Müəllimdən
öyrəndiklərimizi tələbələrimizə
ötürmək borcumuzdur"
Tanınmış
muğam ifaçılarımızdan olan Cabir Abdullayevin bu
yaxınlarda "Səbuhi AMD" studiyası
tərəfindən "Atasız dünya" diski təqdim
olunub. Ölməz muğam incilərimizi yaşadan və sənətilə
qürur duyan Cabir Abdullayevlə söhbətimiz muğam
sənəti və xalq musiqimizin bugünkü durumu ilə bağlı oldu.
Müsahibimiz söhbətə yeni diskindən
söz açmaqla başladı. – Burada əsasən
muğamlarımızdan parçalar və S.Rüstəmovun
İslam Səfərlinin sözlərinə
bəstələdiyi "Bilmədi yar" mahnısı yer
alıb. "Zəminxarə",
"Şüştər" təsnifi və digər
segahların, muğam şöbələrinin
dinləyicilər tərəfindən müsbət
qarşılanacağına ümid edirəm.Ada
gəlincə, bu mənim bir övlad kimi atama olan borcumun
heç olmasa cüzi bir hissəsini qaytarmaq
cəhdimdir.İnsan gənc olduqda bu borc haqqında
düşünmür.Ataların gözəl bir sözü
var: "Atanın qədrini ata olanda bilərsən".
Həqiqətən də insan zaman keçdikcə bunu
anlayır. Düzdür, oxumaqla bu mənəvi borcu
ödəmək mümkün deyil.Ancaq hər halda valideyn
zəhmətini qiymətləndirmək, onların
qayğısına qalmaq hər bir övladın borcudur. –
Sənətə gəlişiniz hansı vaxta təsadüf
edir? – Sənətə gəlişim
təsadüfi deyil.Bunu bir ailə ənənəsinin
davamı da hesab etmək olar.Gözümü açandan
ailəmizdə muğam sədalarını eşitmişəm.Qardaşlarım-
xüsusilə də mərhum Vahid Abdullayev xalq
mahnılarını yaxşı ifa edirdi. Hələ 11
yaşım olanda böyük səhnədə müğam
oxumuşam.Yadımdadır, 1980-ci ildə XXX qurultayın yekun
konserti idi. Mən o zaman Ağdamın
"Şur" ansamblının üzvü kimi bu dövlət
əhəmiyyətli tədbirdə iştirak edirdim.
Ümummilli liderimiz Heydər Əliyev və bir sıra
tanınmış dövlət adamları da konsertə
tamaşa edirdilər. 7 dəqiqəlik "Qarabağ
şikəstəsi"ni ifa etmək üçün tam
13 gün ölməz dirijor Niyazi bizimlə gərgin
məşq prosesi apardı.Onda keçirdiyim
həyəcanı hələ də xatırlayıram. – Bir
sənətkar kimi yetişməyinizdə kimin rolu olub? – Sevimli müəllimim, peşəkar muğam
ustadı, professor Arif Babayevin rolu müstəsnadır.Bununla
belə, sənətə dəyər verməyi bacaran
dostlarımın da mənəvi dəstəyini hiss
edərək bu yolda addımlamışam.Ona görə
də əldə etdiyim nailiyyətlərimə görə
müəllimimlə yanaşı, dostlarıma da
borcluyam. – Arif Babayev kimi korifey bir
sənətkarın "əlindən su içmək"
və onu razı salmaq, özünü təsdiq etmək
təbii ki, məsuliyyətli bir işdir.Məşhur
muğam ifaçılarından sonra bu yükün altına
girmək sizi çəkindirmədi ki? – Yox,
məsuliyyət əlbəttə var və həmişə
olmalıdır.Çünki muğam ağır
zəhmət tələb edən ciddi bir musiqidir.Muğam
dəryasına baş vurmaq, bu sənətdə
müvəffəqiyyət qazanmaq üçün
illərlə gərgin əmək sərf etmək
lazımdır.Atalar yaxşı deyib ki, hər oxuyan
Molla Pənah olmaz.Bu fikri muğama da aid etmək olar.Burada
gərək hər şey maksimuma
hesablansın.Elə-belə, ara mahnısı oxumağa nə
var ki? Bəzi "müğənnilər" belə
mahnıları 2-3 gün məşq edirlər və artıq
mahnı "hazırdır". Muğam oxumaq isə
böyük məsuliyyətdir. Deyək ki, hansısa bir
dövlət tədbirində iştirak edirsən və burada
muğam ifa etməlisən. Canlı ifadı, hər şey
ola bilər, hər dəfə elə həyəcan
keçirirəm ki, az qala ömrümdən 5 il itirirəm.
Ancaq nə qədər məsuliyyətli olsa da, bizdən
əvvəlki sələflərimizin miras qoyduğu bu xalq
musiqisini biz də layiqincə gələcək nəslə
ötürməliyik. Müəllimlərimizin bizə
öyrətdiklərini tələbələrimizə
ötürmək borcumuzdur. – Tələbələrinizdən
hansılarının gələcəyinə daha çox
ümid bəsləyirsiniz? – Milli konservatoriyada
muğam dərsi tədris edirəm.11 tələbəm
var.Düzü, tələbələrin bəzilərinin
yaşla əlaqədar səsləri dəyişə bilir,
ona görə qabaqcadan nə isə deməyə
çətinlik çəkirəm.Amma xüsusilə
Səlimənin, Ülvinin perspektivi genişdir və
onların gələcəyinə inanıram.
İnşallah, çalışacağıq ki,bildiyimizi
öyrədək, həm də özümüz
öyrənək. Müəllim-tələbə münasibətlərinə
gəlincə, hər kəs əvəzolunmazdır.Hər bir
xanəndə öz ustadından nə isə alır və
zəhməti sayəsində özünü təsdiq edir.
Təbii, arzulayaram ki, gələcəyin Cabiri, Cabirləri
yetişsin. Bu, artıq gələcəyin
ixtiyarındadır. – Əvvəllər də toy
mərasimləri xanəndələr üçün
məktəb rolunu oynayıb.Xan və Seyid
Şuşinskilər, Cabbar Qaryağdıoğlu kimi korifey
sənətkarlarımız məhz toylarda
püxtələşiblər.Bəs bugünkü toylar
buna zəmin yaradırmı, sizi qane edirmi-həm maddi, həm
də mənəvi baxımdan? – İndi vəziyyət və
zəmanə dəyişib. Hal-hazırda
mədəniyyətimizdə elə vəziyyət yaranıb
ki, istedadsız, səviyyəsiz
"müğənnilər" yuxarı başa keçiblər.Şair
demişkən: "Müsibət oluruq biz, səhv
düşəndə yerimiz". Mən bunda daha çox
televiziya- radionu günahkar hesab edirəm. Təbliğat və
reklam hər şeyi həll edir, buna görə də
efirdən daima şit musiqi sədaları,
haray-qışqırıq səsi eşidilir. Lakin mən
dəvət olunduğum toyların səviyyəsindən
çox razıyam. Muğam, xalq musiqisi ifa edirəm və buna
maraqla qulaq asan, istirahət edən insanları gördükdə
mənəvi zövq alıram. Hərdən təsadüf
elə gətirib ki, səviyyəsiz toylarda da ifa etməli
olmuşam və sonra buna görə özümü
qınamışam, sənətimin
aşağılanmasından sarsılmışam. Lakin bu,
nadir hallarda baş verib. Ümumiyyətlə isə, toylar məni
həm maddi, həm də mənəvi baxımdan qane edir. –
Sizcə, bu gün "şou-biznes aləminin"
ictimaiyyətə sırıdığı bayağı mahnıların,
səviyyəsiz kliplərin gənclərin
auditoriyasını zəbt etməsinin əsas səbəbi
nədir? Dinləyicilərin zövqü korşalıb, yoxsa
muğama, xalq musiqisinə maraq azalıb? – Xalq
sənətinə maraq azalıb
deməzdim.Şükürlər olsun ki, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva
muğamlarımıza əsl vətəndaş
təəssübkeşliyi ilə yanaşaraq onları itib-
batmaqdan qoruyan tədbirlər planı həyata
keçirir.Bunun üçün bütün xalqımız
adından ona minnətdaram.
Əlbəttə, bu addımların atılması
gələcəyə hesablanıb.Bu, muğama yenidən
qayıdışdır.Düzdür, dediyiniz şit
mahnılar zövqümüzü , daha doğrusu
gənclərin zövqünü korlayır.Pop musiqi
yarışmalarının sayı-hesabı yoxdur, amma cəmi
bir muğam müsabiqəsi keçirilib. Lakin bir
məsələni vurğulayım ki, bunlar
müvəqqəti şöhrətin parıltılarıdır.
Gec-tez onlar yaddan çıxacaq, gündəmdən
silinəcəklər. Çünki qüvvətli əsasa,
xalq irsinə, milli təfəkkürə söykənməyən
sənət uzunömürlü ola bilməz. Amma ilahinin
bizə pay kimi bəxş etdiyi muğamlarımız
əbədiyaşardır. Zaman ötdükcə bunu
zövqü korşalan gənclərimiz də başa
düşəcək. – Fəxri adlara münasibətiniz? –
Mənim nəzərimdə ən böyük fəxri
ad-xalqın məhəbbətidir. Nə vaxtsa fəxri ad alsam da, yenə
bu fikrimdə qalacağam. Camaat
arasında olanda mən bu sevgini hiss edirəm və sizi
əmin edirəm ki, bu mənim üçün hər
hansı fəxri addan qat-qat qiymətlidir. Ən ümdəsi,xalq artisti olmaq yox, xalqın xanəndəsi
olmaqdır. Elin gözü tərəzidir.
Millətimiz sənəti, sənətkarı
qiymətləndirmək baxımından əsl meyardır.
– Xarici ölkələrə səfərlərinizlə
bağlı nə deyə bilərsiniz? – Türkiyə, Rusiya,
Avstriyaya səfər etmişəm. Dövlət
tədbirləri çərçivəsində orada
muğamlarımızı dünyaya
çatdırmışam. Bu səfərlər
zamanı maraqlı hadisələr də az
olmayıb. Avstriyada olarkən həmin
ölkənin dövlət katibinin muğam
üçlüyünə yaxın dayanaraq bizi maraqla
izləməsini bu gün də məmnunluq hissi ilə
xatırlayıram. – Çünki həqiqi
sənətə-muğama tərcüməçi lazım
deyil. Muğam bütün dünyanın
anlayacağı bir dildədir. – Çox doğru qeyd
etdiniz. Həmin tədbirdə
mədəniyyət nazirinin müavini Ədalət Vəliyev
də iştirak edirdi. Tədbirdən sonra Ədalət
müəllim bizə bildirdi ki, Avstriyanın dövlət
katibi onunla söhbətində sözləri anlamasa da,
muğama heyran olduğunu etiraf edib və təşəkkürünü
çatdırmağı xahiş edib.Türkiyədə
səfərdə olarkən "Zabul" muğamının
"Mayə" hissəsinə qulaq asarkən
dinləyicilər ən xırda boğazları belə duyaraq
bizi alqış selinə qərq edirdilər. – Bu
sözlərdən sonra Bəxtiyar Vahabzadənin
qəzəlindən bir beyti xatırladım: Dəfn edin siz
məni "Zabul" segahın mayəsinə, Deyirəm,
bəlkə məni bir gün oyandırdı muğam. –
Bəli, böyük şairimizin duyduğu o incə
məqamı türk tamaşaçısı da tuta
bilmişdi.Bir dəfə də Sankt-Peterburqda başqa
xalqların nümayəndələrinin də
qatıldığı bir tədbirdə iştirak
edirdim.Soydaşlarımızın xahişi ilə Nisə
Qasımovanın repertuarındakı "Yalan dünya"
mahnısını ifa etdim.İfadan sonra bir rus oğlan
mənə yaxınlaşaraq mahnının sözlərini
tərcümə etməyimi xahiş etdi və bildirdi ki,
mənasını anlamasa da ,musiqi, ifa onu ağladıb.Bax, bu
hadisəni xaricə səfərlərimin ən yaddaqalan
və təsirli xatirəsi hesab edirəm. – Ailənizdə
övladlarınızdan hansınınsa sənətinizi davam
etdirmək niyyəti varmı? – Ailəmdə 2 övlad-Nicat
və Nəzrin böyüyür.Hər ikisinin istedadı
var.Lakin onların heç birinin sənətimi davam
etdirməsini arzulamıram.Ona görə ki, bu yolun
çətinliyi çox, məsuliyyəti ağırdır.
– Uğur əldə etməyin çətinliyi
baxımından bu qənaətdəsiniz, yoxsa bugünkü
reallığın mənzərəsi sizi qane etmir? – Bu
sənətdə müvəffəqiyyətə gedən yol
çox uzundur və maneələri çoxdur. – Əsl istedad üçün də problem var?
– Bəli, məhz əsl istedad üçün indiki
reallıqda uğur əldə etmək müşkülə
çevrilib: "İstedadlara kömək edin,
istedadsızlar sizsiz də özlərinə yol açacaqlar".
Bu sözdə dərin hikmət
var.İstedadsız insanlar bu gün
gündəmdədirlər, özlərini gözə
soxurlar.İstedadlı şəxslər utancaq,
təvazökar olur, istedadını gizlədir, gözdən,
nəzərdən kənarda qalır. – Sonda
toxunmadığımız hansı mətləbə
aydınlıq gətirmək istərdiniz? – Zənnimcə,
qaranlıq mətləb qalmadı.
525-ci qəzet.-2007.-5 aprel.-S.7.