Bizdə biznes var, şou yoxdur
Moskvada
keçirilən Azərbaycanın mədəniyyət
günlərinə həsr olunmuş qala konsertə
başı qarışan Sevda Ələkbərzadə orada
keçirilən Caz musiqi proqramında iştirak
edəcək
- İlk addımlarından populyarlıq
qazanan Sevda Ələkbərzadə sənət yoluna necə
başlayıb?
-14
yaşından səhnədəyəm. Vaqif Gərayzadənin
“Aypara” qrupunda oxudum. İki il tək çalışdım.
Sonra fəaliyyətimi “Rast” qrupunda davam etdirdim. Populyar olanda 19
yaşım var idi. O vaxt bütün respublika “Rast” qrupu
haqqında danışırdı. Artıq qrupun öz
tamaşaçı kütləsi, sevənləri var idi.
Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsertim
olanda 20-21 yaşım var idi. Uşaqlıqdan kamera
qarşısında olmağım məni səhnəyə
alışdırmışdı. Belə şeylərə
normal, adi hal kimi baxırdım. Çünki atam
televiziya işçisi idi. Və həmişə evimizdə
kamera, çəkiliş olub. Sponsor məsələsinə
gəlincə isə, istər xaricdə, istərsə də
Azərbaycanda sənətçiyə dəstək
lazımdır. Maykl Cekson özü-özünə sponsorluq
etmir ki. Müəyyən şirkətlər, prodüsser
mərkəzləri var ki, sənətçilər ilə
müqavilə imzalayıb çalışır, onların
yaradıcılığında nə isə yeni bir iş,
layihə yaratmaq məqsədilə iş birliyində olurlar.
Hələ ki, Azərbaycanda prodüsserlik işləri
dünya standartlarına uyğun səviyyəyə
çatmayıb. Bu səbəbdən də
müğənnilər fərdi şəkildə sponsorlarla
çalışmaq məcburiyyətindədirlər. Və
yaxud imkanlı valideyinlərin, yaxınların
olmalıdır ki, işində müəyyən uğurlar
əldə edə biləsən. Buna heç də pis
yanaşmamalı, əksinə, normal baxmaq lazımdır.
- Nə üçün
şou-biznesə qarışmırsınız?
-
Çünki bizdə şou-biznes yoxdur. Olsaydı yəqin
ki, mən də o aləmdə olardım, uzaq
düşməzdim. Bizim şou-biznes hələ olması
gərəkən səviyyəyə çatmayıb. Bir
də ki, bizdə biznes var, amma şou yoxdur. Bizdə
“şou”ya çox adi yanaşırlar. Əslində şou
göstərmək çox çətin bir
məsələdir. Tamaşaçıda heyrət, maraq,
təəccüb yaratmaq, yüksək səviyyədə,
sözün əsl mənasında “şou”
göstərmək lazımdır. Bu da ki, çox
böyük zəhmət tələb edir. Bizdə
şou-biznesi başqa cür yönəldirlər.
Əslində isə hər oyunu şou adlandırmaq düzgün
deyil.
- Sevda Ələkbərzadəni
mətbəxdə təsəvvür etmək bir qədər
çətindir.
- Deyirlər
əlində xalı olanların yeməkləri dadlı
alınır. Mənim də əlimdə xal var.
Mətbəxdə tez-tez olmasam da, çox nadir hallarda
nəsə bişirsəm də çox dadlı
alınır. Mətbəxə girdinsə, ləziz bir şey
hazırlamaq istəyirsənsə gərək vaxtının
çox hissəsini orada keçirəsən. Tezbazar nə
isə bişirəndə o yeməyi sevgi ilə hazırlamaq
olmur. Mətbəxdə çox olmağa sadəcə vaxt
tapa bilmirəm.
- Heyvanlara və uşaqlara
münasibətiniz?
- Fərq
etməz, heyvanların hamısından qorxuram. Yanımda
olsalar məndə təlaş yaradarlar. Pişikləri
isə heç sevmirəm, həm də qorxu var. Yox, bu
hansısa bir hadisə ilə bağlı deyil, sadəcə,
allergiyam var. Hətta balaca quşlardan da qorxuram. Televiziyada baxanda çox gözəl
görünür, bəyənirəm də. Həyatda isə qəti mənə yaxın dura
bilməz. Bəlkə də ürəyim
partlayar. Uşaqlara gəlincə isə,
onları çox sevirəm. Hər bir
uşaq gözəl və şirindir.
- Sevanın hobbisi nədir?
- Qəşəng
corabları xoşlayıram. Çox sevirəm
ki, rəngarəng, maraqlı rəsmlərlə, heç
kimdə olmayan corablarım olsun. Tanışlarımdan kim də hara gedir bu hobbimi bilib mənə
mütləq corab gətirir.
- Qadın gözəlliyi - korreksiya, yoxsa
təbiilik?
- 40 yaşından sonra
korreksiyaya normal baxıram. Yox əgər
qadın cavandırsa və çox pis görünüşü
varsa, gözəl görünmək, bu qüsuru aradan
qaldırmaq istəyirsə korreksiyaya normal baxıram. Burada heç pis iş də yoxdur. Sevindirici haldır, xanımlar pis yönlərini,
qüsurlu görünüşləri ört-basdır edə
bilirlər. Hər bir şeyin vaxtı var.
Kosmetikanın da. Cavan yaşında
üz-gözünü pis hala salan gör qocalanda nə
gündə olar? Bununla belə daha
çox təbiiliyə üstünlük verirəm. Təbii görünüş xanıma daha
yaraşıq verir.
- Ekrandan çox səmimi
görünürsünüz.
- Çox, deyərdim
həddindən artıq. Baxmayaraq ki, insanın səmimiliyindən
çox vaxt istifadə etməyə
çalışırlar, amma mən qeyri-səmimi ola bilmirəm, yalançı
görünüş yaradıb özümə əziyyət
edə bilmirəm. Əgər özümü
yalandan səmimiyəm kimi aparsam, o zaman özümü
incitmiş oluram. Gərək süni olum,
rol oynayım, bu da mənlik deyil. Məndə
narahatlıq yaradır. Səmimi olmaq
mənə rahatlıq gətirir.
- Yeri gəlmişkən,
rahatlığınızı nə poza bilər?
- Hər şey. Adi bir
iş də məni narahat edə bilər. Gündəlik
həyatımızda baş verə biləcək hər
şeyə narahat ola bilərəm. Yol getdiyim yerdə belə üzləşdiyim
kiçik bir problem məndə stres yarada bilər. Yəqin ki, insan daha çox səhhətində
problem olan zaman narahat olur. Mən
xəstə olanda rahatsız oluram. Çünki
hər şeydən əvvəl insanın
sağlığıdır. Evdə biri
xəstələnsə istər-istəməz
rahatsızlıq keçirirsən. Onun
səhhətini düşünürsən.
- Ailənizdən danışın.
- Ailəmizdə
bir-birimizə qarşı sevgi hədsizdir. Heç başqa
cür ola da bilməz. Babam
Əbülhəsən və atam yazıçı olub.
Sənətə bağlılıq bizdə gen ilə, qan
ilə bağlıdır. Onlar da
incəsənət adamları olub. Biz
isə Ema ilə müğənniyik. Bir
sahənin müxtəlif qolları ilə məşğuluq.
Belə baxanda hesab edirəm ki, elə
sənətimizlə onların yolunun
davamçılarıyıq. Babam
Azərbaycan ədəbiyyatında yeni janr
yaradıcılarından olub. Atam məhbusluq
həyatı ilə bağlı elə bir roman yazdı ki, o
da ədəbiyyatımızda ilk janrlardan biri idi. Mən də çalışıram elə
addımlar atım ki, ilk olması ilə yanaşı
təkrarsız olsun.
- Ailə qurmaq necə, istəmirsiniz?
- Hələ uşaq olanda
deyirdim ki, heç vaxt ailə qurmayacam. Heç
vaxt da istəməmişəm. Bunu
bütün yaxınlarım bildiyindən evdə də bu
barədə danışmırdılar. Bəlkə
30 yaşından sonra ailə qurdum. Amma o
vaxtdan tez ailə qursam mütləq o ailədən
çıxıb gedəcəm. Evlilik
elə bir şeydir ki, ailə quran şəxs ona hazır olmalıdır.
Mən isə hələ buna hazır
deyiləm. Nə vaxt ürəyim
sevsə, hiss etsəm ki, artıq hazıram, o zaman hə.
Bir şey də var ki, sənət adamı
üçün ailə çətindir. Sənət
ilə ailəni bir arada yürütmək müşkül
məsələdir. Sənət adamlarının
çoxu gec ailə qurur, çoxu ailə
ilə işi arasında seçim qarşısında
qalır. Bunun baş verməməsi
üçün isə vaxtında
düşünüb-daşınıb doğru qərar
vermək lazımdır. Məni sevən
və yaxud seçdiyim birisi məni belə seçim
qarşısında qoysa təbii olaraq yanımda olmayacaq.
Belə addım atan insanın demək heç
intellektual səviyyəsi yox imiş.
- Müqayisə etməyə
çətinlik çəksək də deməliyik ki,
muğama sintezi ilk olaraq Alim Qasımov gətirdi. Belə bir
addım atan ikinci adam isə siz oldunuz. Ümumiyyətlə muğama münasibətiniz?
- Uşaqlıqdan muğama
maraq göstərirəm. Alim müəllimin
dərslərinə də getmişəm. Hazırda
isə Milli Konservatoriyada Ağaxan müəllimin
tələbəsiyəm. Məndə bu
janra xüsusi maraq var. Sənətçilərimiz pop, caz
musiqisi ilə yanaşı xalq musiqisini, muğamı da
bilsə pis olmaz. Yaradıcılığımda
muğamın öz yeri var. Hələ xanəndələr
tərəfindən muğamı oxuma sözünü
eşitməmişəm. Dediklərinə
görə pis alınmır.
Sintez olunan
musiqiləri daha çox sevirəm. Bu o demək
deyil ki, muğam sırf caz musiqisi ilə sintez oluna bilər.
Xalq mahnısı oxuyanda da onun akademik
şəkildə ifa tərzini öyrənməyə
çalışıram. İfaçı
artıq oxuduğu janrda bişdikdən sonra həmin
mahnını özününküləşdirib oxuyur.
Zaman keçdikcə ifa tərzi dəyişir,
peşəkarlaşır. Əgər on il
bundan öncə oxuduğum mahnılara nəzər salsaq
böyük bir fərq hiss olunar. Mahnını
yaşayıb ifa edirsənsə
hərəkətlərinə, jestlərinə elə də
çox fikir vermirsən. Vaxt var idi Alim
müəllimin muğama gətirdiyi improvizəni,
dəyişikliyi qəbul etmirdilər.
Həm insanın
özü böyüyür, həm də
dünyagörüşü, yanaşmalar dəyişir. Bu da
o deməkdir ki, Sevda öz üzərində
çalışır.
- Sevdanın
yaradıcılığında nə kimi yeniliklər var?
- Həmişə söyləyirdim ki,
hələ “Şəbi-Hicran” layihəsinin
neçə-neçə sorağı gələcək. Bu
disk üzərində o qədər əziyyət çəkmişəm
ki, nə qədər pullar sərf olunub. Layihənin
sorağı deyəndə böyük bir şirkət
tərəfindən iş birliyinə dəvət
alacağım ağlıma gəlməzdi. Mənim
üçün gözlənilməz oldu. Demək olar ki,
əziyyətimin bəhrəsini gördüm. Almaniyanın
Frankfurt şəhərindən “Network” şirkətinin
prezidenti mənimlə çalışmaq üçün
məhz özü bizə müraciət etdi. Şirkət
dünyada məşhur olan bir çox sənət adamı
ilə çalışıb. Etnik musiqi janrı ilə
məşğul olan musiqiçilər ilk olaraq məhz bu
şirkətlə çalışdıqları
üçün dünya miqyasında tanınıblar.
Bildiyiniz kimi, bu yaxınlarda da şirkətin prezidenti ilə
mənim aramda gözünüz önündə
müqavilə imzalandı. Avropada tanınmağım
üçün həmin şirkət məşğul olacaq.
Disklərimin, albomlarımın işıq üzü
görməsi, kliplərimin çəkilməsi onların
öhdəsinə düşür.
-
Xeyriyyə aksiyalarına necə,
qatılırsınızmı?
- Bu yaxınlarda Aypara cəmiyyəti ilə
qadın cəzaçəkmə müəssisəsində
konsert proqramı ilə çıxış etdik.
Dəfələrlə valideyin himayəsindən məhrum olan
uşaqların qarşısında
çıxışlarımız olub. Sağ əlin verdiyini
sol əl bilməməlidir. Sadəcə olaraq bunların
işıqlandırılmasını heç vaxt istəməmişəm.
Yazmalı, çəkməli problemlər çoxdur.
- Qalmaqaldan
uzaqsınız?
- Bunu heç sevmirəm. Ona görə də
uzaq olmağa çalışıram. Qalmaqal yaratmaq,
söz-söhbət çıxarmaq hamısı reklam
naminədir. Mənim isə reklama ehtiyacım yoxdur. Reklam
naminə, sadəcə tanınmaq, populyar olmaq
üçün gələn insan çətin ki,
sənət ilə məşğul olsun. Sənəti
üçün çalışan müğənni isə
reklam haqqında belə düşünmür. Əsl
sənət adamı başa düşür ki, bu iş onsuz
da istədin-istəmədin səni tanıdacaq,
reklamını da özü zaman keçdikçə
peşəkarcasına edəcək. Səhnəyə
ilk addımını belə atan adamın diski, albomları,
klipləri işıq üzü görür və
tamaşaçı onu qəbul etdikdə həmin şəxs
üzdə olan sənətçilərdən birinə
çevrilir. Teleməkan, radio vasitəsilə isə
müxtəlif proqramlarda iştirak etməklə
məşhurlaşır. Populyar olmaq üçün
lazımsız, əlavə xərclərə ehtiyac yoxdur.
Yalnız populyar olmağı, sevilməyi qarşısına
məqsəd qoyanların heç sənətlə
məşğul olmağa vaxtı da olmaz.
Yeni
Azərbaycan.-2007.-17 aprel.-S.8.