Vətənə ruhumu təzələməyə
gəlirəm
Çingiz Sadıxov: "Uzaqda yaşamağımla
bura daha da bağlanmışam"
13 ildən
artıqdır ki, azərbaycanlı pianoçu
Çingiz Sadıxov fəaliyyətini Amerika Birləşmiş Ştatlarında
davam etdirir. Apreldə 78 yaşını
tamamlayan həmyerlimiz
səhhətindən gileylənir.
Dediyinə görə,
yüksək təzyiq
və ürəyindəki
narahatçılıqdan əziyyət
çəkir. Pianoçu
hərdən ruhunu təzələmək üçün
vətənə gəlir.
Sonuncu səfərinə
isə o, həyat yoldaşı ilə Rusiyadan başlayıb. Deyir ki, dostlarının məsləhəti ilə
hər ikisi orada müalicə kursu keçib: "Keçən ay ABŞ-da Azərbaycan klassik musiqi əsərlərindən ibarət
3-cü CD-im işıq
üzü görüb.
Bu disk mənə
dostlarımdan Bülbül,
Rəşid Behbudov və Müslüm Maqomayevi xatırlatdı. Uzaqda yaşamağımla
vətənə ruhən
bir az da
bağlanmışam. Kənardan
vətənə boylanıb
baxanda, onun necə doğma və əziz olduğunu görürəm".
78 yaşlı pianoçunu
bu gün alətin arxasında saxlayan yeganə səbəb vətən sevgisidir: "Amerikalılar
pianonun ifasını çox sevirlər. Tez-tez konsertlərim təşkil olunur və böyük tamaşaçı izdihamı
görürəm. Onlar
konsertə ailəlikcə
gəlirlər. 5 yaşından
tutmuş 70-80 yaşına
qədər tamaşaçı
görürəm. Hamısı eyni intellektə
malikdirlər. Sakitcə musiqini dinləyirlər".
Ç.Sadıxov övladlarının özü ilə yaşadığını və onların da musiqiçi olduğunu
dedi. Bildirdi ki, böyük qızı pianoçu, kiçiyi isə skripkaçıdır. Hər ikisi Kaliforniyada təhsil alıblar. Onun sözlərinə görə, amerikalılar
uşaqlarını lap kiçik yaşlarından musiqiyə cəlb edirlər. Hər ailədə mütləq bir musiqiçi yetişir. Bu, ilk növbədə ölkənin mədəniyyətinin inkişafına xidmət edir: "Ailəlikcə öz musiqimizin təbliğinə səy göstəririk. Düzdür, övladlarım Azərbaycanda az-az olurlar. Amma ölkənin tarixi haqqında onları bilgiləndirmək mənim üzərimə düşür. Bu mənada özümü müsbət qiymətləndirirəm. Hətta
qızlarımın yetirmələri Azərbaycanın klassik musiqisi və bəstəkarlarının əsərləri haqqında
müəyyən bilgiyə malikdirlər. Konsertlərimizdə mütləq Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun və b. əsərlərəmütləq yer ayırırıq. Son illər
həmin konsertlərin
təşkilində
diasporumuzun xidmətləri olub. İki gün öncə ABŞ-da verdiyim konsertləri haq-hesab edirdim. Gəldiyim qənaətə
görə, 13 il ərzində 32 konsertim təşkil olunub. Səhhətimlə bağlı
bir neçəsindən
imtina etmişəm".
Səfərlərinin yalnız istirahət
xarakteri daşımadığını
söyləyən Ç.Sadıxov
dedi ki, Fidan və Xuraman
Qasımova bacıları
ilə onu yaradıcılıq əməkdaşlığı
birləşdirir. Qeyd
edək ki, pianoçunun sonuncu diskinə vokal ifaçılarının Ç.Sadıxovun müşayiəti
ilə bir əsəri daxil edilib: "Səfərlərimdə
digər musiqiçilərlə
də mübadilələrim
olur. Məsələn,
Fərhad Bədəlbəyli
və Murad Adıgözəlzadə ilə
həmişə fəxr
edirəm. Musiqiçi
4-5 illik musiqi təhsili ilə kifayətlənməməlidir. Fərhad Bədəlbəyli
konservatoriyanın rektoru
olmağına baxmayaraq,
bu gün də axtarışdadır,
öyrənir. Mən
18 il musiqi təhsili almışam - orta musiqi məktəbi,
konservatoriya, magistatura,
aspirantura və təkmilləşdirmə kursları.
Ölkənin iqtisadi və sosial vəziyyəti gənclərin
mövqeyini bir az başqa istiqamətə
yönəldib. Amma insan hər hansı vəziyyətdə
olursa olsun, bir amal uğrunda
mübarizə aparmalıdır.
Əgər sənin çətin günə dözümün yoxdursa, yaxşı musiqiçi ola bilməyəcəksən.
Zaman öz süzgəcindən pislə
yaxşını keçirib,
onları bir-birindən ayırır. Son illər Azərbaycanda müsabiqələrin
keçirilməsi, dövlətin
qayğısı yaxşıların
sayını çoxaldıb.
Bu məni sevindirir".
Kaspi.-2007.-24 aprel.-S.14.