Xəlilzadə F.
Musiqi mədəniyyətimizin
qaranquşu
Azərbaycan
opera səhnəsində Rozina ("Sevilya bərbəri"),
Cilda ("Riqoletto"), Şahsənəm
("Şahsənəm"), Nərgiz ("Nərgiz"),
Gülzar ("Şah İsmayıl"),
Gülçöhrə ("Arşın mal alan") və
digər partiyaları özünəməxsus
məharətlə ifa edən xalq artisti Şövkət
Məmmədova ilk azərbaycanlı peşəkar qadın
müğənnidir. Musiqi mədəniyyətimizin tarixində xüsusi xidmətləri olan Şövkət xanım həm də Azərbaycanın ilk qadın opera ifaçısıdır.
Onun bioqrafiyası ilə tanış olduqda heyrətedici faktlarla rastlaşırsan.
Azərbaycan musiqi mədəniyyətinin qaranquşlarından
sayılan Şövkət
Məmmədova bir çox sahələrdə
məhz birincilər sırasında dayanıb.
Təsəvvürə gətirin,
onun təşəbbüsü
ilə Bakıda Teatr Texnikumu yaradılıb. Bu həm də Yaxın Şərqdə ilk teatr təhsil
ocağı idi. Şövkət xanımın
bir müddət direktorluq etdiyi bu texnikumun ilk
buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə unudulmaz Fatma Qədiri idi. Azərbaycanda ilk not nəşriyyatı
da Şövkət Məmmədovanın təşəbbüsü
ilə yaradılmışdır.
Burada Ü.Hacıbəyovun,
M.Maqomayevin redaktəsi
və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. İndiki Teatr Xadimləri İttifaqı
da ilk dəfə
Azərbaycan Teatr Cəmiyyəti kimi məhz Şövkət xanım tərəfindən
yaradılmış və
onun ilk direktoru da sənətkarın
özü olmuşdur.
Şövkət Məmmədova
ilk azərbaycanlı qadın müğənnidir
ki, 1925-ci ildə Fransada səsi yazılmış valları
buraxılmışdır. Fransız musiqiçiləri
azərbaycanlı sənətkarın
yaradıcılığına həmişə maraq göstəriblər.
Şövkət Məmmədova
1897-ci ilin aprelində
Tiflisdə, sadə bir ailədə dünyaya gəlmişdir.
Onun yaşadığı
Tiflis mühiti mədəni həyatı
ilə seçilirdi.
O, 6 yaşında ikən
Tiflisdə özəl
məktəbdə təhsil
alıb. Valideynləri
qızcığazın dərslərinə
diqqət göçtərmişlər.
Elə məktəbdə
oxuyarkən qızın
musiqiyə xüsusi marağı olduğunu hiss ediblər. Bu səbəbdən də onu bu
məktəbdən çıxarıb
uşaq musiqi məktəbinin fortepiano sinfinə yazdırıblar.
Şövkətin qeyri-adi
musiqi duyumu ona dərs deyən
gürcü müəllimlərin
diqqətini çəkirdi.
O, Motsartın, Baxın
əsərlərini fortepianoda
özünəməxsus bacarıqla
ifa edirdi. Hətta bəzən müğənniliyə də
həvəs göstərərək
müxtəlif romanslar,
ariyalar oxuyurdu. Atası Həsən kişi sadə peşə sahibi olsa da, daxilində
əsl ziyalı işığı yanırdı.
Övladındakı qeyri-adi
istedadı görüb
onu oxutdurmaq məqsədilə Bakıya
gətirib. Bu, elə bir dövr
idi ki, Bakı
teatrlarında qadın
rollarını hələ
də kişilər ifa edirdilər. Belə bir ziddiyyətli zamanda Şövkət Məmmədova kimi musiqi duyumu və
qabiliyyəti olan bir qızcığazın
qəfildən şəhərdə
peyda olması sənət fədailərinin
qəlbində yeni ümidlər oyatdı.
Məlumdur ki, Bakıda ilk teatr binasını tikdirən, Azərbaycan övladlarını xarici
ölkələrdə
oxutdurub millətinə xidmət etməsinə şərait
yaradan xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev Şövkət
Məmmədovaya da qayğı göstərərək
onun məhz İtaliyada təhsil almasına lazım olan maliyyə yardımını öz boynuna götürdü. Beləliklə, Bakıda nəcib əməlli insanlardan həm mənəvi, həm də maddi dəstək alan Şövkət xanım böyük xəyallarla, sonsuz arzularla Milana üz tutdu.
Amma bu sevinc
uzun çəkməyib.
Qəfildən təqaüdü
kəsilib. Şövkət
təhsilini yarımçıq
qoyaraq Bakıya dönüb. Bu qayıdışdan xəbər
tutan Üzeyir bəy Hacıbəyov dərindən kədərlənərək
çıxış yolu
axtarıb. O, sənət
dostlarını başına
yığaraq pul toplamaq məqsədilə
"Ər və arvad" tamaşasını
səhnəyə qoyub.
Tamaşa sona çatan kimi qəfildən səhnəyə
Şövkət Məmmədova
çıxıb. Bu,
ağlagəlməz, o
dövr üçün
dəhşətli bir
mənzərə idi.
Çünki o vaxta qədər heç bir azərbaycanlı qızı
bu cəsarəti edərək səhnəyə
çıxa bilməmişdi.
Bütün salon təlaş və vahimə içində idi. Salondan səhnəyə zillənən baxışlarE
İstər tamaşaçılar,
istərsə də bu işi təşkil
edənlərin özləri
belə əslində
nə baş verdiyini anlamaq halında deyildilər. Çünki gözlənilmədən
tamaşa salonunda dərin bir sükut yaranmışdı.
Belixəncərli, əlisilahlı
varlı kişilərin qara çarşablı xanımları
ilə birlikdə səhnədə gördükləri
onları bərk təəccübləndirmişdi. Zərif bir qızcığazın
əlisilahlı qoçular
qarşısındakı cəsarəti
sanki hər bir qoluzorluluğa, nadanlığa, vəhşətə
meydan oxuyurdu. Şövkət isə bunlara əhəmiyyət vermirdi. Öz arzuları, məqsədi naminə səsi ilə mübarizəyə
qalxmışdı. O oxuyurdu.
Silah tutan əllər də boşalmışdı. Qəzəbli
baxışlar da yumşalmışdı, əsəblər
də sakitləşmişdi.
Konsert başa çatan kimi Şövkəti Üzeyir
Hacıbəyovun adamları
gizli yolla teatrın binasından çıxartdılar. Qoçular
ayılanda Şövkət
artıq çox uzaqlarda idi. Bu hadisə Azərbaycan mədəniyyəti
tarixində mənəvi
bir inqilab dəyərində qiymətləndirildi.
Həmin gecə Hacı Zeynalabdin Tağıyev də Şövkət xanıma
çiçək dəstəsi
göndərmişdi. Bir
müddət Kiyev Konservatoriyasında oxuyan Şövkət Məmmədova,
nəhayət, 1927-ci ildə
ikinci dəfə İtaliyaya getdi və uzun illər
həsrətində olduğu
arzusuna qovuşdu.
Azərbaycan səhnəsində bir-birindən maraqlı obrazların yaradıcısı olan Şövkət Məmmədovanın
ecazkar səsi ötən əsrin ortalarında dünyanın
mötəbər salonlarını
bürümüşdü. Moskva, Kiyev, Tiflis, Daşkənd, Paris, Təbriz və başqa şəhərlərdə çıxış
edən Şövkət Məmmədova
1945-1981-ci illərdə konservatoriyada
pedaqoji fəaliyyət
göstərib. "Uzun
ömrün akkordları"
filmində Şövkət
xanımın həyat
və fəaliyyəti
ilə bağlı maraqlı epizodlar var. Bu film
həm də ona görə qiymətlidir ki, Şövkət xanımın
özü də orada iştirak edirdi.
Həyatı və sənəti zamanın mürəkkəb qovğalarından
keçən Şövkət
Məmmədova Azərbaycan
opera sənətinin, hətta dünya musiqisinin korifeylərindən
birinə çevrildi.
O, Azərbaycan mədəniyyətinin,
musiqisinin ilkinlərindən,
öncüllərindən, ustadlarından olsa da, həmişə sadə və təvazökar həyat sürdü. Bütün fəaliyyəti, yaradıcılığı
Azərbaycan musiqisinin
inkişafına yönəlmişdi.
Onun min bir çətinliklə saldığı sənət
yollarında ardıcılları
yetişdi. Say çox olsa da, Şövkət Məmmədova məktəbi
əbədilikdir. Ondan
hər zaman öyrənmək və bəhrələnmək gərəkdir.
Azərbaycan.-2007.-15 aprel.-S.5.