Məmmədəliyev V.

 

Çağdaş Azərbaycan tar ifaçılığının zirvəsi

 

Tar Azərbaycan musiqi alətlərinin şahıdır. Azərbaycan muğamını tarsız, tarı muğamsız təsəvvür etmək qeyri-mümkündür. Dünya musiqisinin fenomen hadisələrindən biri olan Azərbaycan muğamının ən böyük, layiqli ən gözəl instrumental interpretatoru məhz tardır. Azərbaycan musiqi sənəti tarixində tarın Sadıqcan, Fərəc Rzayev, Şirin Axundov, Mirzə Mənsur, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov kimi görkəmli ifaçıları olub. Cəsarətlə demək olar ki, bu gün Azərbaycan tarının ən məşhur ifaçısı respublikanın xalq artisti, professor Ramiz Quliyevdir. Ramiz Quliyevin özü, sənəti Azərbaycan tar ifaçılığı tarixində bir fenomendir. Ramiz Quliyev həm muğamlarımızı, həm Azərbaycan Avropa bəstəkarlarının əsərlərini eyni dərəcədə məharətlə ifa edən böyük sənətkardır. Azərbaycan muğamları Ramiz Quliyevin ifasında əzəmətli bir musiqi əsəri, əsrarəngiz səs dünyası, bitkin bir simfoniya təsiri bağışlayır. Səid Rüstəmovun, Hacı Xanməmmədovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Nəriman Məmmədovun, Tofiq Bakıxanovun, Ramiz Mirişlinin digər bəstəkarların tar ilə orkestr üçün yazdıqları bütün konsertləri böyük bir ustalıqla çalan Ramiz Quliyev bu mürəkkəb musiqi əsərlərini öz interpretasiyasında dinləyiciyə o qədər dolğun, o qədər dəqiq çatdırır ki, insan onları dinləyərkən heyranlığını gizlədə bilmir. Ramiz Quliyevin ürəyi, musiqi duyumu ilə ifaçılıq texnikası bir-birini üzvi surətdə tamamlayır. İfaçı var ki, onun musiqi duyumu güclü, texnikası zəif, yaxud əksinə, texnikası güclü, musiqi duyumu zəifdir. İfaçı üçün zəruri olan bu iki müqəddəm şərt, iki ümdə keyfiyyət bir sənətkar kimi Ramiz Quliyevin ən səciyyəvi cəhətidir desəm, yəqin ki, səhv etmərəm. Məhz elə buna görədir ki, Ramiz Quliyev ifa etdiyi hər hansı bir musiqi əsərini dinləyiciyə bütün çalarları, bütün nüansları ilə çatdıra bilir. Ramiz Quliyevin çalğısında tara qulaq asan səriştəli dinləyici dərhal hiss edir ki, mahir ifaçının əlində tar üçün heç bir texniki çətinlik yoxdur. Bir alt-üst mizrabla tremo vurmağı bacaran professor Ramiz Quliyev tar ifaçılığına bir çox yeniliklər gətirib. Profesor Ramiz Quliyev bu gün Azərbaycanda tarın qoruyucusu, keşiyində duran əsgəridir. Məhz onun ciddi cəhdi nəticəsində indi tar orta ali musiqi məktəblərimizdə öz layiqli yerini tuta bilib. Bu gün Azərbaycan tarını xarici ölkələrdə ən ləyaqətlə təmsil edən sənətkarımız Ramiz Quliyevdir. Xarici dinləyicilər tarın təkrarolunmaz səsini, tembr gözəlliyini, məhz bu görkəmli musiqiçimizin ifasında eşidir, tarın zəngin texniki imkanlarını məhz onun çalğısında görür, müşahidə edirlər. Ramiz Quliyev çağdaş Azərbaycan tar ifaçılığının zirvəsidir. Şəxsən mən Ramiz Quliyevin ifasında tarı dinləməkdən doymur, onun çalğısında həmişə nəsə yeni bir cəhət tapıram. Ramizin güclü biləyi, iti barmaqları, ürəkdən gələn çalğısı məni daim məftun edir. Sevinirəm ki, Ramiz Quliyevin ailəsində onun yolunu ləyaqətlə davam etdirən Əyyub kimi istedadlı bir oğul var. Ramiz Quliyevlə Əyyub Quliyevin qoşa tarı əzəmətli bir orkestri xatırladır. Əyyub tar ifaçılığının incəliklərini, sirlərini atasından layiqincə əxz edib etməkdədir. Eyni zamanda, bu yaxınlarda Əyyub Quliyevin Polşada dirijorlar arasında keçirilən Beynəlxalq Müsabiqədə qalib gələrək, laureat olması bizi hədsiz dərəcədə sevindirdi. Mən sənətinə şəxsiyyətinə böyük hörmət bəslədiyim, əziz dostum, Xalq Artisti, professor Ramiz Quliyevi anadan olmasının 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, ailə səadəti yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

525-ci qəzet.-2007.-22 aprel.-S.21.