Azərbaycan-Rusiya mədəni əlaqələri
genişlənir
AzərTAc
xəbər verir ki, Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev aprelin 20-də ölkəmizdə
işgüzar səfərdə olan Rusiya Federal
Mədəniyyət və Kinematoqrafiya Agentliyinin
başçısı Mixail Şvıdkoy ilə
görüşmüşdür.
Ə.Qarayev bildirmişdir
ki, son vaxtlar
ölkələrimiz arasında
mədəni əlaqələr
daha intensiv inkişaf edir. Bu günlərdə Moskvada Azərbaycan mədəniyyəti günləri
başa çatmışdır,
indi isə mayın 5-6-da Bakıda keçiriləcək Kulturoloqlar
forumuna hazırlıq
gedir.
Nazir demişdir: "Tədbirə hazırlıq çərçivəsində
bir çox məsələləri - Rusiya
qiraətçilərinin çıxışlarını,
Bakıda Moskva teatrlarının qastrol səfərlərini, habelə
RF regionlarında Azərbaycan
mədəniyyəti günlərinin
təşkilini müzakirə
etməliyik. Bununla
əlaqədar, "Oqonyok"
jurnalının redaktoru
Viktor Loşak və Kulturologiya İnstitutunun direktoru Kirill Razloqov hazırda Bakıdadırlar".
Mixail Şvıdkoy demişdir: "Müntəzəm
görüşlərimiz obyektiv
tələbatdır. Mədəni
əlaqələrimizin həcmi
artır ki, bu da aydın
düzəlişlər tələb
edir. Moskvada Azərbaycan mədəniyyəti
günləri böyük
maraqla qarşılanmış,
Dövlət Pantomim Teatrının çıxışları
müsbət əks-səda doğurmuşdur.
İlk dəfədir Rusiya-Azərbaycan festivalları haqqında danışıqlar gedir, yazıçı və şairlərimizin iştirakı
ilə "dəyirmi
masa"ların təşkili planlaşdırılır.
Azərbaycan yazıçı
və şairlərinin
yaşlı nəslini
Rusiyada yaxşı tanıyırlar, lakin Azərbaycanın müasir
poeziyasını və
nəsrini də təqdim etmək lazımdır".
Görüşdə müştərək
kino layihələrindən,
tələbələrin staj
keçmələrindən də söhbət getmişdir.
Bildirilmişdir ki, bu ilin oktyabrında
Bakıda Moskva mədəniyyəti günləri
keçiriləcəkdir.
Görüşdən sonra
M.Şvıdkoy jurnalistlərin
suallarına cavab vermişdir
Azərbaycan.-2007.-21 aprel.-S.7.