Humay

 

Vətəndən sürgün edilmiş aşıq

 

Ağacan Cabbarovun qəribə taleyi olub...

 

Ustad aşıqlarla yanaşı öz dövrünün aşıq-şairləri milli şüurun daşıyıcısı sayılır. Şairlər öz şeirlərində xalqın düşdüyü çətinliyi, keçirdiyi hissləri sözə büküb bədiiləşdirir. Bu şeirlər bəzən aşıqların repertuarında, bəzən xalqın yaddaşında nəsildən-nəslə ötürülərək yaşayır. Belə el şairlərindən biri şair Ağacandır.

O, dərsini alıb kimnən?

Yeddi yüz yeddi minnən.

Darülfünun elminnən

Dərya, ümmandır Ağacan.

Dövrünün ən böyük söz nəhənglərindən olan Ağacanın körpəliyindən qundağına gün doğmayıb. Ömrü başdan başa faciə, əzab, ağrı işkəncə ilə keçib. Bəlkə elə bu əzablar idi şairə belə yazdıran:

Daha sənə çox ixtiyar vermərəm,

Durmursan yerində farağat, dilim.

Danışanda ziyanını çəkirəm,

Açırsan başıma əlamət, dilim.

Cabbarov Ağacan Cabbar oğlu 1886- ildə Gümrü mahalının Qarakilsə kəndində anadan olub. Bu yerlərin təbiəti çox səfalı olur. Axar-baxarlı dağ kəndində yaşayan Cabbar kişinin hərdən bir şeir yazması olub. Az-çox savadlı olan Cabbar kişi oğlu Ağacana da yazı-pozu öyrədir. Oğlunun daha dərin təhsil almasını istəyən ata onu mükəmməl savadı olan molla yanına qoyur. Ağacan burada dərin dini təhsil alır, ərəb, fars dillərini öyrənir.

Erkən yaşlarından mükəmməl şeirlər yazan Ağacanın sorağı tezliklə Türkiyədən, İrandan, Borçalıdan gəlir. Bu yerlərdə aşıqlar onun məhəbbət şeirlərini oxuyurlar. Görənlərin söylədiklərinə görə Ağacan çox kövrək hissiyyatlı adam olub. Qəlbinə toxunan, yaxşı ya pis, hər bir çox keçməmiş şeir şəklində meydana çıxarmış. Deyilənə görə, Ağacan bir qızı sevirmiş. Bir gün bulaq başında qızla rastlaşır. Su içmək istəməsə qəlbi eşq atəşinə təşnə olan oğlan qızdan su istəyir. Qız parçı doldurub ona su verir, sonra üzünü yana çevirir. Qızın üzünü yana çevirməsindən kədərlənən Ağacan elə oradaca "A ceyranım" rədifli qoşmasını söyləyir:

Mən dözmürəm, sən dözmə,

Bircə söz de, çəkim nəzmə,

İnnən belə Ağa gəzmə

Ağacanam, a Ceyranım.

Ağacan könlünün ilk ovu Gülzarla evlənə bilmir. Anasını erkən yaşlarından itirən şairə uğursuz sevgisi pis təsir edir. Görünür, belə sınaqlarla dolu tale onu daha böyük faciələrə hazırlayırmış.

Ağacan atası Cabbar kişinin xeyir-duasıyla 19 yaşında Gülxanım adlı bir qızla evlənir. Çox keçimir ki, qızı Zəhra, sonra da üç oğlu dünyaya gəlir. Amma şairin bu sevinci uzun sürmür. Bu gün kal armud kimi dünyanın boğazına keçən erməni millətçilərinin "erməni xəstəliyi" şiddətlənir. Quduz it kimi qarşısına çıxanı dalayan erməni millətçiləri türk-müsəlman qanına susayır. Xalq dədə-baba torpaqlarından didərgin düşür.

1906-cı ildə erməni vəhşiliyindən qaçan Ağacan Borçalı mahalının Quşçu kəndinə pənah gətirib. Amma ailəsindən ayrı düşüb. Uzun axtarışdan sonra ailəsinin qohumlarının bir hissəsinin Türkiyə İranda məskunlaşdığı aydınlaşıb. Faciələrin yavaş-yavaş küncə sıxdığı şair bir onu öyrənib ki, böyük oğlu Qəmbər əzab-əziyyətə dözməyərək dünyasını dəyişib. Şairin kövrək həssas ürəyinə dərd üstündən dərd çəkilir...

Şair Borçalıda, 1917-ci ildə ikinci dəfə əmisi qızı Zəhra ilə evlənir. Bu evlilikdən şairin dörd övladı dünyaya gəlir. Amma şair Quşçu kəndində olan savadsız mollaları ifşa etdiyindən onu müxtəlif bəhanələrlə bu kənddən didərgin salırlar. Ağacan bu dəfə Qaçağan kəndində məskunlaşır. Onun bundan sonrakı yaradıcılığı demək olar ki, bu kəndə bağlıdır. Ana südü kimi təmiz, dağ çeşməsi kimi saf coşğun təbi olan Ağacan aşıq şeirinin bütün janrlarında öz məharətini göstərib. Demək olar ki, çap olunmayan bu şeirlər ən çox Borçalı aşıqlarının repertuarında qorunur. Şairin "Gəlmədi" rədifli məhəbbət qoşmasında aşiqin çəkdiyi həsrət, iztirab rəngarəng boyalarla təsvir edilir:

müddətdir göz dikmişəm yollara,

Necə oldu ala gözlüm gəlmədi.

O qüdrət qaşları qələm yaxılı,

Bulud altda qəmər üzlüm gəlmədi.

Şair Qaçağanda da təqiblərdən, yersiz dedi-qodudan qoruna bilmir. Dəfələrlə qandallanıb qazamata salınsa da heç bir suçu olmadığından tez barxılıb.

1943-cü ildə həbs edirlən şair günahsız olduğunu bildiyindən həbsxanadan "Göydə Allah, yerdə Səməd Vurğun" deyə xalq şairinə şeirlə məktub yazır:

Şair dura bilmir, hazırdı, hazır,

Səməd Vurğunluya salamlar yazır.

Eşidin, dostunuz azadmı gəzir,

İndi düşüb qazamatda saxlanır.

Səməd Vurğun vaxt itirmədən Borçalıya gəlir Ağacanı azad edir. "Çiçəklənən sovetlər ölkəsində" ağzı dualı, sinəsi sazlı-sözlü ziyalının belə " günləri" çox olur.

Görünür, şairin çəkdiyi bu işgəncələr yaşının ahıl vaxtında "görəcəkli günlərinin" yanında toya getməliymiş. Saç-saqqalı ağaran vaxt qaraba-qara şairi izləyən baxtsız tale onu bir daha faciə ilə üzləşdirir. O, heç bir səbəb olmadan ailəsiylə birgə Rusiyanın Tomsk vilayətinə sürgün edilir.

Şairin ömründən ac-susuz günlər, ilik donduran soyuqlar, tufanlı-boranlı qışlar keçir. Amma şair heç vaxt gileylənmir. Eldən-elə, obada-obaya daşınanda, ağrı-acı çəkəndə həmişə etibarına, sədaqətinə, vəfasına güvəndiyi ömür-gün yoldaşından tək bircə təvəqqəsi olur: "Zəhra, Vətənə qayıdası olsanız sümüklərim çöllərdə qalmasın. Bu dünyam Vətən həsrətli keçdi, o dünyam Vətənsiz olmasın".

Bu söhbətdən az sonra, 1951-ci ilin 26 yanvarında yadlar arasında, özgə diyarda sinəsi sözlə, söhbətlə dolu bir qərib şair dünyasını dəyişdi. Özü kimi bəxti kəm bin neçə dustaq Şimalın soyuğunda buzu qazıb şairin nəşini dəfn etdilər. Bu dünyanın soyuğundan üşüyən şair bir müddət buz bağlamış torpaqda uyuyur. Bəraət aldıqdan sonra Vətənə dönməyə hazırlaşan Zəhra gecənin birində Ağacan basdırılan yeri qazır, şairin sümüklərini bir çamadana yığıb, səhəri oraları tərk edib Qaçağana qayıdır. Amma artıq insanlara inanmadığından Ağacanın sümükləri barədə heç kəsə bir söz söyləmir.

1958-ci ildə şairin böyük oğlu Ənvər dünyadan köçür. Qadınlardan kimsə süfrə üçün qənd axtaranda çarpayının altından ağacanın sümüklərini tapır sirrin üstün açılır. Beləcə, bu bəxtsiz şairin ikinci dəfni oğlu Ənvərlə bir gündə olur. Şair Ağacanın sümükləri bu gün Qaçağan qəbristanlığında vəfalı ömür-gün yoldaşıyla bir başdaşı altında uyuyur. Ruhları şad olsun.

 

Xalq qəzeti.- 2007.- 12 aprel.- S. 15.