Əzizqızı M.

 

Aşıq Əhliman Rəhimov

 

Aşıq Əhliman Rəhimov yaxşı oxumağı, sazda özünü müşayiət etməyi, şeir və mahnı qoşmağı, nağıllardan, dastanlardan ətraflı söz açmağı, yeri gələndə rəqs etməyi də bacaran el sənətkarıdır. Çağdaş dövrümüzün Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Əhliman bu sənətin mayasını Aşıq Şakirdən, Aşıq Əhməddən alsa da, onun ifasının şirinliyi istedaddan, zəhmətdən yoğrulub.

Aşıq Əhliman Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər... hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.

Ana təbiətin gözəlliklərini, doğma yurdunun füsunkar mənzərələrini, yüksək insani keyfiyyətləri, humanist ideyaları tərənnüm edən Aşıq Əhliman qara niyyətli, xəbis, riyakar adamlara ürək sözünü belə çatdırır:

Adam var - sözündən şəkər süzülür,

Adam var - danışsa, ətin tökülür,

Adam var - arından danışa bilmir.

Aşıq Əhlimanı bu günün ictimai-siyasi hadisələri də çox qayğılandırır. Ana yurdumuzun sinəsinə çəkilən Qarabağ dərdi aşığı çox narahat edir. Ustad bu qəbildən olan şeirlərində gənclərimizi musiqi - sənət beşiyi olan Qarabağ torpağını düşmən əsarətindən xilas etməyə çağırır.

Mədəniyyət və İncəsənət Universitetində Şirvan aşıq sənətini tədris edən Əhliman müəllim bəzi gənclərin elmə və sənətə olan biganə münasibətindən də narahatdır. Yaxşı sənətçi olmaq üçün təkcə çalıb-oxumaq azdır, "gərək Vətənin və millətin haqqında, dünyanın gərdişi barədə hərtərəfli elmli, məlumatlı olasan", - deyir.

 

Azərbaycan.- 2007.- 5 aprel.- S. 7.