İbrahimov S.

 

Konservatoriya Üzeyir bəyin övladı idi"

 

Fərhad Bədəlbəyli Onun adının akademiyaya qaytarılmaması bizi çox narahat edir"

 

"Musiqi Akademiyasını Üzeyir bəyin evi hesab edirik. Onun adını bu məktəbdən ayırmaq olmaz". Akademiyanın rektoru Fərhad Bədəlbəyli yay aylarında tələbələrin keçirdiyi etiraz aksiyaları zamanı ölkə başçısına şifahi müraciətində belə demişdi. Məsələnin çözümündə xüsusi rol oynamayan bu müraciət tezliklə kağız üzərində əksini tapıb. F.Bədəlbəylinin sözlərinə görə, qısa zamanda akademiyada musiqi xadimləri, professorların iştirakı ilə daha bir görüş keçirilib. Məlum məsələyə həsr olunmuş müzakirələr zamanı ziyalılar ölkə başçısına ünvanlanmış müraciətə imza atıblar. F.Bədəlbəyli ötən əsrin əvvəllərində təməli Üzeyir Hacıbəyov tərəfindən qoyulan akademiyaya onun adının qaytarılması istiqamətində müraciətin mühüm rol oynayacağına əmindir. O, ümidvar olduğunu bildirdi ki, məsələ may ayına qədər həllini tapacaq. Həmin ərəfədə müəllim tələbə heyəti Bakı Musiqi Akademiyasının 85 illik yubileyini keçirməyə hazırlaşacaq.

"Tarixə qısa ekskurs edib, diqqətinizə çatdırım ki, konservatoriyanın yaranması bəstəkarın yeni axtarışlarından biri olub. Üzeyir Hacıbəyov musiqi təhsili ocağının vacibliyini elə-belə dərk etməyib. O, Azərbaycanda musiqi təhsilinin inkişafı perspektivlərini görüb. Konservatoriya sözün əsl mənasında Üzeyir Hacıbəyovun övladı idi. Ömrünün son illərini bəstəkar tamamilə məktəbə həsr edib. 1920-ci ildə bəstəkarın konservatoriyanı yaratmaq ideyası onun qarşısına bir çox maneələr çıxardı. Həmin ərəfədə musiqi məktəbləri mövcud idi. Amma musiqi təhsilli ixtisasçılar olduqca az idi. Eyni zamanda, bu məktəblərdə bir qədər həvəskar ümumi maarifçi xüsusiyyətli tədris hakim idi. Ona görə konservatoriyanın yaranması üçün ciddi əsas yox idi" -deyən F.Bədəlbəyli hesab edir ki, həm o dövrdə iqtisadi vəziyyət, binanın olmaması, maliyyə çatışmazlığı bəstəkarı həlli mümkün olmayan problemlərlə üzləşdirmişdi. Həmçinin dərs vəsaitlərinin, musiqi alətlərinin olmaması onun işini bir az da dərinə aparırdı: "Bu yolda Üzeyir Hacıbəyov bir çox çətinliklərlə qarşılaşdı. O, konservatoriyanın yaranma ideyasına qarşı çıxanlarla da mübarizə aparmaq məcburiyyətində idi. Onlar çox idilər. Çünki onların arasında Şərq Avropa musiqisinə tərəfdar olanlar var idi. Bütün çətinliklərə baxmayaraq, konservatoriya fəaliyyətə başladı. 85 illik yolu qət edən bu məktəb Azərbaycan musiqisinə Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli bir çox görkəmli xadimləri bəxş edib. Onların qurduğu ənənə bu gün aktuallığını itirmir. Amma Üzeyir bəyin adının akademiyaya qaytarılmaması bizi çox narahat edir".

Buna baxmayaraq, rektor akademiyanın yubileyinin dövlət səviyyəsində qeyd olunacağını bildirdi. Tədbirlər siyahısının hazırlandığından danışan F.Bədəlbəyli tədbirlərə akademiyanın yarandığı gündə start veriləcəyini söylədi. Bunun başlanğıcı olaraq Ü.Hacıbəyovun "Arşın mal alan" operasının Almaniyada nümayiş etdiriləcəyi gözlənilir. F.Bədəlbəyli tamaşanın həmin ölkədə nümayiş olunması ideyasının Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən irəli sürüldüyünü diqqətə çatdırdı: "Bu layihəni yaradıcı heyətlə bir araya gətirmək ciddi vəsait tələb edir. 50 nəfərin iştirakı ilə hazırlanan tamaşa Berlində, yaxud Frankfurtda göstəriləcək. Akademiyanın rektoru "Arşın mal alan"a ABŞ-da da böyük maraq olduğunu qeyd etdi. Eyni zamanda, bəstəkarın musiqili komediyalarının şahı sayılan "O olmasın, bu olsun"un bir çox dünya səhnəsində nümayiş etdirmək üçün gələcəkdə xüsusi addımlar atılacaq

 

Kaspi.-2007.-14-16 aprel.-S.20.