Məhərrəmova T.
Bizdə musiqi tənqidi yox dərəcəsindədir
Cahangir Səlimxanov: "Marketinq,
beynəlxalq mübadilə
olmadan yeni bir intibahı gözləmək
çətin olacaq"
Çoxları musiqi
mədəniyyətinin səviyyəsinin öz əvvəlki
şöhrətinə qayıtması üçün
çıxış yolunu "Mədəniyyət"
kanalının açılmasında görür. Bəzi
mütəxəssislər isə ümumiyyətlə,
KİV-in diqqətinin bu problemə yönəldilməsinin
tərəfdarıdır. Onların fikrincə, bu işi
zamanın ixtiyarına buraxmaq, "ələk
dövrü"nün gələcəyini gözləmək
qətiyyən düzgün olmazdı. Ciddi musiqinin
təbliğatının güclənməsi
üçün praktik ölçülərə ehtiyac var.
Eyni zamanda, təkcə "muğamstar"ları efirə
çıxarmaq və ya ara-sıra xalq musiqisindən və
muğamlardan ibarət proqram təqdim etməklə problemin
çözülməsini düşünmək də
düzgün deyil.
Musiqişünas Cahangir
Səlimxanovla söhbətimizdə də məqsəd
bugünkü musiqi aləmimizə güzgü tutmaqdır.
- Bir çox
xarici ölkələrin nüfuzlu təşkilatlarından
məktublar alanda yazırlar ki, Azərbaycan kimi musiqi
sahəsində dəyəri olan bir ölkəni
özümüzə üzv qəbul etməkdən
şərəf duyardıq. Bu sözləri
eşidəndə məlum olur ki, Azərbaycan kənardan da
musiqi diyarı kimi qəbul olunur. Bu istedad onsuz da
tükənən deyil. Son vaxtlar "səviyyə
düşür, zövqlər dəyişir" - deyə
şikayətlər eşidilir. Ancaq bir musiqişünas kimi
baxanda demək olar ki, hər hansı bir ölkənin musiqi
mədəniyyəti ümumi proseslərdən təcrid ola
bilməz. Musiqi hal-hazırda çox şaxələnib. Yeni
sintezlər, simbiozlar yaranır. Bu maraqlı dövr
Azərbaycanda da yaşanmaqdadır. Bir
maraqlı cəhət də var: 30 il bundan qabaq rok musiqisini
dinləyənlər heç vaxt simfonik konsertə
getmirdilər, ya da nadir hallarda gedirdilər. İndi isə son
vaxtlar bir çox adamlarda, o cümlədən
özümdə də bu ziddiyyətin
yarandığını hiss edirəm. Bəzən adi
bir toy məclisində oturub bundan həzz alıram. Bəlkə
ona görədir ki, toy məclislərində çoxlu pul
olduğu üçün bu sahə inkişaf edir.
Bəzən istehza ilə toyxana musiqisi də deyirik. Ancaq bu
sahədə həddən artıq istedadlı
musiqiçilər var və onların adı o dairədə
də qalır. O istedadları görəndə "nə
üçün bunları təkcə Azərbaycanda
eşidirlər" - deyə təəssüflənirik.
Düzdür, bu, çox böyük bir cərəyan deyil.
Musiqidən söz düşəndə biz əsasən
muğam və ya klassik musiqini göstəririk. Ancaq bu o
demək deyil ki, mən bir sahənin
pərəstişkarıyam. Bəlkə də eyni musiqiyə
2 gün dalbadal qulaq asa bilmərəm. Növbəti gün
bəlkə də Filarmoniyaya gedib klassik musiqidən həzz
alaram. Sadəcə, klassik musiqinin pərəstişkarı
olmadığım üçün orda da hər şey
xoşuma gəlmir. O biri gün klassik hind musiqisini və ya
orta əsr Avropa musiqisini dinləyə bilərəm. Avropa
ölkələrində elə adamlar var ki, onlar bəlkə
də həftənin 3-4 günü belə konsertlərə
gedirlər. Bu onlar üçün gündəlik
tələbatdır. Əfsuslar ki, bizdə belə melomanlar
yox səviyyəsindədir. Eyni insanlar müxtəlif
dinləyici auditoriyasının üzvünə
çevrilə bilirlər. Bu da son 5-10 ildə baş verən
prosesdir. Biz bunu ancaq indi-indi müşahidə etməyə
başlayırıq. Deməli, yeni format əmələ
gəlir, eyni dinləyici müxtəlif dairələrə
daxil ola bilir. Burda istəsək də,
istəməsək, də musiqi marketinqi qanunauyğunluqları
meydana gəlir. Əgər istəyiriksə, hər şey
məzhəkə və əyləncəyə
çevrilməsin, musiqidə doğrudan da yüksək
duyğular, fikirlər aşılansın, bunun
üzərində işləməliyik. İndi dünyada
tamaşaçı kütləsini
tərbiyələndirmək üçün xüsusi
proqramlar mövcuddur. Məsələn, deyirlər ki,
muzeylər öz daxili divarlarında təcrid olunmamalı,
çərçivələrindən
çıxmalıdır. Musiqi də elə...
- Açıq
Cəmiyyət İnstitutunun Soros Fondu ilə birlikdə
həyata keçirdiyi musiqi layihələri barədə
nə deyə bilərsiniz?
- Soros Fondu
ilə bizim kiçik qrantlardan ibarət proqramımız
başlayıb. Bunun bəhrəsini yəqin ki, bir ilə
görəcəyik. İncəsənətin marketinqi, yəni
bazarlanma sahəsində bir neçə qrant
paylamışıq. Məsələn, Firəngiz
Əlizadənin konsertləri bütün dünyada
böyük uğurla keçir. Demək olmaz ki, Firəngiz
xanımı Azərbaycanda heç tanımırlar. Ancaq onun
sənəti burada lazımi səviyyədə
tanınmır. Ona görə də biz onun qarşıdan gələn
konserti üçün xüsusi videoklip
çəkdirməkdən ötrü qrant
ayırmışıq. Klip bizdə adətən
əyləncə, pop musiqisinə aid olan bir cəhətdir.
Avropa televiziya kanalları ciddi musiqini təbliğ edən
kanallardır. İndi artıq insanlar hər şeyi televiziyada
gördükləri kliplərlə qarşılayırlar. Ona
görə də "dinləyici ciddi musiqi dinləmək
üçün Filarmoniya zalına gəlmir" - deyə
nəyə görə umaq? Bəlkə də onu başa
düşdüyü dildə - klip estetikası ilə
cəlb eləmək lazımdır. Və yaxud Murad
Hüseynov pianoçudur. Bəlkə də onun reklama
ehtiyacı yoxdur. İlk dəfə olaraq Murad Hüseynovun
piano axşamının keçirilməsi üçün
xüsusi veb-sayt yaratmağı təklif edirik. Çünki
gənclərin qavradığı informasiya vasitəsi
internetdir. Həmin konsertlərə marağı artırmaq
və tamaşaçıya dolğun informasiya vermək
üçün o əsərin və ya tədbirin adı
ilə veb-saytlar yaranacaq. Eləcə də Qədim Musiqi
Alətləri Ansamblını çoxları tanımır.
Arabir televiziyada çıxış etsələr də,
çoxları belə bir ansamblın mövcudluğundan
xəbərsizdir. O alətləri dinləyiciyə çatdırmaq
üçün biz yeni formalara əl atırıq. Bu
layihədə düşünürük ki, Şərq
musiqisini dərindən bilən və alətlərdən
yaxşı başı çıxan bəstəkarlar
qədim risalələrdən tapılan musiqi
parçalarını aranyiman etsinlər. Hətta belə bir
şey də fikirləşilir ki, onların
kostyumlarının da qədim Şərq elementləri
saxlanmaqla müasir üslubda tikilməsi üçün
modelyerlərə müraciət olunsun.
- Dediyiniz
videokliplər, veb-saytlar dinləyiciləri musiqi zallarına
qaytaracaqmı?
- Bu, artıq
dünya təcrübəsidir. Əlbəttə,
birdən-birə bir klip çəkməklə demək olmaz
ki, dinləyicilər Filarmoniyaya üz tutacaq. Sadəcə,
göstərmək istəyirik ki, bu bir eksperimentdir.
Kliplərə, reklamlara 50 il bundan qabaq ehtiyac yox idi. İndi
oturub o zamanları xatırlayıb, kövrəlməyin yeri
yoxdur. Bütün dünyada situasiya, vəziyyət
dəyişib. Klassik musiqi bazarında çox böyük
inkişaf gedir. Ona görə də rəqabət var. İndi
peşəkar musiqiçilərin repertuarları daha
zəngin, texniki səviyyələri inanılmaz
dərəcədə olmalıdır. Eyni zamanda, onların
güclü reklam dəstəkləri vacibdir.
- Bəs bu
gün bizdə musiqi tənqidi nə səviyyədədir?
- Bizdə musiqi
tənqidi yox dərəcəsindədir. Amerikanın
"Nyu-York Tayms" qəzetində kiminsə konserti
haqqında bir kəlmə yaxşı söz yazılsa, ola
bilər ki, onun taleyi tamamilə həll olunsun. Çünki
həmin konsertə gedən mütləq səhəri gün
"Nyu-York Tayms" qəzetini alır. Bu son 15-20 ildə
isə bizdə bu sahə tamamilə itib. Musiqi haqqında
yazanların çoxu səriştəsizdir. Yəni onun
üst qatını yazırlar. Musiqi tənqidi xüsusi bir
ixtisasdır. Sadəcə, bir problem kimi proyektoru bunun
üzərinə buraxmaq lazımdır və buna
tələbat olmalıdır. "Nədən başlamaq
lazımdır" demək çox çətindir.
Əvvəla, tənqidçinin yazdığının
oxunması, digər tərəfdən, o yazıların
olması üçün auditoriya olmalıdır. Burada
bir-birinə təsir göstərən amillər var.
Sankt-Peterburqda yaşayan həmyerlimiz Gülarə
Sadıqzadə hazırda Rusiyanın ən məşhur musiqi
tənqidçilərindən biridir. Almaniyada
klassik musiqinin piarı ilə məşğul olan agentlik
üzvləri araşdırıb Rusiyada səsi
eşidilən musiqi yazarının Gülarə xanım
olduğunu öyrəndikdən sonra onu tapır və
təyyarə biletini alaraq xahiş edirlər ki, Kopenhagendə
keçirilən hər hansı tamaşa və ya konsert haqqında
yazı hazırlasın. Bu yazı həmin agentlik
üçün çox vacibdir. Çünki onlar
bilirlər ki, bu tənqidçinin səsi beynəlxalq
səviyyədə eşidilir.
Musiqi
mədəniyyətinin inkişafı üçün
xüsusi proqram tərtib olunmalıdır. Bu,
öz-özünə yarana bilməz. Ancaq onu da demək olmaz
ki, hər şey enişdədir. Düzdür, 90-cı
illərdə Konservatoriyanın gözəçarpan
üzvlərinin bir hissəsi Türkiyəyə üz tutdu.
Buna baxmayaraq, istedadlı uşaqlar var. Kimisi gedib Almaniyada,
İtaliyada oxuyur və çoxları orda da qalırlar.
Bununla bağlı Bəstəkarlar İttifaqının
elə bir perspektivli planlaşdırması yoxdur.
Məsələn, onlar sadəcə, olan
əsərlərdən yığıb bir günlük
konsert verir, adını da plenum qoyurlar. Bu, əlbəttə,
kifayət deyil. Bəlkə Mədəniyyət Nazirliyi bu
məsələni qarşısına qoymalıdır.
Sağlam, dürüst musiqini canlandırmaq üçün
burda bir neçə amillər var - həm musiqi təhsili,
həm də musiqi tənqidi olmalıdır. Marketinq - reklam,
beynəlxalq mübadilə olmadan yeni bir intibahı
gözləmək çətin olacaq. Bundan başqa, bir
çox komponentlər var - onlar eyni zamanda
hərəkətə gəlməlidir ki, bir-birinə
təsir göstərəndə qüvvətli bir sistem yaransın.
- Musiqi
tənqidinin olmaması bugünkü musiqimizin
bayağılaşmasına nə qədər təsir
göstərir?
- Əslində,
bayağı musiqi hər yerdə və bütün
dövrlərdə olub. Bunlar müxtəlif laylardır.
Bəzən bayağı musiqinin özündə də
istedadlı adamlar çalışır. Bəzən
əfqansayağı toyxanaların içərisində
doğrudan da istedadlı musiqiçilər olur. Mən
fikirləşmirəm ki, nəyinsə qarşısından
hasar çəkilməlidir və yaxud şura
olmalıdır. Onda belə çıxır
ki, öz zövqünü kiməsə zorla qəbul
etdirirsən. Əgər kimsə gün ərzində
əylənirsə və ya ona əyləncə lazımdırsa,
demək, onun düşüncə səviyyəsi odur və
ona güclə musiqi qəbul etdirmək olmaz. Ona
görə də tənqid musiqi yanrının içində
olmalıdır. Rusiyanın özündə
submədəniyyətə aid tənqidçilər
dairəsi var, onların vasitəsilə ətrafda nə
baş verdiyini bilmək olur. Onların radiostansiyaları,
qəzet-yurnalları, festivalları, klubları
fəaliyyət göstərir.
Musiqi
sahəsində ayrı-ayrı yanrları bilən
tənqidçilər olmalıdır. Bu dairələr
bizdə olmadığından hərə öz
çərçivə dairəsində
çıxış edir. Ya ictimai qurumlar, ya da dövlət
özü bu məsləhətləşmələri
başlamalıdır. Yoxsa biz çox şey itiririk. Bundan
əlavə, ən adi şeylərdə problemlər var. Bir
çox xidməti peşələr üzrə
mütəxəssis tapılmır. Royalları
kökləyən, not köçürən mütəxəssislər,
klassik musiqini yaza bilən səs reyissorları yoxdur. Ona
görə də belə vəziyyət yaranıb.
- Məncə,
cidi musiqinin təbliğində əsas rolu televiziya
oynamalıdır. Bizdə isə bu sahədə işlər
o qədər də yaxşı deyil.
- Telekanallar
qorxurlar ki, guya simfonik musiqini səsləndirsələr,
geridə qalar, zamanla ayaqlaşmazlar. Bu siyasətlə
kimsə məşğul olmalıdır. Elə reklam
olmalıdır ki, kimsə hər hansı bir simfonik
konsertə düşməyinə görə böyük
xoşbəxtlik hiss etsin. İstər-istəməz həmin
konsertlərə gələn zaman sanki bayrama düşdüyünü
hiss eləməlisən. Fikrət Əmirov, Qara Qarayev, Niyazi
bütləşən şəxsiyyətlər idi. Ən
yaxşı bəstəkarlarımız da 50-ci illərdə
musiqi təhsilinə gəliblər. Görünür,
bu nəsil musiqi təhsilinə başlayanda valideynlər
istedadlı uşaqları musiqiyə yönəldirdi.
Çünki onların qarşısında Qara Qarayev, Niyazi,
Fikrət Əmirov kimi parlaq fiqurlar var idi. İndi isə
kimsə öz uşağını musiqi sahəsinə
göndərmək istəsə, hansı musiqiçini
özünə örnək götürə bilər?
Seçim "gömrükdə işləməsə
də, qoy gedib toylarda oxusun" və ya "ingilis dili
öyrənib hansısa xarici firmada işləsin"dir. Ona
görə də ciddi musiqi sahəsində get-gedə
sanballı mütəxəssislərin sayı azalır. Ancaq
yenə ümidimi üzmürəm. Bəzən bir
sahədən "orda dirçəliş yoxdur" - deyə
tamamilə ümidini kəsirsən. Amma bir də görürsən
ki, o sahədə elə bir inkişaf başlayır ki,
bəlkə də başqa ölkədə buna daha çox
vaxt lazım olar.
Kaspi.-2007.-11 aprel.-S.16.