Taştemir T.
Naxçıvan
bəstəkarları hesabat verdilər
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrında Muxtar
Respublika (MR) Bəstəkarlar Təşkilatının
III hesabat konserti keçirilib.
Hesabat konsertində
çıxış edən Naxçıvan MR Bəstəkarlar
Təşkilatının sədri Şəmsəddin
Qasımov rəhbərlik etdiyi qurumun musiqi
mədəniyyətimizə verdiyi töhfələrdən,
eləcə də Muxtar Respublikanın ictimai-mədəni
həyatındakı rolundan söz açıb. Naxçıvan
bəstəkarlarının qazandıqları uğurları yüksək
dəyərləndirən Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, Əməkdar incəsənət
xadimi Ramiz Zöhrabov bildirib ki, bu, hər şeydən əvvəl,
son illər mədəniyyət və incəsənətimizə
artırılan dövlət qayğısının
təzahürüdür. Çıxışının sonunda
o, 3 bəstəkara - Yeganə Əsədova, Günay Məmmədova
və Bənövşə Rzayevaya Azərbaycan Bəstəkarlar
İttifaqının üzvlük vəsiqələrini
təqdim edib. Tədbiri Azərbaycan Respublikası
Bəstəkarlar İttifaqı və Naxçıvan Muxtar
Respublikası Bəstəkarlar Təşkilatının
birgə hesabatı kimi dəyərləndirən Ali
Məclisin Sədri Vasif Talıbov bundan sonra da
Naxçıvanda mədəniyyət və
incəsənətin həmişə diqqət
mərkəzində olacağını bildirib.
Qeyd edək ki,
Naxçıvan Dövlət Filarmoniyasının Xalq
Çalğı Alətləri Orkestrinin ifasında
səslənən üç hissədən ibarət
"Naxçıvan eskizləri" ilə başlanan hesabat
konsertində ayrı-ayrı janrlarda musiqi nömrələri
təqdim edilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının
aspirantı Svetlana Əhmədovanın fortepianoda ifa etdiyi
"Variasiya", Cahangir Qurbanovun skripkada ifa etdiyi
"Mömünə Xatın" əsərləri daha
çox alqışlarla müşayiət olunub.
Zaman.- 2007.- 19-20 aprel.- S. 8.