Əbədi muğam layihəsi çərçivəsində daha bir təqdimat

 

Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyində YUNESKO-nun Azərbaycan muğamına dəstək məqsədi ilə həyata keçirdiyi "Əbədi muğam" layihəsi çərçivəsində növbəti muğam axşamı keçirilib.

Xanəndə Feyruz Səxavət "Mahur-hindi" muğamını tarda Əliağa Sədiyev, kamançada Xəyyam Məmmədovun müşayiəti ilə ifa edib. Muzeyin direktoru Rəna Rzayeva "Şirvanşahlar Sarayında Muğam Axşamı" layihəsi çərçivəsində gələn ilin sonunadək hər həftənin çərşənbə günü belə konsertlər təşkil olunacağını bildirib.

Qeyd edək ki, iki il davam edəcək layihə respublikanın bütün bölgələrini əhatə edəcək bu müddətdə həm qocaman, həm gənc ifaçıların çıxışları təşkil ediləcək. R.Rzayeva qeyd etdi ki, YUNESKO-nun "Ədəbi muğam" layihəsində əsas iki istiqamət nəzərdə tutulub. Birincisi, muğamların arxivləşdirilməsi, sənədləşdirilməsi, yəni yazıya alınıb elektron disklərə köçürülməsi, ikincisi isə muğamların təbliği məqsədi ilə konsertlərin təşkil olunmasıdır.

 

Kaspi.-2007.-13 aprel.-S.17.