Sabirqızı Ü.
Tədqiqatçı-alim Elxan Məmmədli aşıqlara və onların sənətinə ögey münasibətdən şikayətləndi
Müsahibimiz ömrünün çox hissəsini folklorumuzun toplanılması, tədqiqi və təbliğinə həsr edib. Seçdiyi sahəyə fədakarcasına yanaşması, illər boyu topladığı
təcrübəsi sayəsində sənətində bir çox nailiyyətlər əldə edib.
Filologiya
elmləri namizədi, tədqiqatçı-alim Elxan Məmmədli 1969-cu ildən Azərbaycan radiosunda fəaliyyət göstərən “Bulaq” verilişinin aparıcı
müəlliflərindən olub. 1992-ci ildən “Sarıtel” və “Gözəlləmə” həftəlik musiqili verilişlərinin aparıcısı kimi sazın-sözün təbliği işində əvəzsiz xidmət göstərir.1979-cu ildən öz taleyini Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsi ilə bağlayan tədqiqatçı-alim bu illər ərzində bir sıra folklor kitablarının işıq üzü görməsində əlindən gələni əsirgəməyib. Belə ki,
iki cilddən ibarət “Azərbaycan aşıqları
və el şairləri”, “Azərbaycan bayatıları”, “Cinaslar”, “Bayatı, qoşma, təcnis”
kimi kitabların tərtib və toplanması məhz Elxan Məmmədlinin yorulmaz əməyinin məhsuludur. O, 50-dən çox elmi məqalənin və bir sıra monoqrafiyanın müəllifidir.
Elxan Məmmədli bizimlə söhbətə Folklor İnstitutunda gördüyü işlərdən başladı:
«Elə
bil mən ölmüşəm, ağı de»
- Bizim institut keçmiş SSRİ məkanında yeganə folklor institutudur.1994-cü ildən Elmi Mədəni Mərkəz, 2001-ci ildən isə Folklor İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb.Hər il «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı elmi-praktik konfrans keçiririk. Beynəlxalq səviyyədə olan tədbirlərimizə təkcə Azərbaycandan
yox, Türkiyə,
İran, Orta Asiya ölkələri, Rusiyanın muxtar vilayətləri, Bolqarıstan, Monqolustandan belə qonaqlar gəliblər. Laborantlar və elmi işçilərimiz Azərbaycan folklor nümunələrini bölgələrdən toplamaqla
məşğuldurlar. Növbəti proses toplanılan nümunələri qruplaşdırıb, yenidən xalqa qaytarmaqdır. Bununla əlaqədar bölgələr üzrə regional folklor kitabları nəşr olunur.
- Hazırda hansı bölgənin folklorunu
tədqiq edirsiniz?
- Borçalı folkloru üzərində işləyirəm. Bilirsiz ki, Borçalı böyük bir bölgədir, oranı əhatə etmək də
çətindir. Bizim işimiz ayrı-ayrı
bölgələrin folklorunu araşdırıb, toplayıb,
kitab şəklində nəşr etməkdir. Gördüyümüz işlər təxminən 200-ə qədər kitablarda öz əksini tapıb. Həmin kitablar qonaqlara, ali məktəb tələbələrinə çatdırılır.
- Olubmu ki, hansısa bölgənin folklor nümunələrini toplayarkən, çətinliklə üzləşəsiniz?
- Təbii olub. Bu iş fədakarlıq tələb edir, gərək folklor fanatı olasan. Müraciət etdiyin insanlar - ağbirçək, ağsaqqal, ustad aşıqların etimadını qazanasan ki, bildiklərini sənə
söyləsinlər. Yəni məşğul olduğun sahəni dərindən bilməli, eyni zamanda sevib, içində
yaşatmalısan ki, tərəf-müqabilin səni zəngin adam kimi görsün. Yadımdadır, 1987-ci ilin yayında elmlər doktorları Bəhlul Abdulla və İsrafil Abbaslı ilə Yardımlı rayonuna getmişdik. Oranın folklor nümunələrini toplayırdıq. Dedilər, Əsədəbad kəndində məşhur ağı deyən bir xanım var, ondan çox orijinal nümunələr ala bilərsiniz. Getdik evinə, məramımızı çatdırdıq, dedi, «ay balam, ortada ölü yoxdur, necə ağı
deyim? Ağı
gərək təbii alına». Eləmədim tənbəllik, xanımdan bir mələfə və mütəkkə istədim. O da elə bildi ki, biz yerimizi rahatlamaq istəyirik. Gedib, mütəkkə, mələfə gətirdi. Mən də uzandım yerə, mələfəni saldım üstümə, dedim, «elə bil mən
ölmüşəm, ağı de». Arvad başladı ağlamağa, ağı deməyə. Yoldaşlarım da tez həmin ağıları lentə yazdılar. Yəni bu cür çətin vəziyyətlərlə rastlaşmışıq, amma çıxış yolu tapmışıq. Bizim işimizdə ən vacib şərt tədqiqatçının, alimin topladığı
materialdan xəbərdar olmasıdır.
«Arif Alışanov hələ
işçiləri tam saf-çürük edib qurtarmayıb»
- 10 ildən çoxdur ki, Az.TV-də
«Sazın-sözün sehrində» proqramını təqdim edirdiniz. Verilişin fəaliyyətini dayandırmasına səbəb nə oldu?
- Hazırda Dövlət Televiziyasında kadr dəyişikliyi aparılır. Hər rəhbərin bir fərdi üslubu, işə yanaşma metodu var. Görünür, telekanalın təzə rəhbəri hələ işçiləri tam saf-çürük edib qurtarmayıb. Düşünürəm ki, gələcəkdə bütün problemlər öz həllini tapacaq.
- Belə
demək olarmı ki, Arif Alışanov aşıq sənətinə ögey münasibət bəsləyir?
- Məsələyə belə yanaşsaq, doğru olmazdı. Dövlət radiosunda vaxtaşırı olaraq aşıq musiqisinə meydan verilir və ayrı-ayrı aşıqlarla bağlı mütəmadi olaraq verilişlər səslənir. Radionun özü də birbaşa A.Alışanova tabedir. Əgər siz deyən kimi olsaydı, onda gərək radionun özündə də aşıq yaradıcılığına məhdudiyyət qoyulardı. Görünür Arif müəllimin bu sahədə gələcək planları var. Mən heç kəsi «malalamaq» istəmirəm. Amma Arif Alışanovu xalqa yaxın adam kimi tanıyıram. İnanmıram, saza, folklora ögey münasibət bəsləsin. Məsələn, bu yaxınlarda A.Alışanov bizim institutun
direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovla görüşüb, folklorun tədqiqi, aşıq sənəti, dastanlarla bağlı söhbət edib. Yəqin ki, bu söhbət gələcəkdə verilişlərdə öz əksini tapacaq.
- Son illər
şou ilə müqayisədə aşıq sənətinə olan münasibət sizi qane edirmi?
- Uzun zamandır ki, aşıq sənətinə ögey münasibət duyulur. Efirdə əsasən
şou təbliğ olunur. Ümumiyyətlə, bir işin təbliği ardıcıl olmayanda, nəticəsi də ürəkaçan olmur. Şounu ardıcıl təbliğ edirlər. Amma aşıq sənətinə eyni münasibət bəsləmirlər. Ayda-ildə bir aşıq efirə çıxır. Təbii ki, bu yolla aşıq sənətini xalqa sevdirmək mümkün deyil. Kütlə həmişə gördüyünü qəbul edir. Uzun illər meyxana efirdə yox idi. İndi onu elə təbliğ edirlər ki, hətta Qərb bölgələrində belə toy məclislərində Bakıdan meyxana ifaçılarını dəvət edirlər. Halbuki, bu bölgələrdə keçirilən toyları həmişə aşıq, muğam ifaçıları aparıb. Dediyim odur ki, hər
şey təbliğatdan asılıdır. Təəssüf ki, saz sənətkarlarından istifadə etmirlər, efirə çıxarmırlar, təbliğ
etmirlər.
«Qabağıma daş da çıxsa, adlayıb keçəcəyəm»
- Qəribədir ki, hətta
ölkə prezidenti
yazıçı, bəstəkar və rəssamların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayarkən də, nədənsə, aşıqları yada salmadı…
- Həmin fərmanda aşıq sənəti ilə bağlı bir cümləyə rast gəlsəydik, yaxşı olardı. Axı tarixən bizim folklorumuzun daşıyıcısı aşıqlar olub.Tariximizi, mədəniyyətimizi dastanlardan
bu günümüzə gətiriblər. Aşıq sənətinə qayğı göstərməyəndə, bu sənət tənəzzülə uğrayacaq, onu xalqa sevdirmək də çox çətin olacaq.
- Sizcə,
günah kimdədir?
- Məncə, aşıq sənətinə ardıcıl qayğının olmaması və əlaqədar təşkilatların biganəliyindədir əsas günahlar, əngəllər.
- İstər akademiyada, istərsə
də Az.TV-də folklorun toplanılması,
tədqiqi və təbliğində danılmaz xidmətləriniz olsa da, heç bir fəxri adınız yoxdur...
- Sizin mənə
zəng vurub, qəzetinizə müsahibəyə dəvət etməyiniz, saymağınız ən böyük fəxri addır! Mən yoxuşdan aşağı buraxılmış maşın kimiyəm, qabağıma daş da çıxsa, adlayıb keçəcəyəm. İndiyədək nə qonorar, nə ad, nə də vəzifə güdmüşəm. Əgər fəxri adım yoxdursa, deməli, bu, mənimlə
çiyin-çiyinə işləyən insanların günahıdır. Onlar mənim adımı yuxarılara təqdim etmirlərsə, onda prezidentdən küsməyə haqqım yoxdur.
- Elxan müəllim,
maraqlıdır, heç özünüz saz çalırsınız?
- 6 yaşından saz çalıram. 1952-ci ildə rəhmətlik atam mənim
üçün saz düzəltmişdi, indiyədək otağımdadır, divardan asmışam. Necə
ki, balıq susuz yaşamır, mən də sazsız yaşaya bilmərəm. Amma efirdə, ustad aşıqların qarşısında saz çalmağa utanmışam.
«Aşıqlar öləndə belə çoxlarını basdırmağa vəsait tapılmır»
- Bu yaxınlarda Aşıqlar Birliyinin sədrlik məsələsi ilə bağlı məhkəmə prosesi yekunlaşdı. Məhkəmənin qərarından razı qaldınız?
- Mən məhkəmədə şahid qismində dindirildim. Bilirsiz, 1981-84-cü illərdə rəhmətlik Hüseyn Arifin sağ əli olmuşam. 1984-cü il martın 19-da Aşıqlar Birliyinin
Qurultayı keçirildi. Sonralar özündən müştəbeh Məcnun Göyçəli özünü sədr, Qaracan Kərimlini isə müavini elan elədi. Guya, rəhmətlik Hüseyn Arif vəsiyyətnamə yazıb, yerinə onu qoyub. Gülünc şeylər danışırdılar. Həmin ərəfədə birlikdə maliyyə pozuntuları oldu, mülkiyyəti dağıdıldı. Zümrüd Əsgərqızı Aşıqlar Birliyinə sədr seçiləndən sonra aşıqları yenidən toplaya, özbaşınalığın qarşısını ala bildi. Aşıqlar Birliyinin
yer məsələsi həll olunandan sonra qurultay çağırılmalı, yeni sədr seçilməlidir. Aşıqlar qocalır gedir, təqaüd almırlar, qayğı görmürlər. Aşıq haradan maliyyələşməlidir? Bu gün Azərbaycanda muğam ifaçılarına qayğı var, onlar fəxri adlarla, təqaüdlə, evlə təmin olunurlar. Aşıqlar nə günahın sahibidirlər ki, ögey münasibət görürlər? Hətta öləndə belə çoxlarını basdırmağa vəsait tapılmır. Bu, təkcə
aşıqlara yox, Qorquddan üzü bəri gələn ilahi sözümüzə, aşıq sənətimizə xəyanətdir.
Gündəlik Azərbaycan.- 2007.- 11
aprel.-S. 14.