Xəbər
verdiyimiz kimi, aprelin 3-də, Parisdə YUNESKO-nun
xoşməramlı səfirlərinin ənənəvi illik
yığıncağı keçirilmişdir. Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda iştirak
etmişdir.
Yığıncağı YUNESKO-nun baş direktoru Koişiro Matsuura açmışdır.
Sonra sədrlik edən İordaniya şahzadəsi xanım
FİRYAL Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı iştirakçılara təqdim
edərək dedi:
- Mən olduqca fəal xoşməramlı
səfir və çox hörmətli birinci xanımı təqdim etməkdən böyük məmnunluq duyuram. O, öz ölkəsində və bütün dünyada bir çox xeyriyyə işlərinin
həyata keçirilməsi
məqsədilə yorulmaz
fəaliyyət göstərir.
Birinci xanım olduqca qısa müddət ərzində
böyük nailiyyətlər
əldə etmişdir.
İndi isə mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı şərəf hissi ilə təqdim edirəm.
Azərbaycanın birinci xanımı,
YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın çıxışı
- Hörmətli cənab baş direktor!
Hörmətli xoşməramlı
səfirlər!
Xanımlar və cənablar!
İlk növbədə,
mən YUNESKO-nun iqamətgahında illik ənənəvi yığıncaqda
bütün həmkarları
salamlamaq, bu tədbiri təşkil etdiyinə görə baş direktor cənab Koişiro Matsuuraya minnətdarlığımı
bildirmək istəyirəm.
Eyni zamanda, Qətərdə keçirilmiş
"Tərəfdaşlığın qurulması və yeni yanaşmaların tətbiqi" mövzusunda
uğurlu regional konfrans münasibətilə
cənab Koişiro Matsuuranı təbrik edirəm. "Hamı üçün təhsil"
proqramı çərçivəsində
yekun regional konfrans 2008-ci ildə Azərbaycanda keçiriləcəkdir.
Bu fürsətdən istifadə
edərək mən sizi həmin konfransda iştirak etməyə dəvət edirəm. Əminəm ki, Bakı konfransı
"Hamı üçün
təhsil" proqramının
həyata keçirilməsinə
doğru atılmış
əlavə uğurlu
addım olacaqdır.
Ötən ilin yaddaqalan tədbirlərindən
biri "Qeyri-maddi mədəni irsin qorunması haqqında"
Konvensiyanı ratifikasiya
etmiş ölkələrin
Baş Assambleyasının
birinci iclası oldu. Məmnunluqla sizə məlumat vermək istəyirəm ki, Azərbaycan həmin Konvensiyanı bu ilin martında
ratifikasiya etmişdir.
Qeyri-maddi mədəni
irs mədəniyyətin
ifadə olunmasının
ən qədim formalarından biridir. Təbii ki, qeyri-maddi mədəni irsin saxlanılması və qorunması qarşımızda duran əsas məsələlərdəndir.
Ötən il Heydər Əliyev Fondunun fəaliyyətində
çox məhsuldar il olmuşdur. Bu günə qədər bir sıra layihələr artıq başa çatdırılmışdır. Onlardan biri, məsələn, "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi
uğurla həyata keçirilir. Heydər Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə
və ətraf mühitin qorunması sahələrində öz
işini davam etdirmişdir.
Mən bir neçə layihə haqqında əlavə məlumat vermək istəyirəm.
Heydər Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası və YUNESKO "Orta əsrlər əlyazmalarında
tibb və əczaçılıq" adlı
ilk beynəlxalq konfrans təşkil etmişdir. Tibb elminə aid Azərbaycanda saxlanılan
üç nadir əlyazma Ümumdünya Yaddaş Qeydiyyatına salınmışdır. Həmin
Qeydiyyatda ümumən
120 əlyazma öz əksini tapmışdır.
Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər,
o cümlədən bütün bəşəriyyət
üçün çox
əhəmiyyətlidir. Konfransın
işində bir çox ölkələrin
tanınmış alimləri
iştirak etmişdir və Fondumuz həmin mühüm proqrama dəstəyini davam etdirəcəkdir.
Heydər Əliyev Fondu
memarlıq abidələrinin
bərpasında fəal
surətdə iştirak
edir. Ötən il ərzində biz Cavad xanın
türbəsi, Pir Həsən, Mövsüm
Səlim və Həzrəti Zeynəb məscidləri kimi bir sıra tarixi
və dini abidələri bərpa
etmişik.
Biz həmçinin ölkəmizin hüdudlarından
kənarda yerləşən
ümumbəşəri mədəni
abidələrin bərpasında
iştirak edirik.
Bildiyiniz kimi, Versal sarayı 1979-cu ildən etibarən Dünya İrsi siyahısına salınmışdır.
Sarayın parkında yerləşən bir neçə qədim abidə zamanın və iqlim şəraitinin
təsiri nəticəsində
zədələnmişdir. Təqribən 15 abidə təcili surətdə bərpa olunmalıdır.
Fondumuz parkda iki abidənin bərpası məqsədi
ilə 2006-cı il avqustun 10-da müqavilə imzalamışdır.
Bərpa işləri
2007-ci il iyulun 15-də başa çatdırılacaqdır.
Ötən il ərzində Heydər Əliyev Fondu Azərbaycan muğamı kimi təkrarolunmaz fenomenə böyük dəstək vermişdir. Bu fürsətdən istifadə edərək mən bir sıra
muğam layihələrini
dəstəklədiyinə görə YUNESKO-ya öz minnətdarlığımı
bildirir, onların uğurla həyata keçirilməsi haqqında
məlumat vermək istəyirəm.
Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Baş
direktor cənab Koişiro Matsuura həmin Mərkəzin təməlinin qoyulması
mərasimində iştirak
etmişdir. Ümidvaram
ki, o, 2008-ci ilin yayında Muğam Mərkəzinin açılış mərasimində
də iştirak edəcəkdir.
Hazırda, Siz slaydda Mərkəzin çox müasir memarlıq üslubunda işlənilmiş layihəsini
görürsünüz, lakin
eyni zamanda, binanın özü bizim milli musiqi
alətlərinə bənzəyir.
Biz muğam gecələrini keçirməkdə
davam edirik. İndi isə, siz həmin konsertlərdən şəkilləri
seyr edirsiniz. Biz eyni zamanda,
muğam haqqında orta əsrlər traktatlarını çap
etmişik. Bu gün, biz sizə
muğama həsr olunmuş jurnalı nümayiş etdiririk. Həmin jurnal bu istiqamətdə YUNESKO-nun dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən görülmüş
işlərdən bəhs
edir.
Yekunda mən Pakistanda qızlar məktəbinin tikintisi layihəsi haqqında bir neçə söz demək istəyirəm. Bu şəkillərdə siz
dəhşətli zəlzələnin
nəticələrini və
ölən, yaralanan insanlar barədə məlumatı görürsünüz.
Təkcə zədələnmiş
məktəblərin sayı
minlərlədir. Dağıntılar
nəticəsində uşaqlar
ya çöldə, yaxud da çadırlarda
dərs keçməyə
məcburdurlar. Lakin bu ağır şəraitə baxmayaraq,
onlar təhsil almağı çox istəyirlər.
Məhz bu səbəbdən, Heydər
Əliyev Fondu Pakistanda yeni məktəbin tikintisi layihəsinə başlamışdır.
Siz burada yenə də viran qalmış məktəbin fotolarını
seyr edirsiniz. Bir sözlə, yeni məktəb yüksək standartlara cavab verəcək və bütün lazımi avadanlıqla təchiz olunacaqdır. Məktəbin ümumi sahəsi 2000 kvadratmetr olacaqdır. 500-dən çox şagird müasir sinif otaqlarından, iki laboratoriyadan, kitabxana, salon və idman
meydançasından istifadə
edəcəkdir. Bu şəkillərdə biz
həmin məktəbin
gələcək görünüşünü
görürük. Tikintinin müddəti
12 ay olacaq, 2008-ci ilin mart ayında
məktəbi açmağı
planlaşdırırıq.
Ümid edirəm ki, həmin layihə uşaqlara lazımi təhsil almaq imkanını yaradacaq və "Hamı üçün təhsil" proqramının
həyata keçirilməsində
növbəti uğurlu
addım olacaqdır.
Yekun olaraq, mən məşhur musiqiçi, həmkarımız
Mstislav Rostropoviçi
80 illiyi münasibətilə
bütün xoşməramlı
səfirlər adından
təbrik etmək istəyirəm. Mstislav Rostropoviç Azərbaycanın
ən yüksək mükafatı - "Heydər
Əliyev" ordeni ilə təltif olunmuşdur.
Əfsuslar ki, o, bugünkü görüşdə iştirak
edə bilmir. Mən ona möhkəm
cansağlığı və
uzun ömür arzulayıram.
Diqqətinizə görə
minnətdaram.
Mən Sizin hamınıza uğurlu və məhsuldar il arzulayıram.
Azərbaycan.-2007.-7 aprel.-S.2.