Aygün Bəylər həmkarlarının
«konsert bəhsi»nə qoşulmadı
Əməkdar artist Aygün Bəylərin çoxdan gözlənilən konserti baş tutdu. Dinləyicilərini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına toplayan müğənni 2 gün ardıcıl solo-konsert proqramı ilə çıxış etdi.
Xarici görünüşündə dəyişiklik edən Aygünün makiyajdan istifadə etməsi nəzərimizdən yayınmadı. Elə libası da diqqətəlayiq idi – bu dəfə onun əynində nə kişi kostyumu vardı, nə də idman geyimi. Müğənni əsl Azərbaycan xanımına uyğun qarderob seçmişdi, milli geyimdə səhnəyə çıxmışdı. Yeri gəlmişkən, deyək ki, mavi donu Aygünə çox yaraşırdı.
Keçək ifaya. A.Bəylər həmişə olduğu kimi, yenə də canlı, ürəkdən oxuyurdu. O, düz iki gün pərəstişkarlarını repertuarındakı xalq və bəstəkar
mahnıları, muğamlarla feyziyab etdi. Ayrı-ayrılıqda iki saata yaxın davam edən konsertdən həm tamaşaçıların, həm də müğənninin özünün razı qaldığı hiss olunurdu. Hər halda onun üzündəki təbəssüm və özündən razı baxışları bundan xəbər verirdi…
Aygün bizimlə söhbətində layihənin
belə uzanmasının səbəbini açıqladı. Dedi ki, əslində, konsert yanvarda H.Əliyev adına sarayda olmalı imiş: «Bir neçə ay öncə başıma xoşagəlməz iş gəldi. Yollar buz bağladığından şəxsi avtomobilimlə qəzaya düşdüm. Başqa bir maşınla toqquşdum. Bir az ayaqlarım zədələnmişdi. Buna görə də konserti mart ayına qədər təxirə saldım. Sonra da saray təmirə bağlandı. Yəqin qismət bu günə imiş».
Son zamanlar müğənnilərin
bir-biri ilə konsert bəhsinə girməsi heç kəsə sirr deyil. Bəs nə əcəb bəzi «mənəm-mənəm» deyənlərdən səsi və istedadına görə qat-qat yüksəkdə olan Aygün Bəylər yalnız 2 gün canlı konsert verdi? Sənətçinin
sualımıza cavabı belə oldu: «İstəsəm,
lap 2 ay canlı konsert verə bilərəm.
Bu, mənim üçün problem deyil, səsim yerindədir, canlı, lap mikrofonsuz oxuyaram. Amma buna ehtiyac yoxdur. Mən Aygün Bəylərəm və heç kimlə bəhsə girmək, kiməsə bənzəmək istəmirəm. Həyatda
yalnız bir amalım var, sənətimi dərindən öyrənim, xalqım qarşısında layiqincə çıxış edə bilim».
Xarici görkəminə gəlincə, deyəsən, indən belə Aygün Bəylərin
başında sevimli kepkasını görməyəcəyik. Belə ki, müğənni imicini dəyişmək qərarındadır: «Yavaş-yavaş öz imicimi axtarıram. İstəyirəm, özüm kimi olum. Düşünürəm ki, artıq imicimi tapmaq üzrəyəm».
Gündəlik Azərbaycan.-2007.-10
aprel.-S.14.