Məhərrəmova T.
40 ilin dostluğu
Nə az-nə çox - düz 40 ildir ki,
ömrünü-gününü bu sənət
ocağına bağlayıb. Sevincini bu müqəddəs
səhnə ilə bölüşüb, kədərini burada
ovudub. 40 ildir ki, İ.Əbilov adına Mədəniyyət
Mərkəzinə gedən köhnə, dar
küçələri enib-qalxmaqdan yorulmur. Lap cavanlıq
illərindən bu kluba bağlanıb. Bura
işləməyə gələndə 23 yaşı
vardı. Hələ həyatın bərkinə-boşuna
düşməmişdi. İşinə də sonsuz
həvəs və eneryi ilə başlamışdı.
Üstündən illər keçsə də, həmin eneryi
və həvəs tükənməyib.
Uzun illərin fəaliyyəti də
nəticəsiz qalmayıb. 40 il bu Mədəniyyət
Mərkəzində bədii rəhbər kimi
çalışan Mirəhməd Əsgərov burada bir
çox bədii özfəaliyyət kollektivləri
yaradıb və onların çıxışı
müxtəlif festivalların fəxri fərmanına layiq görülüb. Həmçinin
M.Əsgərovun özü fəaliyyəti
dövründə müxtəlif mükafatlarla
təltiflənib.
M.Əsgərovun 40 illik səhnə
fəaliyyəti elə həyatını
bağladığı bu sənət ocağında -
İ.Əbilov adına Mədəniyyət
Mərkəzində qeyd olundu. Bütün fəaliyyəti
mədəniyyət ocağının çox da böyük
olmayan zalına yığışan qonaqlar üçün
vərəqləndi. Yasamal Rayon İcra Hakimiyyəti və
Bakı Mədəniyyət İdarəsinin
təşəbbüsü ilə keçirilən gecənin
mahnı çələngi isə Mədəniyyət
Mərkəzinin müxtəlif ansambllarının ifasında
səslənən şeir və mahnılar, ifa olunan rəqslər
oldu.
Tədbirdən sonra M.Əsgərovla
söhbətimiz zamanı o, təkcə Mədəniyyət
Mərkəzində işləməyə
başladığı illərdən yox, ilk dəfə qadınlar
klubunun filialı kimi fəaliyyətə başlayan
Mədəniyyət Mərkəzinin keçmişindən
danışdı:
- 1918-ci ildə Ceyran Bayramovanın
rəhbərliyi ilə milyonçu Murtuza Muxtarovun evində -
indiki "Səadət" sarayının binasında Əli
Bayramov adına qadınlar klubu yaranıb. Klubun
yaranmasının təşəbbüskarı isə
Nəriman Nərimanov olub. O vaxt Əli Bayramov baldızı
Ceyran xanıma savadsızlığı ləğv etmək
üçün məhəllənin qızlarını
həmin kluba yığıb onları maarifləndirməyi,
əlifbanı öyrətməyi tapşırır.
Beləliklə, Ceyran xanım öz evində belə bir
dərnək yaradır və məhəllə
qızlarını yığıb onlara dərs
öyrətməyə başlayır. Bu dərnək iki il
fəaliyyət göstərir. Azərbaycanda Şura
hökuməti qurulduqdan sonra N.Nərimanov Xalq Komissarları
Şurasının sədri təyin olunur. O, Ceyran
xanımı yanına çağıraraq qadınlar klubunun
fəaliyyəti üçün M.Muxtarovun evini onlara verir.
Ceyran xanım bu təklifi böyük sevinclə qəbul edir
və belə bir klubu yaradır. Klubun bədii şurasına
Ayna Sultanova, Həmidə xanım, Nabat Əfəndiyeva və
başqa adlı-sanlı qadınlarımız cəlb olunur.
Onların qərarına görə, həmin klubda
üç dərnək fəaliyyət göstərə
bilərdi. O vaxt islam qanunları qadınların
maariflənməsinə mane olurdu. Ceyran xanım qərara
alır ki, klubda savadsızlığı ləğvetmə,
biçmə-tikmə və toxuculuq dərnəyi
açılsın. Bu dərnəklər əsasında onlara
bir atelye də verirlər. Sonradan həmin atelye Ə.Bayramov
adına tikiş fabrikinə çevrilir. Qadınlar həmin
atelyedən aldıqları əmək haqqı ilə
dolanırlar. Ancaq klub şəhərin mərkəzində
fəaliyyət göstərdiyi üçün Dağlı
məhəlləsində yaşayan qızlar bura gələ
bilmirdi. Çünki onlar faytona tək-tənha minə
bilmirdilər. Camaat eşidəndə ki,
qızlar kluba oxumağa gedir, onlara sataşırdı. Ceyran
xanım qadınların kluba gəlişinin az olduğunu
görüb, N.Nərimanovun qarşısında
məsələ qaldırır ki, azərbaycanlı
qızların sıx yaşadığı bir yerdə klubun
filialı açılsın. N.Nərimanov
razılıq verir. Hazırda Əbilov adına
Mədəniyyət Mərkəzinin yerləşdiyi
binanın sahibi (indiki Z.Adıgözəlov
küçəsində) Hacı Səməd bəy
binanın yarısını onlara vermək qərarına
gəlir. Ceyran xanım binanın ikinci mərtəbəsini
daha çox bəyənir. Beləliklə, 1922-ci ilin oktyabr
ayında Ə.Bayramov adına qadınlar klubu yaranır. Klubun
şura üzvlərindən biri olan Ruqiyyə Əliyeva kluba
rəhbər təyin olunur. Cavan bir qadının klub
rəhbəri olması məhəllədə
səs-küyə səbəb olur. Onu təhqir edir,
döyürdülər. Ruqiyyə xanım bu
çətinliklərə baxmayaraq, həmin
dərnəkləri bu klubda da yaratmağa nail olur.
Məhəllə qızları yavaş-yavaş bu kluba
cəlb olunmağa başlayır. Sonra Ruqiyyə xanım
eksperiment olaraq tar dərnəyi təşkil edir.
Dərnəklərə gələn qadınlar öz
kiçik qızlarını həmin tar dərnəyinə
gətirməyə başlayır. Tar dərnəyinin ilk
rəhbəri görkəmli bəstəkar Səid
Rüstəmov olub. Klubun yaradılmasında həmçinin
qonşuluqda yaşayan Üzeyir bəy də köməyini
əsirgəmir. Sonradan həmin musiqi dərnəyi Azərbaycana
Ağabacı Rzayeva, Hökumə Nəcəfova kimi
bəstəkarlar bəxş edir. 1926-cı ildə Qılman
Salahovun rəhbərliyi ilə klubda kamança dərnəyi
açılır.
Ruqiyyə xanım bu kluba altı il
rəhbərlik edir. Günlərin birində isə ona
edilən təzyiqlərə dözməyərək
ürəyi partlayıb ölür. Bundan sonra kluba Nabat
Əfəndiyeva rəhbərlik edir. O, düz 30 il Ruqiyyə
xanımın qoyduğu ənənəni davam etdirir. 1930-cu
ildə isə Mirzəağa Əliyevin rəhbərliyi
ilə klubda dram dərnəyi yaradılır. Bu dram
dərnəyi Azərbaycana Ələsgər
Ələkbərov, Əhməd Anadolu, Qafar Həqqi, Sadıq
Saleh, Mehdi Məmmədov və b. görkəmli aktyor və reyissorlar
verir. Sonralar Mehdi Məmmədov deyirdi: "O vaxtlar Əbilov
klubu bir incəsənət qalasına çevrilmişdi. O qalaya girənlər incəsənətin
xəstəliyinə mübtəla olmaya
bilməzdilər". Ələsgər Ələkbərov
isə "Mən bu səhnədə iməkləmişəm"
- deyə xatırlayırdı. İndi Mədəniyyət
Mərkəzinin Xalq teatrı Ə.Ələkbərovun
adını daşıyır. 30-cu ildən başlayaraq
kluba artıq oğlan uşaqlarını da
gətirməyə başladılar.
- Klub nə vaxtdan İbrahim Əbilovun
adını daşımağa başlayıb?
- Ceyran xanım xatirələrində
danışırdı ki, bir gün Şərq
xalqlarının Bakıda keçirilən qurultayında
iştirak edən İ.Əbilov bir türk qızının
çıxışını görəndən sonra
sevincdən göz yaşlarını silərək: "Mənim çoxdankı arzum idi ki, bir
türk qızını hər hansı bir
müsamirədə danışan görüm. Mən bu
gün onu gördüm. Əgər bu gün
danışırsa, demək gələcəkdə mənim
arzularım çiçəklənəcək"- deyə
dillənib. Onun bu sözləri Ceyran
xanımın yaddında qalmışdı. İ.Əbilov
qəflətən vəfat edəndən sonra həmin klubda
qadınların maariflənməsini, çalıb oxumasını
görən Ceyran xanım: "Əbilovun arzuları bundan
yaxşı yerdə çiçəklənməz ki" -
deyə Xalq Komissarları Sovetinə kluba İ.Əbilovun adının
verilməsi üçün müraciət edib və
istəyinə nail olub.
1927-ci ildə klubda ilk qızlar ansamblı
yaradılıb. Həmin ansambla Əhməd
Bakıxanov rəhbərlik edib. Ansambl Moskvada
keçirilən ilk dekadada uğurla çıxış
edib. Azərbaycanın görkəmli
müğənniləri Sara xanım, Şövkət
xanım bu klubda yetişiblər.
1938-ci ildə
Ə.Bayramov klubu bağlanır. Klubun fəal
qadınları - Ayna Sultanova, Ceyran Bayramovanın başı
müsibətlər çəkir. Ayna
xanımı məhv edilir, Ceyran xanımı isə
ömürlük sürgün edirlər.
Sürgündə onun ayaqlarını don vurur. Nəhayət,
Ceyran xanım 1956-cı ildə bəraət alır. O,
ömrünün son günlərinə qədər bizim
tədbirlərə gəlirdi.
- Siz klubda nə vaxtdan
işləməyə başlamısınız?
- Kluba bədii rəhbər
təyin olunanda institutun beşinci kursunda oxuyurdum. Onda klubda təkcə Xalq teatrı və
"Şəlalə" ansamblı fəaliyyət
göstərirdi. Adil Qasımov teatrın
reyissoru, görkəmli bəstəkar Adil Gəray isə
ansamblın rəhbəri idi. Mən bura
gələndə təcrübəsiz idim, ancaq onlar
mənə kömək etdilər. Vaxtilə
A.Gərayın rəhbərlik etdiyi ansamblın üzvləri
indi Azərbaycanın görkəmli
sənətkarlarıdır. Adil Gəray 6
ay ərzində ansamblı elə yetişdirdi ki, onlar
respublika laureatı adını qazandılar.
Klbuda işləməyin
bir çətinliyi də o idi ki, məhəllə camaatı
ilə dil tapmaq lazım idi. Heç
kəs üç ildən artıq burda işləyə
bilmirdi. Buna görə hətta mənim
özümü də sınadılar. Bir dəfə
məhəllənin cavanları gələrək:
"Gəray müəllim bizi məşqə
buraxsın" - dedilər. A.Gərayın da belə
xasiyyəti var idi ki, onun məşqinə heç kim girə bilməzdi. Mən vəziyyəti
A.Gəraya başa salanda: "Məşqdən sonra onlar
üçün yarım saat konsert verərik" - deyə
bildirdi. Cavanlardan biri: "Sən elə bilirsən bizə
ansambl lazımdır? Biz onların səsini
küçədən də eşidirik. Biz
istəyirdik görək sən bizi necə
qarşılayırsan. Daha bu məhəllədə
sənə heç kim bir söz deyə
bilməz". O vaxtdan bu klubda işləyirəm. Məhəllə camaatına da
qaynayıb-qarışmışam. Ağsaqqal
kimi xeyir-şərlərində iştirak edirəm. Artıq 40 ildir ki, burda bədii rəhbər
işləyirəm.
Bədii
rəhbər işlədiyim dövrdə bura
gələnlərin çoxu indi Xalq artistidir. Alim Qasımov,
Səkinə İsmayılova, Ramiz Məlikov, Zeynəb
Xanlarova, Zümrüd Məmmədova, Simarə İmanova,
Cavanşir Məmmədov, Xədicə Abbasova, Ağaxan Abdullayev
və b. ilk dəfə bu klubda oxuyublar. Burada işlədiyim
müddətdə Mədəniyyət Mərkəzində
yeni-yeni bədii kollektivlər yaranıb və kollektivlərin
beşi "Xalq kollektivi" fəxri adına
layiq görülüb.
Klub keçmişin ənənəsinə
uyğun olaraq fəaliyyət göstərir. O vaxtdan bəri
Mədəniyyət Mərkəzi öz ritmini bir an da
saxlamayıb. 5-6 ildir ki, kluba Mədəniyyət
Mərkəzi statusu verilib. Mərkəzin kiçik zalında
çox böyük tədbirlər həyata keçirilir.
Görkəmli aktyorlarla, bəstəkarlarla,
mədəniyyət evinin yetişdirmələri ilə
görüşlər təşkil edirik. Hal-hazırda
mərkəzdə 12 bədii kollektiv, 4 rəqs ansamblı, o
cümlədən tikiş, fortepiano, tar, qarmon, nağara,
"İsmət" qızlar klubu və s. fəaliyyət
göstərir. "Könül" rəqs ansamblımız
dünyanın 40-dan çox ölkəsində qastrol
səfərində olub. Burada fəaliyyət
göstərən "Qağayı" ansamblına mən,
"Şəlalə" ansamblına isə Zamiq Əliyev
rəhbərlik edir. Fəaliyyətimizə görə
SSRİ və Azərbaycan Mədəniyyət
Nazirliklərinin mükafatlarını almışıq.
Üç il bundan qabaq Mədəniyyət Mərkəzinin
80 illik yubileyi qeyd olundu. Haqqımızda
"Azərbaycantelefilm" sənədli film də
çəkib. Demək olar ki, hər ay müxtəlif
tədbirlər keçiririk. Yasamal Rayon İcra Hakimiyyəti,
Bakı Mədəniyyət İdarəsi bizə qayğı
göstərir. Müəyyən çətinliklər olsa
da, işimizi dayandırmırıq.
Kaspi.-2007.-5 aprel.-S.16.