Əfrasiyab Bədəlbəylinin 100 illiyi münasibətilə "Qız qalası" baletinin tamaşası olmuşdur

 

Aprelin 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, görkəmli bəstəkar, musiqişünas alim Əfrasiyab Bədəlbəylinin 100 illiyi münasibətilə "Qız qalası" baletinin tamaşası olmuşdur.
Tamaşadan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək demişdir ki, bu tamaşa Şərqdə ilk baletdir. Ə.Bədəlbəyli Azərbaycanda Bəstəkarlar İttifaqı yaradılarkən onun sırasına daxil olan ilk azərbaycanlılardan biridir. Keçən əsrin 30-cu illərində isə milli musiqimizin şahı olan tar əleyhinə çıxışlara öz münasibətini bildirmişdir.
Bəstəkarın həyat və yaradıcılığından söz açan natiq demişdir ki, Ə.Bədəlbəyli mədəniyyətşünaslıq və musiqişünaslıq elmimizin bünövrəsini qoyanlardan biridir. O, yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə töhfə verən insanların cərgəsində layiqli yer tutmuşdur. Azərbaycan baleti yaşadıqca ilk baletimizin müəllifi, böyük bəstəkarımız Ə.Bədəlbəyli də yaşayacaqdır.
"Qız qalası" baletinin tamaşasında əsas rollarda xalq artisti Mədinə Əliyeva, əməkdar artistlər Gülağası Mirzəyev, İslam İslamov və başqaları çıxış etmişlər.

 

Azərbaycan.-2007.- 8 aprel.-S.3.