Dadaşzadə
K.
Ramiz
Quliyev-60
“Keçmiş həyatımda azərbaycanlı olduğumu
düşünürəm”
Dünyamiqyaslı
etnomusiqişünas Zemtsovski Ramiz Quliyevin ifasından məhz
belə təsirləndiyini bildirir
Hörmətli oxucu, Sizə elə gəlmir ki, bizim
cəmiyyətimizdə son zamanlar tez-tez müzakirə
edilən "qlobal-universal" və "etno-fərdi"
hadisələr arasındakı qarşıdurma
məsələsi artıq çoxdandır bizim
incəsənət xadimləri tərəfindən
təcrübədə uğurlu şəkildə həll
olunub?
Hələ yüz il əvvəl dahi Üzeyir
Hacıbəyovun "Leyli və Məcnun"u sübut etdi
ki, ən cəsur bədii kəşflər müxtəlif
ənənələrin toqquşma nöqtəsində
yaranır. Bu gün bir şey aydındır: bütün
mədəniyyət məkanına nüfuz edən qlobal
tendensiyalardan kənarda qalmaq, milli
özünəməxsusluğu universallaşma prosesinə
qurban vermək sadəcə olaraq yolverilməzdir.
Bu cür düşüncələri bir daha
gündəmə gətirən əsas
səbəblərdən biri isə musiqi
həyatımızın görkəmli
hadisələrindən biri - respublikanın xalq artisti Ramiz
Quliyevin 60 illik yubileyi oldu.
Xatirimizdədir, istedadlı tarzənimizə həsr olunmuş
sənədli filmdə dünyamiqyaslı etnomusiqişünas
İ.Zemtsovski Ramiz Quliyevin ifasını "Azərbaycan
musiqi mədəniyyətinin rəmzlərindən biri"
adlandırdı. Doğrudan da, 40 ilə yaxındır
R.Quliyevin ifaçılıq məharəti bir çox
ölkələri fəth edir, müxtəlif beynəlxalq festival
və forumların əsl sənət sensasiyasına
çevrilir.
Bir çox nüfuzlu musiqiçilərin fikrincə,
R.Quliyevin novatorluğu ondan ibarətdir ki, o, tar alətini
qədim muğamları və ən son, avanqard
əsərləri ifa etmək qabiliyyətinə malik olan
universal bir alətə çevirib. Yeri gəlmişkən,
məhz musiqiçinin istedadının bu cür
universallığı, tarzənin iki müxtəlif
istiqamətdə - həm muğam, həm də bəstəkar
əsərlərinin ifaçısı kimi özünü
ifadə etmək qabiliyyətinə malik olması əksər
hallarda beynəlxalq simpoziumlarda və konfranslarda
müzakirə obyektinə çevrilir. Azərbaycan
musiqiçisinin müxtəlif ölkələrdə
çoxsaylı çıxışlarını
müşayiət edən xarici mətbuatın icmalı
aşağıdakı fikri tam yəqinliklə
söyləməyə imkan verir: muğamın emosional
təsirinin radiusu faktik olaraq hədsizdir. Bundan savayı,
aydın olur ki, muğam düşüncəsinə
görə ən çətin olan bəstəkar musiqisini
zənginləşdirə bilir. Və burada Ramiz Quliyev kimi
qeyri-adi tərzdə düşünən, muğam
sənətinin poetikasını yaradan musiqiçilərin
çox böyük xidməti var.
Düşünürük ki, məhz R.Quliyev kimi
musiqiçilərin yaradıcılığı
çoxlarını maraqlandıran suala müsbət cavab
vermək imkanını yaradır: indiyədək analoqu
olmayan məlumat zənginliyi dövründə bizim
əcdadlarımızın yığdığı
mədəni təcrübə maraq doğuracaqmı?
Ramiz Quliyevin ifasında səslənən muğamlar, hər
şeydən öncə, müasir həyatın ritminə
həmahəng olan dinamikası ilə heyran edir. Fikrimizcə,
ifaçının əsas vəzifəsi ondan ibarətdir ki,
o başqa bir zamanla həmahəng olan musiqi
ölçülərinə çıxış yaradıb.
R.Quliyevin yaradıcılığı Azərbaycan
bəstəkarlarını geniş fəaliyyət
imkanları ilə təmin etmişdir. Bunu söyləmək
kifayətdir ki, Azərbaycan bəstəkarları
tərəfindən yazılmış tar ilə orkestr
üçün 15 konsert R.Quliyevin özünəməxsus
ifaçılıq tərzinə uyğun olaraq yaradılmış
və məhz ona həsr olunmuşdur. Xalq artisti, professor Arif
Məlikovun obrazlı ifadəsinə görə, R.Quliyev
əsrin musiqi sənəti toxumasına tamamilə təzə
ifaçılıq cizgilərini bacarıqla daxil
edərək, "bəstəkarla bəstəkar kimi
əməkdaşlıq edir".
Bir sözlə, R.Quliyevin ifaçılıq sənəti
mahiyyətinə görə, yaradıcıdır və
bizə elə gəlir ki, onun bu sənəti
gələcəkdə də çoxsaylı orijinal bəstəkar
əsərlərinin yaranmasına stimul ola bilər.
Repertuarına Azərbaycan bəstəkarlarının
əsərlərindən başqa Mosartın, Rossininin, Dvorjakın
və başqa xarici bəstəkarların əsərləri
də daxil olan tarzənin ifaçılıq tərzinə
virtuozluq, ifadəlilik və bədii təsirin xüsusi
gücü xasdır. Bu mənada İ.Zemtsovskinin
sözləri yerinə düşür: "Ramiz Quliyevin
ifasında olan muğamın təsiri altında mən
keçmiş həyatımda azərbaycanlı olduğumu
düşünürəm".
60-illik yubiley... Bir çox incəsənət xadimləri
üçün bu müəyyən nəticələrə
gəlməyin vaxtıdır. Amma Ramiz Quliyev kimi musiqiçi
üçün bu, mənəvi-peşəkar
yüksəlmə istiqamətində müəyyən bir
məqamdır (sufi anlayışında).
Təkcə son illər ərzində musiqiçimiz
tərəfindən bəstəkarlarımızın
neçə-neçə yeni əsərləri
səsləndirilib, solo konsertlər verilib, xaricə qastrol
səfərlər edilib, tar üçün təzə
əsərlər köçürülüb və çap
edilib, elmi və metodik vəsaitlər nəşr olunub.
Özünün gələcək planlarına toxunan R.Quliyev,
hər şeydən öncə Polşada keçirilən
V.Lyutoslavski adına IV Beynəlxalq müsabiqənin qalibi olan
oğlu, dirijor Əyyub Quliyevlə birgə
çıxışının əhəmiyyətini
vurğuladı. Polşanın müxtəlif
şəhərlərində keçirilən konsertlərin
proqramlarına Azərbaycan bəstəkarlarının da
əsərləri daxil ediləcək.
Beləcə, XXI əsrdə Azərbaycan tarının
salnaməsində təzə səhifələr
yazılır. Mədəniyyətlərin kəsişməsi
tendensiyalarının güclənməsi ilə
əlamətdar olan bu yüzillikdə məhz Ramiz Quliyev kimi
musiqiçilərin səyləri nəticəsində
Azərbaycan tarının səslənməsi ümumdünya
musiqi məkanının çoxsəsli xoruna ahəngdar daxil
olur
Ayna.-2007.-21 aprel.-S.20.