Abbasova K.

 

Kiçik məkanda yaşanan böyük hisslər

 

Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev dramaturgiyası dedikdə ilk növbədə lirik-psixoloji pyeslər müəllifi başa düşülür. Yazıçının bu üslubda qələmə aldığı əsərlər milli dramaturgiyamızı mövcud istiqamətdə inkişaf etdirməklə yanaşı onu "orijinal mövzular, bitkin xarakterlər, ictimai-sosial, mənəvi-əxlaqi konfliktlərlə" zənginləşdirib. Yazıçının bu səpkidə olan dramlarından biri də "Sən həmişə mənimləsən" ("Boy çiçəyi") əsəridir. Dramaturgiyamızda lirik-psixoloji üslubun "ilk sanballı, ideya-bədii cəhətdən bitkin" əsəri hesab olunan "Boy çiçəyi" həmçinin milli teatr tariximizdə də həmin üslubun özülüdür. Belə ki, pyes ilk dəfə 1964-cü il oktyabrın 14-də rejissor Tofiq Kazımovun quruluşunda ADDT-nın səhnəsində tamaşaya qoyulub. Əsərin müasir, ideya-fəlsəfi istiqamətdə öz həllini tapmış yeni səhnə variantını isə əməkdar artist Loğman Kərimov işləyib hazırlayıb. Yeni quruluşda işlənilən tamaşanın premyerası 30 mart 2007-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində göstərilib. Yazıçı-dramaturq İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş tamaşanın formasında qeyd etdiyim kimi yenilik və müasirlik duyulurdu. Yəni rejissor pyesin ruhundakı müasirliyi eynilə tamaşada da təkrarlamış və daha irəli gedərək bu müasirliyin zahiri təqdiminə də nail ola bilmişdi. Bu da ilk növbədə aktyorların geyimləri və istifadə olunan mobil telefonlarda özünü göstərirdi. Yenilik həm ideyanın rejissor yozumundan, həm də formanın məkan və hərəkət aspektindən tamaşaya nüfuz edib. Belə ki, kiçik bir səhnədə böyük hisslər və onların aktyor ifasında təzahürü, eyni zamanda ideya dolğunluğunun şahidi olurduq. Həmçinin səhnənin kiçikliyi hərəkət və məkan boşluğunu aradan qaldırır və aktyorların ifa sərbəstliyinə isə əsla mane olmurdu. Rejissor dramaturji materiala münasibətdə toxunulmaz mövqedə dayanmayıb. Pyesdəki bəzi epizod və obrazları çıxarmaqla yeni quruluşda, ideyaca mükəmməl, dramaturq məntiqinin təsdiqi baxımından bitkin bir səhnə əsəri yaradıb. Doğrudur, əgər pyes mükəmməldirsə onda rejissorun tam haqqı var ki, əsərdə ixtisarlar aparmadan və ya dəyişiklik etmədən onu tamaşaya qoysun. Lakin ideyanın aktyor ifası və rejissor yozumunda təsdiqi əsas şərtdir və bunun müqabilində ideyadan doğan ovqat və psixoloji halların aktyor ifasında təzahürü tamaşanın ali məqsədidir. Loğman Kərimov pyesdə olan əsas ideyanı – insanlıq ləyaqəti ilə məhəbbət hissi problemi çərçivəsində mənəvi dəyərlərin saxlanılması və qurusa da ətrini itirməyən boy çiçəyi ilə müqayisədə xeyirxah əməllərin yaddaşlarda əbədi olaraq qalması ideyasını tamaşanın ali məqsədinə çevirib. Nargilənin 46 yaşlı Həsənzadəyə məhəbbət bəsləməsinin əsas səbəbi odur ki, o xeyirxah adamdır və xeyirxahlıq insan mənəviyyatının dəyərli keyfiyyətidir. İnsan qocalsa, zahiri cəhətlərində dəyişikliklər baş versə belə onun xeyirxah əməlləri bəşəriyyətə boy çiçəyi kimi ətir saçacaq. Başqa cür desək, yaşlı bir adamın həyatda fiziki mövqeyi tükənirsə, mənəvi yeri həmişə görünür. Beş nəfərdən ibarət aktyor heyəti ilə yeni səhnədə salon təmasına yaxınlığı da tamaşanın diqqətçəkən cəhətlərindən idi. Çünki dramatik prinsiplər gözlənilən bir səhnə əsərinin tamaşaçılar arasında oynanılması özü də bir məharətdir. Tamaşa lirik-psixoloji janrda idi və aktyorlar onun təqdimində lirik-psixoloji oyun tərzinə riayət edirdilər. Bu baxımdan Elnarə Heydərovanın yaratdığı Nargilə obrazı maraq doğururdu. Məlahətli səs tembrinə malik olan aktrisa Nargilənin bəzən şıltaq və çılğın, bir qədər də qüssəliliyini (əsasən Həsənzadə ilə olan epizodlarda), bəzən isə emosionallığını və qəzəbini (ailəsi ilə birgə olan epizodlarda) öz ifa qarderobuna kifayət qədər daxil edib. Onun sevgisi ülvi sevgidir. Bu məhəbbət xeyirxah bir insanın tənhalıq əzablarına acıyan qəlbin kövrəkliyindən və öz ailəsində özünü də tənha hiss edən Nargilənin müdrik insan qayğısına ehtiyacından irəli gəlir. Və aktrisa öz oyununun əksər ifa elementlərində bu məqamın gözlənilməsinə nail olurdu. Tamaşada uğurlu aktyor ifalarından biri də Vaqif Kərimovun oyunu idi. Aktyor yaratdığı Fərəc obrazının daxili aləminə dərindən nüfuz edərək öz ifasında onun mahiyyətini məharətlə aça bilib. Eyni zamanda obrazın eybəcərliyinin, rəzilliyinin və alçaqlığının realizəsində aktyorun bütün zahiri imkanları da iştirak edirdi. Fərəcə məxsus zəhmli bir mimikanı Vaqif Kərimov sifət cizgilərinə ustalıqla hopdurub. Qurban İsmayılovun yaratdığı Həsənzadə obrazı da maraqla baxılırdı. Onun qəlbində məhəbbət iki formada təzahür edir: kişi və qadın münasibətlərindən yaranan sevgi hissi; insanlıq ləyaqətindən doğan qayğıkeş məhəbbət. Və Həsənzadə bu iki məhəbbətin arasında sıxıntı keçirir. O, Nargiləyə biganə deyil, onu ürəyində sevir. Lakin sonda isə qızı yerində olan Nargilənin gələcək səadətinə mane olmamaq yolunu tutaraq şəhərdən baş götürüb gedir. Bu isə onun insani hisslərindən yaranan qayğıkeş bir məhəbbətdən irəli gəlir. Aktyor obrazın bu keyfiyyətlərini öz ifasını lirizm elementləri ilə zənginləşdirərək yaradıb. Yeni quruluşda Nəzakət obrazının ümumi traktovkasında övlad taleyindən doğan narahatçılıq əhval-ruhiyyəsi hakimdir. Təhminə Hüseynovanın ifasında bu obraz I ərindən olan qızı Nargilə ilə II əri Fərəcin aqressiv və hücumçu münasibətləri arasında sıxılan, daxilən qızının taleyi üçün narahatlıq keçirən, ailə-məişət qanunlarını hisslərdən üstün tutan bir xarakterdir. Bu cəhətlərin təbii realizəsini aktrisa bütün hərəkət və emosiya imkanları ilə yerinə yetirməyə çalışırdı. Tamaşada eyni zamanda geyim və xarakter uyğunlaşmasının müasir formada təzahürü hiss olunurdu. Əvvəla qeyd edim ki, geyim bilavasitə obrazın daxili aləmi və xarakterinin açılmasında bir göstəricidir. Və müasir formada qoyulan tamaşada da təbii ki, hər bir obrazın xarakterinə müvafiq müasir geyim seçilib. Lakin burda bir nüans da var ki, dramaturqun yaratdığı xarakter sabitdir. Yəni obrazın xarakterini yazıçı müəyyənləşdirir. Və onun səhnədə dəyişməz həllini rejissor yerinə yetirir. Burada "geyim və xarakter uyğunlaşmasının müasir formada təzahürü" deyilməsi heç də rejissorun hətta xarakterə də müdaxilə etməsi kimi başa düşülməməlidir. Əslində burada əsas göstərici təsir və istiqamətdir. Və elə söhbət də rejissorun sabit xarakteri dəyişiklik etmədən tamaşanın ümumi fonunda müasir istiqamətə yönəldə bilmək bacarığından gedir. Bu o deməkdir ki, tamaşanın həm daxili, həm də zahiri əlamətlərində olan müasirlik sabit xarakteri dəyişdirmədən öz təsir gücündə saxlayır. Və xarakter bir növ bu təsirdən işıqlanır. Tamaşanın maraqlı və bir qədər də düşündürən cəhətlərindən biri ruhla bağlı epizodlardır. Ümumiyyətlə, bir çox yazıçıların əsərlərində bu cür mücərrəd obrazlar var. Və burada dramaturq onun mövcudluğunu hansısa bir fəlsəfi fikirlə əlaqələndirir. Çox vaxt rejissor belə əsərləri tamaşaya qoyarkən mücərrəd obrazları əksər hallarda paltarda təfsirləndirir. "Boy çiçəyi" pyesindəki ruh obrazı Həsənzadənin dünyadan köçmüş arvadı Xurşid xanımın ruhudur. (Xurşid xanımın ruhu – Zəhra Baxşəliyeva) Əslində bu obraz dramaturqun qayəsində Həsənzadənin daxili aləmi ilə apardığı dialoqun sanki qarşı tərəfi, digər bir səs, və yaxud da təzadlı mövqelər və ikili fikirlərdən biridir. Və belə bir mücərrəd obrazın səhnə təfsirində simalandırılması məişət dramı üçün bir qədər qeyri-adi, bəlkə də məntiqsiz görünə bilər. Lakin rejissor dramı tamaşaya hazırlayarkən onu məişət elementlərindən bir qədər təmizləmiş və ümumi məzmunu fəlsəfi-psixoloji istiqamətə yönəldərək ruhla bağlı epizodları da oraya daxil edib. Deməli, Loğman Kərimovun yozumunda pyes əsasən məişət dramı kimi yox, əsas ideyanın saxlanılması şərtilə, insan hisslərinin fəlsəfi və psixoloji təqdimi kimi səhnə təfsirini tapıb. Rejissor tamaşadakı hadisələrin gedişində yalnız bir məkanla kifayətlənib. Yəni onun yozumunda məkan fəaliyyətin gerçəkləşdiyi yeri dəqiqləşdirmir. Hadisələrin emosional atmosferini və dramın ideyasını açıqlamaq məqsədi güdür. Tərtibat dörd obrazın mövqeyini müəyyənləşdirən dörd stuldan ibarətdir. Yeganə mövqeyi olmayan obraz ruhdur. Çünki o, artıq cəmiyyətin üzvü deyil. Tamaşa üçün seçilmiş musiqi də psixoloji ovqat və yaşantıların əsaslandırılmasında iştirak etməklə, həm də ümumi ruhun lirik və həssas notlarını özündə cəmləşdirib. Sonda onu da qeyd edim ki, maraqlı rejissor tapıntıları, canlı aktyor ifaları, ideya-fəlsəfi və bədii dəyəri ilə tamaşaçıların rəğbətini qazanmış "Boy çiçəyi" tamaşası İrəvan teatrının uğuru hesab oluna bilən və teatrın repertuar planında öz orijinal dəsti-xətti ilə seçilən bir sənət əsəridir. Rejissor Loğman Kərimovun bu nailiyyəti dəyərləndirilir və ona yeni yaradıcılıq fəaliyyətində daha maraqlı tapıntılarla teatrsevərləri düşündürməyi və təəccübləndirməyi arzulayırıq.
   

525-ci qəzet.-2007.-13 aprel.-S.7.