Salmanov R.

 

Sənət məktəblə deyil, istedadla ölçülür

 

Azərbaycan xalq musiqisi, muğam ifaçılığı sahəsində dəyərli xidmətləri olan xanəndələrdən biri də respublikanın əməkdar artisti Razi Şükürovdur. O, 35 ildən artıqdır ki, milli musiqi mədəniyyətimizin təbliği naminə yorulmadan çalışır. Onun müxtəlif illərdə lentə aldırdığı “Çahargah”, “Zabul-Segah” muğam dəsgahları, “Şur”, “Dilkəş”, “Bayatı-Şiraz” təsnifləri, eləcə də “Küçələrə su səpmişəm”, “Gecələr”, “Əsmərim”, “Kölgəm qədər” və onlarca bir-birindən gözəl, könül oxşayan mahnılar bu gün də həvəslə dinlənilir.
Şirin, ürəyəyatımlı səsi, özünəməxsus üslubu, ciddi təbiəti ilə sənət aləmində yaxşı tanınan Razi Şükürovun incəsənətə gəlişi heç də təsadüfi olmayıb. Atası respublikanın əməkdar artisti Sahib Şükürov dövrün tanınmış və sevilən ustad xanəndələrindən biri idi.
Evlərində tez-tez təşkil olunan muğam gecələri sənətə yenicə qədəm qoyan Razi Şükürov üçün əsl örnək, yaradıcılıq məktəbi olub...
Bakıda yaşasalar da, hər il yay tətili günlərində Razi Ağdama — nənəsigilə gəlirdi. Günün çoxunu əmisinin işlədiyi rayon mədəniyyət evində keçirərdi. Əmisi Rəhimin gözəl tar çalmağı var idi. O, rayon mədəniyyət evinin bədii rəhbəri idi. Rayonun əksər müğənni və ifaçıları daim mədəniyyət evinə yığışar, məşq edib konsertlərə hazırlaşardılar. Çal-çağırlı, qaynar musiqi həyatı Razini də özünə cəlb edirdi. Sahibin oğlu kimi tanınan gənc xanəndənin — Razi Şükürovun gözəl və məlahətli səsi ilk növbədə əmisi Rəhimin və o vaxt mədəniyyət evinin direktoru işləyən əməkdar artist İbrahim Qarabağlının nəzərindən yayınmır. Onun səsi, istedadı Ağdamın məşhur xanəndələri Xaləddin Xaləddinov, Xəlil Xəlilov, Şahid Abdullayev kimi sənətkarların da çox xoşuna gəlir. Odur ki, 10-12 yaşlı Razini böyük məmnuniyyətlə öz sıralarına dəvət edirlər.
İsti yay günlərində ansamblın kənd əməkçiləri qarşısında verdiyi konsertlərdə Razi də həvəslə iştirak edir. Onun ifasında atası Sahib Şükürovun repertuarından bağlanmış musiqi çələngi — “Gəl-gəl, ahu balası”, “Dağlarda ceyran gəzər”, “Segah təsnifi”, “Apardı sellər Saranı” və digər xalq mahnıları rəğbətlə qarşılanır. Muğam sənətinə böyük maraq göstərən Razi Şükürov muğamatın incəliklərinə, onun texnikasına dərindən yiyələnmək istəyirdi. Bu səbəbdən də yaradıcılığında muğama xüsusi yer ayırır, ustad xanəndələrin val və lent yazılarına dönə-dönə qulaq asmaqdan doymurdu. Hər bir muğamın spesifik xüsusiyyətlərini və müxtəlif hissələrini məharətlə oxumağa, bir hissədən başqa birisinə keçmək üçün təsniflərdən ustalıqla istifadə etməyə çalışırdı. Gənc xanəndənin yüksək peşəkarlıq məziyyətlərinə xüsusi önəm verən Ağdam rayon mədəniyyət evinin direktoru İbrahim Qarabağlı Bakıda keçiriləcək bədii özfəaliyyət kollektivlərinin baxış—müsabiqəsində Ağdam rayon mədəniyyət evi kollektivinin üzvü kimi Razi Şükürovun da çıxış etməsinə razılıq verir. M.F.Axundov adına Opera və Balet Teatrında keçirilən müsabiqədə respublikanın bütün bölgələrindən mahnı və rəqs ansamblları iştirak edir. Razi Şükürovun “Haşım segah” üstdə oxuduğu “Apardı sellər Saranı” xalq mahnısını münsiflər heyətinin sədri, görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli çox bəyənir. 15 yaşlı gənc xanəndənin zövqlə geyimi, ifa tərzi, yüksək mədəniyyəti, ən başlıcası isə ürəyəyatımlı, şirin səsi hamının diqqətini cəlb edir. Sürəkli alqışlar, oğlunun ünvanına deyilən xoş sözlər müsabiqənin gedişini diqqətlə izləyən Sahib Şükürovun və sənət dostlarının da ürəyincə olur. Məhz bu konsretdən sonra onun səhnə fəaliyyətində əsaslı bir dönüş yaranır.
Razi Şükürovun bədii özfəaliyyət yaradıcılığının bir hissəsi də Bakının 26-lar adına mədəniyyət evi ilə bağlıdır. Gənc müğənninin ilk qastrol səfəri də məhz bu kollekivdən başlayır. Doğma Qarabağı qarış-qarış gəzən Razi Şükürov hər yerdə hörmət və ehtiramla qarşılanır. Ansambl özfəaliyyət adlandırılsa da, tərkib etibarı ilə kollektivin çoxu peşəkar ifaçı və müğənnilər idi. Günü-gündən sənətdə püxtələşən Razi Şükürovun xoş sədası, çox çəkmir ki, xalq artisti məşhur tarzən Hacı Məmmədovun da qulağına çatır. O, Razi Şükürovu Azərbaycan Dövlət Filarmoniyasının nəzdində özünün rəhbərlik etdiyi ansambıla dəvət edir.
1972-ci ildə Razinin ifasında “Segah” və “Dilkəş” təsnifləri lentə alınıb radionun qızıl fonduna daxil edilir. Həmin il “Melodiya” firması onun ilk valını buraxır. Razi Şükürov məlahətli səsi və sənətkarlıq bacarığı ilə təkcə doğma respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da tanınıb sevilir. El şənlikləri və toylara tez-tez dəvətlər alsa da, konsert fəaliyyətinə daha çox üstünlük verir. Ə.Quliyev, A.Məşədibəyov, Ə.Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblları ilə milli musiqi nümunələrimizin təbliğində yorulmadan çalışır. Sənət aləmində artıq peşəkar xanəndə kimi tanınıb sevilir. Ulu muğamları öyrənməklə, şeir və qəzəlləri ustad sənətkarlardan əxz etməklə yanaşı, öz orijinal yolunu tapmağa çalışır.
Musiqi təhsili görməsə, də ustad xanəndə Zülfü Adıgözəlovu, Mütəllim Mütəllibovu, tarzən Məmmədağa Muradovu, eləcə də atası Sahib Şükürovun yaradıcılığını özünə bir məktəb sayır. Oxuduğu hər bir muğama öz yaradıcılıq prizmasından yanaşır. Və hər dəfə muğam sənətindən söz düşəndə — “Muğamatımızın əsrdən-əsrə keçərək bu günə gəlib çatmasına əsas səbəb hər müğənninin ona fərdi yanaşması, yeni nəfəs, xallar və xırdalıqlar gətirməsidir. Əks halda, hamı eyni cür oxuyub-çalsaydı, yəqin ki, yeknəsəklik yaranar, bu sənət bizi tez bezdirərdi” — deyir.
Ümumittifaq “Melodiya” səsyazma firması ustad tarzən Bəhram Mansurovun müşayiətilə Razi Şükürovun ifasında “Çahargah”, “Zabul-Segah” muğam dəsgahlarını vala köçürüb, böyük tirajla satışa çıxarmışdı. 1972-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Birliyi yaranan gündən isə onun solisti olmuş Razi Şükürov milli musiqi mədəniyyətimizin, klassik muğam sənətimizin ən fəal təbliğatçılarından olmuşdur. Qarabağ hadisələri başlanan gündən Razi Şükürovun da yaradıcılığında bir tənəzzül dövrü başlayır. “— Mənə elə gəldi ki, daha çalıb-oxumaq qurtardı. Sənət aləmində bir ruh düşkünlüyü yarandı. Cəbhə bölgələrindən gələn qara xəbərlər, ana və bacılarımızın ah-naləsi, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın acı taleyi bir azərbaycanlı olaraq mənim də qəlbimi ağrıdıb məyus edirdi. Lakin ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı hər şeyi yoluna qoydu. Onun bu çətin məqamda sənət adamlarına dəstək verməsi, diqqət və qayğı göstərməsi bizlərə yenidən qol-qanad verdi. Muğam sənətinə heç vaxt bugünkü qədər dəstək verilməyib. Bunun üçün ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya bütün sənətçilər adından dərin təşəkkürümü bildirirəm”.
Razi Şükürov Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği sahəsində göstərdiyi xidmətlərə görə ölkəmizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Bu günlərdə Razi Şükürovun “Şahinlər” studiyası tərəfindən hazırlanmış yeni audio kaseti və kompakt diski sevimli xanəndənin yaradıcılıq potensialının tükənmədiyinə bir işarədir. Ona bu yolda yeni-yeni nailiyyətlər və sənət pərəstişkarları tərəfindən daha da sevilməyi arzulayırıq.

Xalq qəzeti.- 2007.- 4 aprel.- S.7.