sair bir və ya bəzən iki təsnifdən istifadə olunur. Zərb muğamlarda isə təsnifdən istifadə edilmir. Təsniflərin mətn əsasını qəzəl ilə yanaşı qoşma, bayatı, gəraylı və başqa lirik şer formaları təşkil edir. Təsniflər muğam dəstgahlarının daxilində ifa olunmaqla yanaşı, bunlardan hər biri tamamlanmış formaya malik bitkin əsərlər olduğuna görə, xanəndələr tərəfindən müstəqil şəkildə də oxunur. Təsniflərin adları rənglər kimi muğam dəstgahlarının tərkibinə daxil olan bu və ya başqa şöbə və guşələrin adları ilə əlaqədardır. Məsələn, Rast dəstgahında Vilayəti şöbəsindən sonna oxunan təsnif Vilayəti təsnifi, Cahargah dəstgahında Bəstə-Nigar şöbəsindən sonra oxunan təsnif Bəstə-Nigar təsnifi adlanır. Lakin təsniflərin hər biri muğam dəstgahının müəyyən şöbəsinə aid olmasına baxmayaraq, çox zaman əsas muğama görə də fərqləndirilir. Muğam dəstgahlar bir qayda olaraq üçlükdə oxunur. Üçlük tar, kamança və qavaldan ibarətdir. Qavalı adətən xanəndə özü çalır. Tar və kamança çalan isə aləti mütləq xanəndənin oxuduğu muğam üzərində kökləməlidir. Hər bir muğam dəstgahının öz kök sistemi var. Onlar estetik təsirinə görə bir-birindən fərqlənirlər. Eyni dəstgah 10-15 dəqiqədən 30-40 dəqiqəyə qədər çalınıb-oxuna bilir. Keçmişdə xanəndələr bir muğam dəstgahını 2-3 saat ərzində oxuyardılar. Muğam dəstgahlarının ifası əvvəllər əsasən kişi xanəndələrinin sevimli sənət növü olmuşdur. Lakin bununla bərabər qadın müğənnilərimiz də dəstgahların mahir ifaçıları sayılırlar. Bu mənada Yavər Kələntərlinin (Şur), Həqiqət Rzayevanın (Rast), Rübabə Muradovanın (Humayun və Segah), Fatma Mehrəliyevanın (Segah), Sara Qədimovanın (Bayatı Şiraz və Şur), Şövkət Ələkbərovanın (Segah), Nəzakət Məmmədovanın (Segah), Zeynəb Xanlarovanın (Cahargah) adlarını xüsusi qeyd etməliyik.

Ü.Hacıbəyov dəstgah oxuyan xanəndələrin ifaçılıq məziyyətlərindən söz açaraq, şerin qısa hecasını necə ki, var qısaca tələffüz etməsini, uzun hecasını avaz ilə növ-növ zəngulələrlə bəzəməsini məsləhət görür və belə qənaətə gəlir ki, "xanəndə üçün dəstgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, fantaziyasına" geniş meydan açır və səsini müxtəlif tonallıqlarda işlədir. Muğam dəstgahlarının ciddi qanunauyğunluqları olmasına baxmayaraq, onun ifası prosesində müəyyən dəyişikliklər də baş verir, o cümlədən bəzi şöbə və guşələr ixtisar edilə bilər, müəyyən bir melodik cümlə və ya avaz buraxıla da bilər və ya onu yenisi əvəz edə bilər. Lakin kompozisiya cəhətdən bütün dəstgahlar demək olar ki, eynidir. Beləliklə, muğam dəstgahlar kqmpozisiya baxımından vahid sistemə malikdirlər.

 

İmpuls. 2007.- 6 aprel.- S. 11.