Özümdə bir az güc tapmalıyam

 

Nazirliyin konsert təklifi Flora Kərimovanı ruhlandırıb

 

"Ötən ilin son aylarına nəzərdə tutulmuş klip çəkilişləri sifətimdə aparılan plastik əməliyyat üzündən təxirə düşdü. Daha sonra tələsgənlik edib, həkimin məsləhətlərini qulaqardına vurdum, bu da bəzi xoşagəlməz problemlər yaratdı. Buna görə də kamera qarşısına keçib, klip çəkilişlərinə başlaya bilmədim. Şükür Allaha, indi yaxşıyam, yaradıcılıq planları öz axarı ilə gedir, yaxın günlərdə isə klip çəkiləcək" - deyən, Xalq artisti Flora Kərimova hazırda klipin geyimlərini hazırlayır. Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan "Sənə güvəndiyim dağlar" adlanan mahnının efir versiyasını Ülviyyə Könül ərsəyə gətirəcək.

Flora xanım yaradıcılıq səfərlərinin gözlənildiyini söylədi. Müğənnidən eşitdiyimiz maraqlı xəbərlərdən biri isə ona ünvanlanan Dövlət Simfonik Orkestri ilə birlikdə konsert təklifi oldu. Xalq artistinin məlumatına görə, bu təklif ona Mədəniyyət Turizm Nazirliyindən gəlib. Müğənniyə böyük konsert salonlarının birində Simfonik Orkestrlə çıxış etmək

təklif edilib: "Bunu mənə nazirliyin incəsənət şöbəsinin müdiri Əliqismət Lalayev dedi. Əslində, xəbər məni həm kövrəltdi, həm sevindirdi. Səbəbləri hamıya bəllidir. Əliqismət Lalayevin təklifi sponsorun konsertimi maliyyələşdirməkdən imtina etdiyi vaxta təsadüf etdi. Ötən ildən arzusunda olduğum həmin konsertim bir bank tərəfindən həyata keçirilməli idi. Amma vədlər sonra başqa istiqamətə doğru dəyişdi. Əslində, belə vədlərin arxasınca getsəydim, bir çox konsert verərdim. Amma minnətçinin çörəyini yemək istəmirəm. Nazirlikdən aldığım dəstək məni səhnəyə bir az da ruhlandırıb. Amma canımda illərlə yığılıb qalan tənbəlliyi çox çətin çıxarıram. Bunu reallaşdırmaq üçün özümdə bir az güc tapmalıyam".

Son illər sənət adamları ətrafındakı şəxslərin ona qarşı isti münasibətini hiss edən sənətkar xanım düşünür ki, artıq bəzi telekanallarda da ona qoyulmuş qadağalar götürüləcək: "İctimai Televiziya ilə ANS-in daim diqqətindəyəm. Verilişlərinə dəvət alıram, son mahnılarımı ilk dəfə həmin kanallarda səsləndirmişəm, klipim təqdim edildi".

Vokal dərslərini davam etdirdiyini deyən F.Kərimova səsinin formada qalması üçün həftənin bir neçə gününü məşqlərə ayırdığını bildirdi. Qarşıdakı aylarda isə sənətkarın yeni mahnılardan ibarət albomu hazırlanacaq. Yaradıcı şəxslərdən yeni bəstələr alan müğənni tezliklə onları lentə köçürəcək.

 

Kaspi.-2007.-7-9 aprel.-S.20.